\
28 Mart 2024 - Cümə axşamı

"Dünyanı əxlaqsızlardan hifz etməliyik" - Aynur Camalqızı...

"Dünyanı əxlaqsızlardan hifz etməliyik" - Aynur Camalqızı...
5235baxış

Mediada belə başlıqlara tez-tez (təəssüf ki!) rast gəlinir: ”Ata qızına təcavüz etdi”, “Qardaş bacısı ilə...”, “Əmi qardaşı qızı ilə...”

Dəhşətli informasiyalardır. Təkcə daşıdığı məna yükünə, mahiyyətinə görə yox. Hər mənada! Ona görə də normal, peşəkar KİV bu informasiyalardan məsafəli dayanmaq gücünü özündə tapmalıdır. Nə qədər İP, tiraj itirsə belə. Çünki bu informasiyalar toplumun təhtəlşüuru, təfəkkürü üçün həddən ziyadə qorxunc və təhlükəlidir. İlk baxışda yalnız xəbər təəssüratı yarada bilər. Oxuyuruq, təbii ki, bəyənmirik, ani əsəbiləşirik, narahatlıq keçiririk...

Yox. Təəssüf ki, yalnız bu deyil. Bu xəbərlərin ən təhlükəli tərəfi odur ki, təhtəlşüura belə bir halın mövcudluğu, mümkünlüyü haqda informasiya ötürür, tədricən təfəkkürlərdə bu dəhşəti adiləşdirir və dəyərlər, inanclar sistemimizi, insanlığın mahiyyətini, varlığımızı, toxunulmazlarımızı darmadağın edir.

Dəhşətli olan budur.

Cəmiyyətlərin bu təhlükəyə immuniteti nə qədərdir? Əminliklə verə biləcəyimiz cavab varmı?

Demək ki, təhlükəli informasiyalardan qorunmaq, beyinləri, altşüurları mühafizə etmək yollarını düşünmək lazım gəlir. Bəyənmədiyimiz sovet dönəmində bu cür xəbərlərin gizlədilməsi, ört-basdır edilməsi yalnız ideoloji məsələ deyildi, həm də toplumu qorumaq zərurəti idi.

Aydındır, indi yaşadığımız əsrdə informasiya təhlükəsizliyini o şəkildə bərqərar etmək mümkün deyil. Klassik və yeni media tutaq ki, yüksək peşəkarlıq nümayiş etdirərək bu zərərli informasiyaların önünü qismən və ya tamamilə kəsə bilər. Bəs sosial şəbəkələr? Orada hamıdan və hər kəsdən ayıq-sayıqlıq, mənəviyyata sadiqlik gözləmək, tələb etmək faktiki olaraq imkansızdır axı.

Sosial şəbəkələrdə “trend”ə çevrilən söyüş və təhqir kampaniyaları da eyni qəbildən təhlükə saçır cəmiyyətimiz üçün. Söhbət yenə də bir fərdin və ya fərdlərin haqlı-haqsız təhqirlərə, əxlaqsız hücumlara məruz qalmasından getmir. Məsələnin dəhşətli olan tərəfi odur ki, dəyərlər sistemimiz məhv edilir. Bir insanın gözünün içinə baxa-baxa normal əxlaqa zidd ifadələr işlətməyin nə qədər çətin olduğunu təsəvvür edirsinizmi? Təsəvvür edə bilirsinizmi on minlərlə insanın iştirak etdiyi bir mitinqdə kimsə mikrofonu əlinə alaraq yüksək səslə söyüş söysün, normal tərbiyə görmüş insanın ağlına gəlməyən və heç vaxt eşitmədiyi ağır ifadələr işlətsin?

Qəbuledilməzdir, hətta mümkünsüzdür, elə deyil?!

Normal əxlaq, normal mənəviyyat, əsrlərin, minilliklərin daşlaşdırıb təhtəlşüurumuza ilmə-ilmə hördüyü dəyərlər külliyyatı diktə edir ki, bəli, mümkün deyil, ola bilməz, olmamalıdır, baş verməməlidir. İnsanı insan edən o dəyərlər külliyatıdır, təfəkkürümüzdəki, zehnimizdəki daş kitabələrdir, xalqın minillərlə qazandığı və bizim qan yaddaşımıza köçürdüyü mənəviyyat toplusudur. Başqa canlılardan bizi fərqləndirən də odur, beynimizdəki, qəlbimizdəki, ruhumuzdakı o bilgilərdir.

Son yazımda da əslində bunu demək istəmişdim. Anlatmağa çalışmışdım ki, insanı İnsan edən o münasibətdir, o görgüdür, genetik kodlarla bizə ötürülmüş o informasiyalardır. O informasiyalar əsasında formalaşmış dəyərlər sistemi Qadına, Anaya münasibəti oluşdurur.

Ən azı iki min ildir Dədə “Ana haqqı Tanrı haqqıdır”, ən azı 1400 ildir Peyğəmbər “Cənnət anaların ayaqları altındadır” sözlərini insanlığın, müsəlmanların və nəhayət, türklərin beyinlərinə həkk edib: bu ruhu daşımağımız üçün ismarış qoyub.

Çatdırmaq istəmişdim ki, Vətən Anadan başlayır, Anada da bitir: bir Millətin toplu halda Qadını, Qızı onun şərəfi, qüruru, namusudur. Vətənə, Millətə sevgi bu ölkənin Analarına sayğıdan keçir. Çünki bizi bu dünyaya gətirən, bizi qoruyub-saxlayan Ana – Vətəndir!

Biz bu məmləkəti, bu dövləti sevərək qurduq: Bu Vətən üçün qardaşlarımız, atalarımız canlarından keçdi və keçir!

Biz Qarabağı da öz sevgimizlə qaytaracağıq və nə qədər ki Ana Torpağa, Ana Yurda, Ana Vətənə və bütövlükdə ANA-ya sevgimiz var, Qarabağ hər zaman bizim olacaq, ermənilər orda məskunlaşa bilməyəcək, yaşaya bilməyəcək, onlar Ana Torpağımızda nəsil artıra bilməyəcək!

Torpağımızın müvəqqəti işğalı torpaq itkisi demək deyil: yaddaşın işğalı, əxlaqın işğalı, dəyərlərin işğalı və Anaların işğalı isə Vətəni itirməkdir.

Biz ilk növbədə yaddaşımızı, əxlaqımızı, Anamızı işğaldan qorumalıyıq, o dəyərləri məhv olmağa qoymamalıyıq.

Dünyanı əxlaqsızlardan hifz etməliyik.

Əxlaqsızların isə milləti olmur və millətlər bu millətsiz məxluqlara qarşı birləşməlidir...