\
19 Mart 2024 - Çərşənbə axşamı

Olmayan mövsümün sonu... - Xəyalə Rəis yazır...

Olmayan mövsümün sonu... - Xəyalə Rəis yazır...
19497baxış

147-ci teatr mövsümünü, axır ki, yola saldıq. 147-ci mövsümü Azərbaycan teatr tarixində yaradıcılıq baxımından qeyri-məhsuldar il hesab etmək mümkündür. Yaradıcılıq baxımından qeyri-məhsuldar deyirəm, amma qalmaqallı, atmacalı, Xalq artistlərinin intriqaları, Teatr Xadimləri İttifaqının seçki konfransı ilə bağlı yaşanan hadisələr, aktyorların uzun müddətdir "maaşımız azdır, teatrda pul yoxdur" dedikləri halda,

Xalq artistinin cəsarəti sayəsində ölkə rəhbərinin Sərəncamı ilə teatr işçilərinin əməkhaqlarının yüksəldilməsi, Mədəniyyət Nazirliyində yaşanan olaylarla yadda qalan dinamik bir mövsümü geridə qoyduq. Qalmaqalı, söz-söhbəti dinləmək, müzakirələrdə iştirak etmək maraqlı idi, di gəl ki, səhnədə mövsüm üçün hadisə ola biləcək heç sənət hadisəsi ilə qarşılaşmadıq. Sənət yox, qalmaqal, ucuz söz-söhbətlər dolu bir mövsüm yaşadıq. Olsun, təki şou yazarlarımızın canı sağ olsun. Bol materiallı, əyləncəli, şou dolu bir mövsüm kimi xatırlamağa çalışsaq da, mövsümün ikinci rübündə qapımızı çağırılmamış bir qonaq döydü - koronovirus. Səhnələri boşaldıb, teatrların yaradıcı heyətini evdə qalmağa məcbur edən bu virus, əslində, bizim üçün bir çox mətləbləri aşkarladı. Göstərdi ki, əslində, bir çox yerdə yanlışlarımız var, göstərdi ki, hansı teatrlarımız, hansı aktyorlarımız nəyə qadirdir. Bu dəfə səhnədən məhrum olan aktyorlar sosial şəbəkələri səhnə hesab edib, məharətlərini göstərməyə çalışdılar. Çox heyif ki, bu “məharətlə” özlərini bir az da gözdən saldılar. Unutdular ki, sosial şəbəkə səhnə deyil, sosial şəbəkə istifadəçiləri də zalda əyləşən qohum-əqrəbaları.

Səhnədə necə aktyor olmağından başqa, əsas həyatda insan və fərd olmağındır. Çünki yaxşı sənətkar olmanın yolu, ilk olaraq, şəxsiyyət olmaqdan keçir. Deyəsən, sənətkar və şəxsiyyət mövzusunda çox irəli gedib, bir balaca mövzudan yayındım. Xasiyyətimdir, ucundan tutub ucuzluğa qədər gedirəm. Onu deyirdim axı, nəhayət, mövsüm sonuna yaxınlaşdıq. Açığı, yeni mövsümə başlayanda gözləntilərimiz çox idi. Belə ki, teatrımızın 147-ci mövsümünü yubileylər mövsümü də adlandıraraq, bayramın bayrama qarışacağını gözləyirdik. Artıq geridə qalan mövsüm ərzində Akademik Milli Dram Teatrının 100, Akademik Musiqili Teatrın 110, Azərbaycan Dövlət Yuğ Teatrının 30, Şəki Dövlət Dram Teatrının 140 illik yubileyləri qeyd olunsa da, nə o təntənə, nə də bayram sevincini görə bildik. Yubiley bir bayramdır, bu bayramlar isə rəsmi, quru şəkildə keçirildi. Teatrlara dövlət yardımları ayrılsa da, gözlədiklərimizi ala bilmədik. Hərilki kimi köhnə hamam, köhnə tası ilə teatrlar bu mövsümü də yola verdilər. Yolaverdi premyeralar, yolaverdi layihələr və sair... Bircə bu pandemiyanı yola verə bilmədilər. Çünki bu pandemiya onların nəyə qadir olduqlarını göstərdi. Teatr ölmədiyini sübut etmək üçün onlayn rejimə keçdi. Bu da özünü doğrultmadı. Birtəhər günləri yola verə-verə aktyorlara ev tapşırığı verildi ki, bu pandemiya dövründə şeirdən, yanıltmacdan deyib evdə qalan insanların başını qatın. Onlar da bir gözü kitabda, bir gözü kamerada hıqqına-hıqqına şeirlər deyərək, gəlib çatdılar mövsümün sonuna. Mövsümün sonu deməyə də adamın dili gəlmir. Ay başınıza dönüm, indi mövsüm bağlamağa məgər ehtiyac var? Mövsüm oldu ki, sonu da olsun? Nəyə baxdıq ki, indi də nəyi bağlayırıq? Məgər virtual tamaşaları da bağlamaq olar? Baxırdıq da gül kimi arxivdə qalan, uzaqdan telefonla çəkilən, təsviri görünən, səsi gəlməyən tamaşalara. Bəs bizi bundan niyə məhrum edirsiniz? İndi o tamaşalarsız biz neyləyəcəyik? Kim necə düşünür- düşünsün, virtual fəaliyyətin mövsüm sonu anlayışını qəbul etmirəm. 10 il bundan qabaq hazırlanan tamaşaları virtual tamaşaçılara izlətdirməyə çalışan teatrların mövsümün bağlanışını keçirmələri də absurddur.

