\
20 Aprel 2024 - Şənbə

“Lukoil” “Palmali”nin 3 tuzu qarşısında blef edir - Rəqibə çevrilən tərəfdaşlar

“Lukoil” “Palmali”nin 3 tuzu qarşısında blef edir - Rəqibə çevrilən tərəfdaşlar
7883baxış

Bir zamanlar yan-yana olanlar birlikdə deyillərsə, deməli, qarşı-qarşıyadırlar, yəni rəqibdirlər. Onların hər hansı birinin qalib gəlməsi oyunun qaydalarına düzgün əməl etməsindən asılıdır.

Dünən Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov “Palmali Holdinq”lə “Lukoil”un törəməsi olan “Litasco” arasındakı məhkəmə çəkişməsini şərh edərkən APA-ya belə bir açıqlama verib: “Bu, sırf kommersiya məsələsidir. Mən bu məsələni şərh etməzdim. Çünki problemin detallarını yaxşı bilmirəm”.

Hadisələrin xronoloji ardıcıllığını izləməyənlər, problemin mahiyyətindən xəbərsiz olanlar bu açıqlamanın səmimiyyətinə inana bilərdilər. Lakin adıçəkilən problemin 2005-ci ildən yarandığını, məhkəmə çəkişməsinin ötən ildən bəri davam etdiyini, tələb olunan təzminatın məbləğinin 2 mlrd dollar olduğunu nəzərə alsaq, görə bilərik ki, cavab reallığı o qədər də əks etdirmir və müəyyən məqsədlərə xidmət edir. Daha dəqiq desək, “Lukoil” rəhbəri məsələnin hər bir detalından xəbərdar olmalıdır. Ən azı ona görə ki, “Lukoil” dünyanın 100-dən artıq ölkəsi ilə treydinq əməliyyatlarını məhz “Litasco” vasitəsilə reallaşdırır və “Litasco” “Lukoil” neftinin 40 faizinin satışını həyata keçirir. Digər tərəfdən, “Litasco” 2000-ci ildə “Lukoil” tərəfindən İsveçrədə təsis olunmuş törəmə şirkətdir. O, “Lukoil”un neft və neft məhsullarını Rusiyadan kənara nəql etmək üçün təsis edilib. Şirkətin Almaniya, Qazaxıstan, Sinqapur, İsveç, BƏƏ, ABŞ və Niderlandda filialları, Çin, İraq, Hindistan və Rusiyada nümayəndəlikləri var. 

Təsadüfi deyil ki, Vahid Ələkbərov ötən il hadisələri şərh edərkən Rusiya KİV-lərinə belə bir açıqlama vermişdi: “Bizdə “Palmali”nin “Litasco” şirkətinə qarşı heç bir narazılığı olmadığı haqda sənəd var. Bu sənəd 2015-ci ildə “Palmali” tərəfindən imzalanıb”.

Daha sonra açıqlamasında “Lukoil” rəhbəri problemi özünəməxsus şəkildə şərh etməyə çalışaraq əlavə edib: “siz bilirsiniz ki, “Palmali” bu gün iflas ərəfəsindədir. Onların bu addımı diqqəti cəlb etmək üçündür. Lakin yenə təkrar edirəm, onların 2015-ci ildə imzaladığı sənəddə bildirilir ki, bizə qarşı heç bir iddiaları yoxudur”.

Yeri gəlmişkən, Vahid Ələkbərovun məhz bu açıqlamasından sonra istər Azərbaycanda, istərsə də yaxın xaricdə “Palmali”nin müflis olması barədə xüsusi kampaniyaya start verilmiş oldu. Hadisələrin ardıcıl inkişafı bunun təsadüf olmadığına işarə idi. Göründüyü kimi, “Palmali”nin müflis olmağı və ya bu haqda ictimai fikrin formalaşdırılması “Lukoil”un hansısa maraqlarına xidmət edirdi.  

