\
19 Mart 2024 - Çərşənbə axşamı

"Vaxt gələcək elə bir evə sahib olacağam ki, hər kəs onun kölgəsinə yığışacaq” - Tovuz döyüşlərinin şəhidi Anar Novruzov... - FOTOLAR

"Vaxt gələcək elə bir evə sahib olacağam ki, hər kəs onun kölgəsinə yığışacaq” - Tovuz döyüşlərinin şəhidi Anar Novruzov... - FOTOLAR
13420baxış
"Vaxt gələcək elə bir evə sahib olacağam ki, hər kəs onun kölgəsinə yığışacaq”.
Şəhid mayor Anar Novruzov
                                                                        
 
Aprel qələbəsinin davamı kimi İyul döyüşlərindən sonra da Azərbaycan xalqı, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız bir daha milli birlik, ordumuza, əsgər və zabitlərimizə həmrəylik nümayiş etdirdi.
                                                 
Avqustun 22-də, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçumuz Novruzov Anar Gülverdi oğlunun vəfatının 40-cı günü idi.
Qeyd edək ki, iyulun 14-də Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimizin nəşi doğulduğu ünvana gətirilib, Masallı rayonunun Ərkivan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatın məsul işçiləri, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları və sakinlər tərəfindən şəhidin məzarı ziyarət olundu, xatirəsi anıldı, məzarı üstünə əklillər qoyuldu, gül dəstələri düzüldü və ruhuna dualar oxundu.
Ziyarət zamanı koronavirusa qarşı zəruri profilaktik tədbirlər görülür, dezinfeksiya işləri aparılır, müvafiq qoruyucu tibbi vasitələr paylanırdı.
Eyni qaydada ictimaiyyətin nümayəndələri karantin qaydalarına əməl olunması şərtlərini gözləməklə səhər saatlarından başlayaraq mərhələli şəkildə ziyarətdə iştirak etdilər.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov şəhidin ailəsinə, yaxınlarına başsağlığı verdi. Şəhidin ailəsi də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq etdilər.
 
AND YERİNƏ DÖNƏN TORPAQ
 
Hər qırmızı qərənfildə al qanı var şəhidlərin,
Yaz qoxulu, yaz ətirli gül ələnir məzarına.
Hər sabahın şəfəqində nur payı var şəhidlərin –
Zərrəsindən alov saçır, nur çilənir məzarına...
 