Lakin virtualda da olsa, şeir deyib oynamaqla da olsa, mövsümü başa vurduqmu, əsas məsələ budur. Mövsüm bağlandı. Di gedin, istirahət edin.

Bəs görəsən, teatrlar hansı tamaşalarla mövsümü bağladılar?

Akademik Milli Dram Teatrı mövsümü, ənənəyə sadiq qalaraq, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan "Qarabağnamə" tamaşası ilə bağladı. Belə ki, Akademik Teatr iyulun 15-də saat 19:00-da onlayn şəkildə nümayiş olunan səhnə əsəri ilə tamaşaçılarıyla sağollaşdı.

Akademik Opera və Balet Teatrı mövsümü onlayn formatda iyunun 28-də yayımlanan  “Məzhəkəçilər” (R.Leonkavallo) adlı ikipərdəli opera ilə bağladı.

Akademik Musiqili Teatr da mövsümünü iyulun 15-də bitirdi. Tamaşaçılar üçün maraqlı layihələrini davam etdirən yaradıcı heyət “You Tube” kanalı vasitəsilə  “Qrim otağı” adlı verilişin üçüncü buraxılışını da təqdim etdi.

Məlumat üçün bildirək ki, bu layihə teatrın yeni yaradılan studiyasında hazırlanır və bundan sonra da maraqlı buraxılışları ilə tamaşaçıların zövqünü oxşayacaq. Layihənin rəhbəri və rejissoru Samir Qulamov, operator və montajçı Hikmət Şahverdizadədir.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı 28 iyun tarixində M.Lermontovun əsəri əsasında hazırlanmış “Maskarad” tamaşasının virtual nümayişi ilə tamaşaçıları ilə yeni mövsümədək sağollaşıb.

Dövlət Gənc Tamaşaçılar Teatrı isə  mövsümü  iyulun 10-da “Buzovna kəndinin əhvalatları” (Elçin) tamaşasının nümayişi ilə bitirdi.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 88-ci teatr mövsümünə iyulun 12-də nümayiş olunan “Qızıl balıq” (A.S.Puşkin) tamaşası ilə yekun vurdu.

Yuğ Dövlət Teatrının virtual repertuarda son nümayişi iyunun 27-də təqdim olunan “Naməlum Axundzadə” tamaşası oldu.

Dövlət Pantomima Teatrının, əsasən, arxiv tamaşalarından ibarət virtual repertuarında sonuncu tamaşa iyunun 28-də nümayiş olunan “Eşq”  (B.Xanızadə) tamaşası olub.

Bakı Uşaq və Gənclər Teatrı ənənəsinə sadiq qalıb. Hər il olduğu kimi, bu il də teatr mövsümünü iki tamaşanın (böyüklər və uşaqlar üçün) nümayişi (bu dəfə sosial şəbəkə vasitəsi ilə) ilə başa vurub. 18-ci mövsümün yekunu balacalar üçün 9 iyulda (saat 12:00) “Ağıllı tülkü”, böyüklər üçün isə 10 iyulda (saat 19:00) “Sevgi şimşəyi” tamaşası ilə olub.

Şuşa Dövlət Musiqili Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı da iyunun sonundan virtual səhnədə tamaşaçılardan ayrılıblar.