Halbuki, iflas etmək ərəfəsində məhz “Litasco” və “Lukoil” özü idi. Belə ki, 2016-cı ildən bəri “Litasco”nun satışa çıxarıldığı barədə söz-söhbətlər gündəmi zəbt etməkdədir. Doğrudur, Forbes-in hesablamalarına görə, “Litasco” 2015-2016-cı illərdə Rusiya neftinin ən iri alıcılarından biri olub. Təkcə 2016-cı ildə “Litasco” 9.3 mlrd dollara 32.9 mln ton rus nefti alıb. Lakin nədənsə şirkətin satışı məsələsi iki ildir nə gündəmdən düşür, nə də reallaşır. “Lukoil” özü isə bu müddət ərzində bir neçə ölkədə öz aktivlərinin satışını həyata keçirib. Vahid Ələkbərovun ötən il Bloomberg-ə verdiyi açıqlamada bildirilib ki, biz aktivlərimizi optimallaşdırmaq üçün Macarıstan, Çexiya, Ukrayna, Litva, Latviya, Estoniya, Polşa bazarlarından aktiv iştirakçı olaraq çıxmışıq. Bu gün yanacaqdoldurma məntəqələrindəki marja çox aşağıdır. İmic riskləri də var. Antiinhisar komitələrinin təzyiqi də gündəmdədir.     

Xatırladaq ki, 2005-ci ilin 18 yanvar tarixində “Palmali Holdinq” “Litasco” ilə 440 mln dollarlıq gəminin alınması barədə kontrakt imzalayıb. Lakin “Litasco” həmin kontraktın müddəalarını kobud şəkildə pozub. Bundan başqa, “Palmali Holdinq”in gəmilərinin neft məhsulları ilə təchizatı da kontraktda göstərilən rəqəmlərdən xeyli az olub. Nəticədə, “Litasco” “Palmali Holdinq”ə ümumilikdə 4 mlrd dollar ziyan vurub. 2015-ci ildə problem ikitərəfli danışıqlar yolu ilə həllini tapa bilməyib.

Ötən ilin sentyabr ayında “Palmali” “Litasco”nu 2 mlrd təzminat tələbi ilə Londonun Ali Arbitraj Məhkəməsinə verməli olub. 

Qeyd edək ki, ötən müddət ərzində “Palmali” də fəaliyyətinin müəyyən istiqamətlərinə korreksiya verməli olub.  Lakin “Lukoil”dan fərqli olaraq, hava nəqliyyatı, turizm kimi qeyri-spesifik sahələrdən çəkilərək bütün gücünü əsas işi olan su nəqliyyatına yönəldib. Daha dəqiq desək, bütün resurslarını əsas fəaliyyət istiqamətinə cəlb edib. Bu isə sektorda böyük nəticələr əldə etmiş, imic qazanmış bir qurum üçün təbii haldır.  

“Palmali holdinq”dən fərqli olaraq, “Lukoil” hazırda Rusiyanın bazarlarında da sıxışdırılır. Başqırdıstan nefti ilə bağlı 

son zamanlar yaranmış problem onu deməyə əsas verir ki, “Lukoil”un post-sovet məkanındakı fəaliyyəti də çənbərə alınır. Artıq “Lukoil” Xəzər sektorunda yeni mövqelər qazanmaqla itirdiklərini bərpa etməyə çalışır. 

"Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərovun dünən APA-ya verdiyi açıqlamada bildirilir ki, Rusiyanın “Lukoil” neft şirkəti Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-la danışıqlar aparır. “Biz yeni aktivlərə ümid edirik. "Ümid-Babək" layihələrinə baxırıq. Danışıqların uğurla nəticələnəcəyinə ümid edirəm” – deyən V.Ələkbərov yaxın perspektivdəki planları açıqlamaqla kifayətlənib.

P.S. "Lukoil" və "Palmali Denizçilik" 2017-ci ilin aprel ayında neft və neft məhsullarının 10 illik daşımasını həyata keçirmək üçün kontrakt imzalayıblar. Göründüyü kimi “Palmali Holdinq” bu və bundan əvvəlki kontraktların şərtləri pozulduğu üçün “Litasco”nu məhkəməyə verib.

P.P.S. Bir zamanlar işgüzar partnyor olan “Lukoil”la “Palmali” artıq qarşı-qarşıya dayanıblar. “Lukoil” sabiq tərəfdaşını rəqib gözündə gördüyü üçün sıradan çıxarmağa çalışır. Hətta məğlub durumda olduğu halda “Palmali”nin 3 tuzu qarşısında blef etməyə başlayıb. “Palmali” isə oyunun qaydalarına uyğun olaraq tuzlarını məhkəməyə təqdim edib və qarşı tərəfin kartlarının açılmasını, beləliklə ədalətin bərpa olunacağı günü gözləyir.  

Müəllifdən: Mövzunun aktuallığını nəzərə alaraq araşdırmamızı davam etdiririk.

Natiq Qocaman

Mediapress.az