\
19 Mart 2024 - Çərşənbə axşamı

Paşinyan yenə də aciz durumda qaldı...

Paşinyan yenə də aciz durumda qaldı...
5775baxış

“İşğalçı Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə beynəlxalq platformada Azərbaycan Prezidenti qarşısında acınacaqlı duruma düşdü. Paşinyanın məntiqsiz nitqi, dövlət başçımızın təqdim etdiyi tutarlı faktlara qarşılıq tapa bilməməsi və bu səbəbdən dolaşıq cavabları dünya ictimaiyyətinin gülüş hədəfinə çevrildi". 

Bunu Aqil Acalov ölkə başçısı İlham Əliyev və Nikol Paşinyan arasında məlum son videokonfrans haqqında fikirlərini bildirərkən deyib. A.Acalov bildirib ki, Azərbaycan Prezidentinin iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Ermənistan baş naziri həmişə çarəsiz durumda qalıb:

"Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransından öncə Münhendə keçirilən konfransda Azərbaycan Prezidentinin məntiqli arqumentləri qarşısında diz çökən Paşinyan gülüş hədəfinə çevrildi, dünya erməniləri ağılsız bir baş nazirin Ermənistana rəhbərlik etməsinə təəssüf etdilər. Hər belə beynəlxalq tədbirdə nokauta düşən Paşinyan nəinki Ermənistanda, bütün dünyada rəzil olur, ermənilərin ona olan etimad və inamı azalır. Çünki o, heç vaxt erməniləri layiqincə təmsil etməyib, həmişə onlara utanc gətirib".

A.Acalov son zamanlar Ermənistanda baş verən hadisələrə, müxalifətin hökumətə qarşı etirazına, insan haqlarının pozulmasına, müxalifət liderlərinin həbsinə, aksiyaların dağılmasına toxunaraq qeyd edib ki, Paşinyan bu konfransda bütün bunların üstünü ört-basdır etməyə çalışsa da, alınmadı. Yenə də Azərbaycan Prezidenti İlham Əliyevin gətirdiyi arqumentlər qarşısında aciz durumda qalan Paşinyanın gah erməni, gah da ingilis dilində danışaraq düşdüyü acınacaqlı durumdan çıxmaq cəhdləri tədbir içtirakçılarının diqqətindən yayınmadı.

A.Acalovun sözlərinə görə, Paşinyanın Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı işinə toxunaraq qərarın mahiyyətini saxtalaşdırması və ümumiyyətlə dünyaya bəlli olan dəhşətli soyqırımların altında imzası olan bir ölkənin baş naziri olaraq mövzuya bu tərz yanaşması həyasızlığın daha bir göstəricisi idi. İllərlə Azərbaycana qarşı işğalçılıq və soyqırım siyasəti həyata keçirən bir ölkənin baş nazirinin çıxışı mahiyyət olaraq ancaq və ancaq Azərbaycana şər, böhtan atmaq, ölkəmizin nüfuzuna xələl gətirməkdir. Amma heç zaman bu istək nə ona, nə də Ermənistanın əvvəlki rəhbərlərinə nəsib olmayıb. Çünki, Azərbaycan Prezidenti səlis danışığı və yüksək siyasi intellekti ilə işğalçı Ermənistan rəhbərlərinin yalanlarını tutarlı şəkildə, layiqincə ifşa edib. Beynəlxalq ictimaiyyət də bunu qəbul edib. Paşinyanın bu konfransda bir daha aciz durumda qalması onu deməyə əsas verir ki, o, hakimiyyətə küçədən gəlib.