\
17 Sentyabr 2019 - Çərşənbə axşamı

"Kəramət Böyükçöl və ya atamın Kərişi"

"Kəramət Böyükçöl və ya atamın Kərişi"
1459baxış
Biz uşaq olanda elə bilirdik dünyada ən güclü oğlan Kəramətdir. Bürus Le - yə oxşayan bu qarayanız oğlan kəndə gələndə ürəkli olurduq. Məhlənin hətta kəndin uşaqlarına qan udururduq. Bir  neçə gün sonra Bürus Le - mizin Bakıya qayıdacağı həmişə yadımızdan çıxırdı...
 
Həmin uşaqlar sonra bizi o qədər döyürdü ki, Bürus Le - mizdən  zəhləmiz gedirdi.
 
     Problem bilirsiz nə idi? Biz Kəramətə güvənirdik Kəramət isə özünə...
 
...Indiki zamanda ədəbi mühitdə, ictimai dairədə özünə cığır açmaq, iz buraxmaq hər hər adamın gücü çatan iş deyil.
 Həmişə Kəramətə güvənmişəm, inanmışam. O, hansısa tarixə qovuşmuş bir şəxsiyyətin haqqında fikir söyləyəndə, içimdə belə bir hiss yaranıb ki, xalqın yaddaşını silkələyib həmin şəxsiyyəti bir daha xatırladır.
 
"Ağıllı insan odur ki, düşdüyü çətin vəziyyətdən çıxa bilir, müdrik insan odur ki, çətin vəziyyətə düşmür"
 
 Kəramət, müdrik deyil, amma ağıllıdır, istedadlıdır. Onu da deyim ki, əziz gənclər, siz bu adamın yolunu getməyin, sizin üçün çətin olacaq. Batacaqsız... O, öz yolunu müəyyən edə bilir. Və hərdən mənə elə gəlir ki, Kəramət ayaqqabısının bir tayını tərsinə geyinir, bilmək olmur qabağa gedir yoxsa dala... 
 
Nə isə...
 
Atam ona Kəriş deyir. Bir dəfə qonşunun  oğlu, məni Kəramətin yanında döydü. Elə bildim ki, Bürus Le onu döyəcək. Mənim Bürusum onu döymədi, heç səsi də çıxmadı. Yandım töküldüm. Qonşunun oğlu vururdu  mən bağırırdım . Elə bağırırdım ki, Bürusun olan qalan nitqi də batırdı . O, susduqca mən hirsimdən lap möhkəm bağırırdım. Allah haqqı, heç o şillə-təpik məni elə də çox incitmirdi nəyin ki, Bürusun susqunluğu... 
      Evə gələndə atama dedim ki, Kəramətin yanında məni döydülər o isə durub baxdı. Bir şillə də atam vurdu mənə.
- Axmağın biri axmaq, Kəriş bilmir neyləyir?
İndi, əzizlərim, Kəramət neylədiyini bilir, o, istedadına güvənib. Bəs siz nəyinizə?
Onun yolu ilə getməyin, ona baxın öz yolunuzla gedin...
 
Nicat Qərib