\
25 Aprel 2024 - Cümə axşamı

Ləyaqətli oğul, nümunəvi ailə başçısı, ümummilli lider və ya sadəcə Heydər Baba - 95 yaşı olan əbədi xatirə

Ləyaqətli oğul, nümunəvi ailə başçısı, ümummilli lider və ya sadəcə Heydər Baba - 95 yaşı olan əbədi xatirə
2197baxış

Azərbaycan ailəsinin azərbaycançı övladı 

“Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” layihəsini işləyərkən 

dahi siyasətçi, təkrarolunmaz insan Heydər Əliyevi və onun ailəsini xatırlamamaq 

mümkün deyil. Bu il 95 illik yubileyləri qeyd olunan Heydər Əliyev və Zərifə 

Əliyeva fenomenləri bir çox sahələrdə cəmiyyətə örnəkdir. Belə ki, onların 

timsalında ən yüksək ailə dəyərlərinin təntənəsini görmək mümkündür. Gender 

bərabərliyi, ailədə hüquq və bərabərliklərin düzgün bölgüsü prinsiplərini məhz 

Əliyevlər ailəsinin timsalında etalon kimi qəbul edə bilirik. Digər tərəfdən, Heydər 

Əliyev ailəsi və xalqı üçün gözəl övlad olduğu üçün ümummilli lider adını 

qazanmışdır. O, həmçinin xalqının ağsaqqalı, müdrik rəhbəri, əbədi lideri olduğu 

üçün Heydər baba adına layiq görülmüşdür. O ki qaldı demoqrafiya məsələlərinə, 

məhz Heydər Əliyevin memarı olduğu Azərbaycan Respublikası tarixin özü qədər 

uzunömürlü olacaqdır. Ən azı ona görə ki, Heydər Əliyev Azərbaycan üçün uzun 

illər çalışdı, ömrünü büsbütün xalqına həsr etdi və bu illər ərzində səbirlə, təmkinlə 

müstəqil dövlətinin işıqlı gələcəyini qurdu. Bütün bunları nəzər aldıqda, qədirbilən 

xalqımızın əbədi liderinə verdiyi ulu öndər adının mənasını anlamaq olar. Ona görə 

də bugünkü yazını əbədi liderin ruhuna ithaf olaraq, onun 95 illik yubileyinə həsr 

etməyi özümə vətəndaşlıq borcu bilirəm.  

Ümummilli lider 

Azərbaycanın müasir tarixində 1969-cu il respublikanın sosial-iqtisadi və mədəni 

inkişafında dönüş ili olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında respublikanın 

dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz 

fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 70-ci illərin bariz əlamətinə 

çevrildi. 

Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil 

olmuşdur. Kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edildi. Sənayenin 

dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur islahatları həyata 

keçirildi. Yeni sənaye sahələri yaradıldı, sənayenin qabaqcıl sahələrində, ilk 

növbədə, maşınqayırma kompleksində, kimya və neft kimyasında, əlvan 

metallurgiyada texniki cəhətdən yeniləşmə və yenidənqurma işləri, neft emal edən 

sənayenin, energetikanın, qara metallurgiyanın və dağ-mədən sənayesinin 

genişləndirilməsi prosesi başlandı. Azərbaycan bu illərdə neft məhsulları, neft 

avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti

materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral gübrələr, çini-saxsı, 

xalça və xalçaçılıq məmulatı istehsalı üzrə keçmiş SSRİ-də aparıcı yerlərdən birini 

tuturdu. Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac 

olunurdu. Əslində, Azərbaycanın dövlət suverenliyi və müstəqilliyi, sistemli şəkildə 

artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən 

inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş iqtisadi potensiala 

əsaslanır. 

Dinamik inkişaf edən iqtisadiyyatı yüksək ixtisaslı kadrlarla təmin etmək üçün 

Azərbaycanda orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi nəzərəçarpacaq dərəcədə 

genişləndirildi, hər il Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 

aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə bir ənənəyə 

çevrildi. Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, 

gənc və yeniyetmə azərbaycanlı oğlanların həmin məktəbə, habelə respublikadan 

kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar hərbi kadrlar 

hazırlanması işinə böyük təkan verdi. Beləliklə, Heydər Əliyevin uzaqgörənliyi 

sayəsində gələcəkdə müstəqil Azərbaycan Milli Ordusunun formalaşması üçün kadr 

probleminin həlli yolunda mühüm addım atıldı. Azərbaycanın elmi, mədəniyyəti və 

incəsənəti həmin illərdə böyük yüksəliş dövrü yaşadı. Respublikanın paytaxtı Bakı 

şəhərinin, digər şəhər və rayonların inkişafı və abadlaşması sahəsində kompleks 

tədbirlər həyata keçirildi.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, ilk illərdə ölkədə 

hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi 

və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurdu. 

Ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş 

qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verirdi. 

Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq 

təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma 

həddinə gətirildi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan 

Heydər Əliyev öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli 

vəziyyətdən çıxarmaq üçün gərgin işə başladı. İlk növbədə, hakimiyyət vakuumu 

aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv 

qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı 

alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, 

ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi. 

1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olundu. 

Heydər Əliyev Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bildi. Azərbaycan 

yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi 

imkanlarını gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində 

Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. 

Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan 

rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir.

Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş 

Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv 

edildi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin 

yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik 

hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın 

suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya 

malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz 

xidmətlərdən biri sayıla bilər. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə 

ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə 

əsl dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil 

dövlət quruculuğu prosesi başlandı. Azərbaycanın daxilində yaranmış sabitlikdən 

və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə

edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi 

imzalandı. Onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və 

müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft 

strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyev öz neft 

strategiyasının əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı 

naminə daha da səmərəli istifadə etməkdə görürdü. Azərbaycanın iqtisadi 

suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoydu və bu gün onun praktiki nəticələri göz qabağındadır. 

Müstəqil Respublikamızın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu 

istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca 

prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.

Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq 

miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu 

tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu 

günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Azərbaycan Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik 

dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu 

silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. 

Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, 

sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət 

və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.

Ulu öndər

Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi 

Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya 

əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin 

yaratmışdır. Azərbaycan ziyalısının son yüzilliklərdə ən ciddi bir şəkildə 

düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki 

fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli 

siyasət müstəvisinə keçmişdir. 

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib 

zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, 

dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi

onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti 

sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi 

uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi 

tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir.

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə ümummilli lider 

Heydər Əliyevin xatirəsi əbədiləşdirilmişdir.

Bu il 95 illik yubileyini qeyd etdiyimiz Heydər Əliyev xalqımızın nümunəvi övladı, yəni ümummilli lideri, müdrik ağsaqqalı, ulu öndəridir. 

Onun ideyaları və amalı tarixin özü qədər uzunömürlü olacaqdır. 

Könül Aypara

Mediapress.az