\
19 Mart 2024 - Çərşənbə axşamı

Ceyran Haşımovanın içində saxladığı 40 ilin kini... - "Tələbələrimin ən qədirbilməzi də Nəzakət Məmmədova oldu!"

Ceyran Haşımovanın içində saxladığı 40 ilin kini... - "Tələbələrimin ən qədirbilməzi də Nəzakət Məmmədova oldu!"
16483baxış

Bir rəvayətə görə Rəsulullaha (s) “İnsanların ən üstünü kimdir?”-deyə soruşdular. Peyğəmbərimiz (s): “Qəlbi məmnun, doğru sözlü olan hər kəs” deyə cavab verdi. Əshabələr: “Doğru sözlülüyün nə mənaya gəldiyini bilirik amma “məhmu-l-qəlb nə deməkdir? - deyə soruşdular.

Peyğəmbərimiz (s) belə buyurdu: “Bu Allahdan qorxan tərtəmiz bir qəlbdir, (elə bir qəlb ki,) içində heç bir günah, zülm, kin və həsəd yoxdur.”

... Yazını bu rəvayətlə başlamağım səbəbsiz deyil. Ötən gün telekanalların birində yayımlanan  “Səhər-səhər” verilişi Əməkdar artist, mərhum müğənni Nəzakət Məmmədovaya həsr olunmuşdu.  Qonaqların arasında  Xalq artisti, tarzən xanım, "Lalə" Qızlar ansamblının yaradıcısı Ceyran Haşımova da var idi.

Əvvəla onu da deyim ki, Ceyran xanımla Nəzakət Məmmədova arasında olan problemi cəmi Azərbaycan bilir. Ceyran xanım mərhum sənətkar barədə neqativ sözləri hər fürsətcə də dilə gətirib, gətirir, belə getsə yenə gətirəcək.

Bu dəfə də belə oldu. Hörmətli Ceyran xanım 40 ilin kinini yenə boğa bilmədi: “Mən o zamanlar “Lalə” qızlar ansamblı üçün yeni sima axtarırdım. Tələbələrimin tövsiyyəsi ilə Nəzakət Məmmədovanın səsinə qulaq asdım, xarici görünüşü xoşuma gəlməsə də, səsini bəyəndim və onu ansamblımda çalışmağa götürdüm. O zamanlar Asəf Zeynallı adına musiqi kollecinin 1-ci kurs tələbəsi idi. Mən Nəzakətə sərf etdiyim əməyi heç bir müğənni üçün etməmişəm. Elə tələbələrimin ən qədirbilməzi də Nəzakət Məmmədova oldu. Məşhurlaşdıqdan sonra onu Azərbaycan radiosunda verilişə dəvət etdilər. Bir saatlıq proqram onun yaradıcılığına həsr olunmuşdu. Bu zaman ərzində o, bir dəfə də olsa nə mənim, nə də ansamblın adını çəkmədi. İnanın, bu mənə çox pis təsir etdi. Səhər məşqə gələndə, mən onu işdən çıxardım. Ana öz doğma övladının nankorluğunu gördükdə necə məyus olursa, mən də o hissləri keçirdim, neçə gecə yata bilmədim. Məni onun haqqında verilişlərə dəvət etdikdə belə iştirak etmək istəmirəm. Sonradan məni görəndə heç salam vermək istəmirdi. Ondan qəlbim elə sınmışdı, vəfat edəndə belə mən onun məclisində iştirak etmədim”

Ceyran xanım Haşımova musiqi mədəniyyətimizdə yeri olan bir sənətkardır. Özünün də dediyi kimi, neçə-neçə müğənni yetişdirib. Ondan mərhum bir insan, sənət adamı barədə belə fikirləri eşitmək üzücüdür. Axı Nəzakət Məmmədova nə bu gün, nə dünən, 40  il öncə- 1980-ci il oktyabrın 21-də vəfat edib. Bu sözləri deyən zaman mən Ceyran xanıma təəssüf etdim,ən azından Nəzakət xanım iki-üç əvvəl ölməyib Nəzakət xanım tam 40 il öncə vəfat edib. Ola bilər Nəzakət xanım hansısa bir məsələdə, konkret Ceyran xanıma münasibətdə səhvə yol verib, yanlış davranıb. Amma bunu hər dəfə dilə gətirmək, həyatdan köçmüş xanım müğənnini ittiham etmək nə dərəcədə doğrudur? Uzun illər ərzində Ceyran xanımın heç bir səhv hərəkəti olmayıb? 

Yazının əvvəlində qeyd etdiyim kimi, Ceyran xanım mərhum Nəzakət Məmmədovadan incidiyini hər dəfə deyir. Maraqlıdır, əgər mərhum sənətçidən inciksənə onun xatirəsinə həsr edilən proqrama qatılmağa niyə razılıq verirsiniz? Həyatdan faciəli şəkildə köçmüş bir sənət adamının ruhunu incitmək sizə xoş gəlir? Vəfat etmiş birinin arxasınca  danışmaq nə dərəcədə doğrudur? Bu cür xoş olmayan söhbətlər, kin saxlamaq insanın öünə də, sənətinə də başucalığı gətirmir məncə.

Sonda hörmətli Ceyran xanıma uzun ömür, cansağlığı arzulayıram.

Turan ETİBAROĞLU