40 gün əvvəl on minlərlə masallılının 178-ci şəhidini gül-çiçəklə, üçrəngli bayraqlarla qarşılamağa toplaşdığı – Aprel və İyul döyüşlərinin qəhrəmanı Anar Novruzovun boya-başa çatdığı Masallının  Ərkivan qəsəbəsinin Abbaslı məhəlləsindəyəm. Şəhidin yaşadığı evə gəlmişəm. Darvazanın yanında, hasarın kənarında abadlıq aparılmış kiçik bir ərazi diqqətimi çəkir. Məlumatlanıram ki, burada igid eloğlumuzun ruhuna hörmət əlaməti olaraq guşə yaradılacaq, Rəssamlıq Akademiyasının tələbələri Akşin və Müstəqil Ağayev qardaşlarının hazırladıqları şəhidin büstü qoyulacaq. Qürurverici, alqışalayiq təşəbbüsdür. Sanki bu an ürəyimdən kövrək bir hiss baş qaldırır: Anar hər birimizin qəlbində öz əbədi heykəlini ucaltdı. O, qanı ilə xoş sabahlara köklənən istəkləri, ümidləri cücərtdi…
Həyətə daxil oluram. Şəhidin qardaşları
Şücəddin və Hidayət, oğlu Nihad, qohumu Subhan Şiriyev və digər yaxınları ilə görüşürəm. Ailə üzvlərinə başsağlığı verir, belə ağır gündə onları narahat etdiyimə görə üzr istəyirəm.
Öyrənirəm ki, Novruzovlar ailəsində 10 uşaq böyüyüb – 3 oğul, 7 qız. Zəhmətsevər ailənin başçısı Gülverdi kişi (1932-2004) uzun müddət rayonda bərbər kimi çalışıb. Qəhrəman ana Firuzə xanım (1936-2017) isə evdar qadın olub. Sücəddin, Hidayət, Anar, Nəfisə və Sevanə ali təhsilə yiyələniblər. Hamısı ev-eşik, ailə sahibidir...
Gəlişimin məqsədini bildirirəm. Razılıqdan sonra Nihad mənə bələdçilik edir. Onunla birgə evə qalxıb şəhid atasının şəxsi əşyaları toplanan otağına baxırıq. Masanın üzərinə səliqə ilə yığılmış sənədləri, təltifləri, qalaq-qalaq şəkilləri diqqətlə nəzərdən keçirirəm. Bir daha əmin oluram ki, əsl həqiqətdə Anar Novruzov gələcək nəsillərə - vətənpərvər, dövlətinə və xalqına sadiq gənclərimizə örnək, müqəddəs və şərəfli həyat yoluna sahib qəhrəmanlarımızdandır.
O, 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. Ailənin sonbeşiyi olan Anar C.Cabbarlı adına kənd orta məktəbini (Ərkivan qəsəbə 1 saylı tam orta məktəbi) əla qiymətlərlə qurtarıb. 1993-cü ildə Bakı Neft Texnikumuna (indiki Neft-Energetika Kolleci) daxil olsa da 6 aydan sonra işğal altında olan torpaqlarımızı geri qaytarmaq niyyəti ilə Orduya yazılıb. Sonra təhsilini davam etdirib. 1999-cu ildə Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini) bitirib, “Taktiki motoatıcı qoşunları komandiri” ixtisasına yiyələnib. 1998-2013-cü illərdə ön cəbhə bölgələrində, 2013-2018-ci illərdə Sumqayıtda Vətənə xidməti borcunu ödəyib. 2016-cı ilin Aprel döyüşlərində şücaətlə iştirak edərək qəlpə yarası alıb. 2018-2020-ci illər ərzində ən qaynar döyüş bölgələrində olub. Türkiyədə mükəmməl peşəkar təlim keçib. 25 ildən artıq hərb sahəsində çalışıb. Siyasi işlər üzrə tabur komandirinin müavini vəzifəsinə kimi yüksəlib. Şəkillərdən aydın görünür ki, hündür boylu, sağlam bədənli Anar sanki hərb üçün doğulub. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəyib. Snayperdən atdığı dəqiq atəşlə onlarca düşmən əsgər və zabitini məhv edib. Ona nahaq yerə AQS-17 silahının “atası” adı verilməyib. “Akula” ləqəbli kəşfiyyatçı düşmənlərin kabusuna çevrilib. Özünün dediyi kimi, ermənilərə od qoyub, lap əfsanəvi “Mixaylo” kimi... Hətta onu öldürənə pul mükafatı da ayırıbmışlar.
Döyüş dostlarının dediyinə görə tabeliyində olan əsgərlərlə sanki dost, qardaş kimi davranan təcrübəli zabit çətin məqamlarda yüz ölçüb-bir biçməyi üstün tutarmış. Xidməti ərzində heç kimdən təmənna ummayıb...
A.Novruzov müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə Nazirinin “Qüsursuz xidmətə görə” I, II, III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” yubiley medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə, ictimai-siyasi və mənəvi-psixoloji hazırlıqda yüksək nailiyyətlərə görə Fəxri fərmanlarla təltif edilib. Amma ən dəyərli ölümlə mükafatlanan Anar kimi Azərbaycanımızın qəhrəmanlıq tarixini yazanların keçdiyi şərəfli yol ümidlə, həsrətlə yaşayan doğmalarına təsəllidir, desək yanılmarıq.
2003-cü ildə ailə həyatı qurub. Toy mağarına “Vağzalı” musiqisi əvəzinə “Azərbaycan əsgəri” marşının sədaları altında daxil olub, “Qarabağ şikəstəsi” ilə məclisi yekunlaşdırıb. Bilmirəm, təsadüfmü, yoxsa ... Anarın şəhid olmasının 40-cı günü həyat yoldaşı Nazilənin, 3 gün sonrakı tarix isə şəhidin toy günü tarixi idi.
