\
20 Aprel 2024 - Şənbə

Adında “Can” olan Azərbaycanımız üçün birləşib güclü olduq! - VİDEO

Adında “Can” olan Azərbaycanımız üçün birləşib güclü olduq! - VİDEO
9667baxış

Müasir dünyanın təşvişinə səbəb olan qlobal problem – koronavirus...

Qəfil başımızın üstünü qara buludlar tək aldı və hər bir təbəqədə olan insanlara eyni sırada olduqlarını anlatdı. Başa düşən düşdü- birliyə qoşuldu, düşməyən sabahı diri açmaq üçün günlərini saymaqla kifayətləndi...

Gəlin ilk öncə gözəl xalqımızdan başlayaq. Biz nələr etdik?

Ölkə rəhbəri cənab İlham Əliyevin göstərişinə əsasən, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı. Və beləcə, vəziyyət nəzarət altına alındı. Sərhədlər, eləcə də bütün tədris ocaqları, iş yerləri, bəzi dövlət qurumları, müəyyən vaxtadək bağlandı. Karantin rejimi tətbiq olundu.

Tədbirləri davam etdirmək üçün polis sıralarına FHN və DSX hərbçiləri də qoşuldu. Əhalinin sıx toplaşdığı ərazilərə giriş tamamilə məhdudlaşdırıldı. Eyni zamanda, polis əməkdaşları tərəfindən şəhərin giriş-çıxış hissələrində və bəzi yerlərində nəzarət-buraxılış məntəqələri yaradıldı, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli avtomobillərin və yük maşınlarının hərəkəti istisna olmaqla nəqliyyatın hərəkəti tam məhdudlaşdırıldı.
“ASAN xidmət”in tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyi ilə birgə “Evdə qal”maq üçün icazəli sistem ərsəyə gəldi. Əhali bu sistemə daxil olmaqla gedib-gəldikləri ünvan barədə məlumat verməklə çölə çıxa bildilər. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və ianə toplandı.
Ən başlıcası! Gözəl xalqımın özünəməxsusluğu! Bu çətin günlərdə bir-birinə yardımı. İşsiz qalanlara, imkanı zəif olanlara əl yetirmək, harayına gəlmək! Bu dönəmdə əhaliyə məhz bu lazım idi!


Çoxunun yatmış vicdanı oyandı. Yardımlaşma dəyəri ən müqəddəs dəyərimiz oldu. Həyəcan təbili çalmağa başlayan ilk günlərdə xalqımız misilsiz bir həmrəylik nümayiş etdirdi. Evi olan qapısını açdı, yeməyi olan süfrəsini paylaşdı. Hər kəs üstünə düşəni etməyə, vətəndaş olmanın, xalqın bir fərdi kimi vəzifə borcunu yerinə yetirməyə çalışdı.
“Biz birlikdə güclüyük!” şüarı millətimizi yumruq olmağa cəlb etdi. ““Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk”, - deyə xalqa səslənən ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyevin ətrafında birləşdi.
Daima ölkə vətəndaşlarının sosial rifahı üçün çalışan İlham Əliyev bir daha sübuta yetirdi ki, xalqın sağlamlığı hər şeydən önəmlidir. Onun pandemiya ərəfəsində düzgün siyasətinin prioriteti bir tərəfdən vətəndaş amillərini, digər tərəfdən xarici ölkələrdə Azərbaycan adını bir daha ucaltdı.
Dünyada koronavirusla mübarizə getdiyi bir vaxtda Prezident Əliyevin zamanında verdiyi müdrik və mühüm qərarlar, qabaqlayıcı tədbirlər nəticəsində çox az tələfatla keçidi adlaya bildik. “Gərək hər birimizin nəbzi Vətənin nəbzi ilə birgə vursun”, - deyən İlham Əliyevin vicdanı yatmış insanları bir daha vətənpərvərliyə, xeyirxahlığa, birliyə, bərabərliyə səslədi.


Doğrudur, fürsət düşkünləri olan bəzi məmurlar hər zaman olduğu kimi yenə də “qazanmaq” istədilər. Amma bu, alınmadı... Yenə də mənfur əməllərindən əl çəkməyən, xalqın malına, prezidentin fondundan imkansız ailələr üçün nəzərdə tutulmuş yardımlara göz dikən vicdansız məmurlar həbs olundular...
Karantin ərəfəsində Birinci vitse-prezident Mehriban Əliyevanın da zəhməti danılmaz oldu. Onun, “Böyükləri qoruyun” çağırışı ailəyə qoyulan dəyərin, məhəbbətin tərənnümü oldu. Həmçinin, ön cəbhədə olan əsgərlərimizə özlərini qorumaq üçün verdiyi məsləhətlər vətənə olan sevgisinin, bilavasitə göstəricisi idi. Mehriban xanım çağırışı ilə xalqına dəstək, elinə-obasına arxa, millətinə ana, böyüklərinə qoruyucu mələk olduğunu sübuta yetirdi. Bir daha əmin olduq ki, qayğıkeş ana, fitri istedada malik olan, möhkəm iradəli, dərin zəkalı, adını tariximizin ayrı-ayrı səhifələrinə yazdıra bilən qadın məhz Azərbaycan qadınıdır!

... Bizim birliyimiz düşmənə də dağ oldu. Azərbaycanı zirvədən-zirvəyə aparan birliyimizi, vətənə olan sədaqətimizi, məhəbbətimizi, qardaşlığımızı, bu xalq üçün həyatını heçə sayanları görüb, sadəcə susdular... Ağır dönəmdə yenə ölkə rəhbərimizin yanında olduğumuzu görüb susdular...
Ən əsası, İlham Əliyevin sayəsində açılan əl yox, sıxılan yumruq olduğumuzu görüb susdular...

Biz sübut etdik ki, adında “Can” olan Azərbaycanımız üçün birləşib güclü olduq!

Bax belə... Bəşəriyyətin ən ali dəyəri elə sadəcə olaraq insanlıqdır! Azərbaycana məxsus olan insanlıq timsalında...
 

Könül Aypara