Sumqayıt Dövlət Dram Teatrı isə mövsümünü iyulun 12-də “Gəlin açıq danışaq” tamaşası ilə (Ş.Qəribli)  bağlayıb. Tamaşaçılar pandemiya dönəmində teatrın sosial şəbəkə hesablarında “Varlı ev”, “Dünyaxanım ev axtarır”, “Ağa Məhəmməd şah Qacar”, “Dəmir qadın”, “Qocaların məhəbbəti” kimi tamaşalara baxa biliblər.

Açığı, mövsümü Şuşa Dövlət Musiqili Dram Teatrında açdıqda sevincliydik. Çünki artıq məcburi köçkün teatrının da əsaslı təmirdən çıxmış yeni binasının olmasından xoşbəxt idik. Nə yalan deyim, teatrın açılışının məhz burada başlamasının düşərli olacağını düşünsək də, biz saydığımızı sayaq, görək, fələk nə sayır. 147-ci teatr mövsümü haqqında danışanda Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illik yubileyi ərəfəsində  Prezident İlham Əliyevin sərəncamı ilə keçirilən yubiley tədbiri daha çox xatirimdə qaldı. Teatrın 21 əməkdaşı orden, medal və fəxri adlar, “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə təltif olundu. Teatra dövlət tərəfindən maliyyə yardımı ayrıldı. Bunun özü teatr üçün böyük dəstək idi. Bundan başqa teatrlara nə olunmalıdır ki, deyə, düşünməyə bilmirsən.

Bu il 30 yaşını qeyd edən Yuğ Dövlət Teatrı, demək olar ki, son illərdə ən məhsuldar mövsümünü yaşadı. Teatrda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanan “Mənəm, mən” tamaşasının böyük maraqla qarşılanması, tamaşada rol alan Ziya Ağanın Gənclər üçün Prezident mükafatına layiq görülməsi az uğur deyil. Elə demək olar ki, mövsümün ən baxımlı və maraqlı tamaşası da məhz rejissor Mehriban Ələkbərzadənin İlqar Fəhminin əsəri əsasında hazırladığı "Mənəm, mən..." tamaşası oldu. Demək, istedadlı gənclərlə də maraqlı tamaşa hazırlamaq mümkünmüş. Yetər ki, istək və istedad olsun.

Mədəniyyət Nazirliyinin özəl teatrlara dəstək olması, ayda bir dəfə onlara təmənnasız olaraq, müxtəlif dövlət teatrlarının səhnələrində tamaşa nümayiş etdirmək üçün şərait yaratması da, şəxsən mənim üçün, geridə qalan mövsümün əlamətdar hadisələrindən oldu. Bundan başqa, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovun internet televiziyalarının birində “Teatral” adlı teatr verilişi yaratması, eləcə də Azərbaycanlı teatr mütəxəssislərinin təşkilatçılığı və aktiv iştirakı ilə həyata keçirilən “Onlayn teatr” adlı beynəlxalq elmi konfransın keçirilməsi də mövsümün yaddaqalan hadisələrindən idi.

Mövsüm ərzində teatrlarımız bir çox ilklər yaşadı. Belə ki, Azərbaycan Dövlət Pantomima Teatrı ilk dəfə onlayn şəkildə ad günü qeyd etdi. Teatrlarımızda onlayn tamaşalar nümayiş olundu. Bütün bu məsələlər bir kənara, ilk dəfə Zoom proqramı ilə evdən məşqlər başlanıldı. Canlı sənət növü olan teatrda virtual ünsiyyət proqramları ilə məşq anlayışı mənə bir qədər yad olsa da, bu günləri də gördük. Teatr nə təhsil ocağı, nə də iclas otağı deyil ki, proqramla məşq edilsin. Proqramla tamaşa qurmaq, mənə görə, göstərişdən başqa da bir şey deyil. Allah heç bir bəndəsini Zoom proqramı ilə məşq etməyin ümidinə qoymasın.

Teatrlar arasında mövsüm sonu ilə bağlı sorğu etdikdən sonra düşünməyə bilmirsən, ümumiyyətlə, doğrudanmı bizə teatr lazımdır?

Hər dəfə mövsüm sonunda növbəti mövsümdən gözləntilərimizi yazırıq. İndi isə hər yeni mövsümün əvvəlkindən daha bərbad gəldiyini görüb, teatrı Allahın ümidinə buraxırıq.

Xəyalə Rəis

Kaspi.az