“Çətinlik də, xoş günlər də görmüşük. Deyib-gülən, zarafatcıl idi. Onunçün hər şeydən əvvəl Vətən qarşısında xidməti borc dururdu. Hər dəfə evə gələndə cəbhədə atəşkəs rejiminin pozulduğunu eşidəndə bir yerdə qərar tutmur, hərbi hissəyə qayıtmağa tələsirdi. Elə sonuncu dəfə evə gələndə də belə oldu. Səhhətindəki problemə məhəl qoymadan, müalicə almadan döyüşə qatıldı.” -deyərək, Nazilə xanım kövrəlir.
Bir müddət keçdikdən sonra əlavə edir: -Xidmətilə əlaqədar onu çox sorğu-suala tuta bilmirdik. Narahat olmamağımız üçün çox şeyi bizdən gizlədərdi. Elə Aprel döyüşlərində yaralanmasını, bir neçə gün hospitalda müalicə almasını da sonradan bildik.
Çox zaman məzuniyyətə gələndə qəsəbədəki Şəhidlər xiyabanına, ya da məhəllə qəbiristanlığına gedər, haqq dünyasına qovuşanları ziyarət edərdi. Son dəfə, 26 iyun Silahlı Qüvvələr günündə evə gələndə isə Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan kapitan Mühüd Orucovun doğulub boya-başa çatdığı Qazax rayonunun Fərəhli kəndindəki məzarını ziyarətə getdi. Şəkil də çəkdirmişdi.
Otağa bir neçə nəfər daxil olur. Anar haqqında nəsə deyəcəkləri var, deyə, düşünürəm və yanılmıram da.
-Mənə ilk hərbi geyimi dayım alıb. Hərb sənətini seçməyimizlə fəxr edərdi. Bu gün biz onunla fəxr edirik. Mayor Anar Novruzov ölməyib, o, yenə də xidmətdədir. Bu xidməti biz davam etdiririk,-deyə, Səbirə qürurla ifadə edir.
Afaq onun fikrini tamamlayır: “Hər dəfə bizə gələndə süfrə arxasında dua edib deyərdi ki, Allah köməyimiz olsun, qətiyyətli mövqedə duran Prezidentimizi qorusun, Ali Baş Komandanımız tezliklə döyüş əmri versin, dövlətimizin qüdrətini, xalqımızın birliyini işğalçı düşmənə layiqincə nümayiş etdirək, torpaqlarımızı geri qaytaraq.”
Məmmədova bacıları deyir ki, Nazilə hər zaman dayımıza mənəvi dayaq olub. Ona görə də Anar həmişə evdən, uşaqlardan arxayın olub. O da ailəsinə heç vaxt güldən ağır söz deməyib.
Söhbətə şəhidin digər bacısı qızı Könül Qənbərova davam edir: – Hazırda müəllim işləməyimə baxmayaraq vaxtilə mən də hərbçi olmaq istəyirdim. Dayımın timsalında bu sənətə marağım artmışdı. Lakin boyumun qısalığı bu istəyimə nöqtə qoydu... Anar dayım uzun müddət hərb sahəsində uğurlu fəaliyyəti ərzində qazandığı dost-tanışdan öz şəxsi məqsədi naminə yararlanmağı sevməz, özünü digər insanlardan fərqləndirməyi xoşlamazdı. Amma ailənin sosial problemləri heç də az deyildi. Hətta nə vaxtsa bunu ona qınaq edərkən cavabında deyib ki, vaxt gələcək elə bir evə sahib olacağam ki, hər kəs onun kölgəsinə yığışacaq.
Hidayət müəllimin oğlu Ramal onun sözünə təkan verir: ”Təhsil aldığı illərdə, xidmət etdiyi müddətdə, həmişə başımızı uca edib əmim. Bu gün də həmçinin. Mən və iki bibim qızı Anarın davamçılarıyıq, hər üçümüz hərbçiyik. Düşmənlərimiz də bilir: Gec-tez şəhidlərimizin qisasını alacağıq!”
...İndi hər kəs şəhidin ömür-gün yoldaşı Nazilə xanıma təskinlik verməyə çalışır. Lakin bütün bunlara rəğmən onun sızlayan qəlbini ovutmaq elə də asan deyil. İndi Novruzovların yaralarını sağalda biləcək yalnız bir təskinlik var – Anar Vətən yolunda şəhid olub, ən uca zirvəyə ucalıb.
Bəli, bu Anarın taleyidir. Müharibə dövrü olmasına, 25 ildən artıq xidmət etməsinə baxmayaraq o döyüş meydanından geri çəkilmədi. İrəliyə, gələcəyə inamla, ümidlə baxdı. Əbədiyaşarlıq qazanmağa can atdı və buna nail oldu. Övladları da atalarının arzusunu göyərtmək niyyətindədirlər. 13 yaşlı Nihad hərbi-həkim, onbirinci sinif şagirdi Firuzə isə isə polis olmaq istəyir.
Bu gün Anarı bütün xalq tanıyır, onunla fəxr edir. Qürurluyuq ki, sinəsini Vətənə sipər edən Anar Novruzov sağlığında düşməndən intiqamını aldı.
Bu gün hər birimiz təskinlik tapırıq ki, igid eloğlumuzun uyuduğu bu müqəddəs məkan, bir parça torpaq bütün azərbaycanlıların, Vətənimizi, xalqımızı sevən hər kəsin and, ziyarət yerinə çevrilib.
Bu gün hər bir masallılı qürurludur ki, xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazdı Anar. Hər bir ərkivanlı fəxr edir ki, uluların bizə miras qoyduğu torpaqlarımız uğrunda son damla qanına kimi vuruşub, müqəddəslik zirvəsini fəth etdi Anar. Novruzovlar ailəsinin ümid çırağını yandırmağa müvəffəq oldu. Nə ölümdən qorxdu, nə də düşməndən...
 
Akif Ağayev
Masallı rayonu