\
28 Aprel 2024 - Bazar günü

Xalqa həsr olunmuş bir ömür yolu

Xalqa həsr olunmuş bir ömür yolu
4444baxış

Müasir Azərbaycanımızın qurucusu, dövlətimizin tarixində qüdrəti, yüksək idarəçiliyi, dərin zəkası və strateji düşünmə qabiliyyəti ilə seçilən liderimiz Heydər Əliyevin bu il 100 yaşını qeyd edirik. Bir insan ömrünün uzunluğu yaş etibarilə müxtəlif ola bilər. İnsan özünü dərk etdiyi andan etibarən ömür yolunda bir missiyanı icra etmək üçün həyata atılır. Kimi həyatdan sadəcə bir izləyici kimi ötüb keçir, kimi də həyatları, taleləri,tarixləri dəyişdirmək iqtidarında olur. Ümummilli liderimiz məhz belə bir tarixi şəxsiyyət idi.  Ömrünü xalqına həsr etmiş bir siyasi xadim, millətin atası missiyasını

daşıyan Heydər Əliyev ölkənin ən ağır, çətin anında yenidən xalqın yanında olmaq üçün hakimiyyətə qayıdan bir siyasətçi idi. Bir dövlət xadimi güclü siyasətçi ola bilər, lakin fenomenə dönməyə də bilər. Heydər Əliyev isə əsl fenomen idi. Olduqca geniş bir dünyagörüşünə malik bir insan, hər bir sahəni bilən, Azərbaycan mədəniyyətini, incəsənətini, elmini öyrənən və lazım gələndə istənilən sahədə professionalca mülahizələr söyləyə bilən, təhlillər aparan liderimizin ədəbiyyata, incəsənətə olan marağının, sənət adamlarına göstərdiyi qayğının mən hələ gənclik dövrümdən şəxsən şahidi olmuşdum. 

Klassik poeziyamızın, dramaturgiyamızın incəliklərini duyan, problemlərini bilən biri idi. Sənət adamları ilə ünsiyyəti zamanı onun nə dərəcədə diqqətcil, ən kiçik nüansları belə tuta bilən bir arif insan olduğunu görürdük. Məhz Heydər Əliyev Azərbaycana dahi Hüseyn Cavidi gətirtmiş oldu. Məhz 

ümummilli liderimizn sayəsində əzablı sürgün illərindən sonra Cavid əbədi olaraq doğma torpağında uyuya bildi. Heydər Əliyevin Cavid poeziyasına olan sevgisi, Cavid fəlsəfəsinə bələdliyi dahi şairimizin əsərlərinin işıq üzü görməsinə, səhnələşdirilməsinə, həyat yolunun işıqlandırılmasına,

öyrənilməsinə yol açdı. Yalnız milli mənliyi ilə qürur duyan bir tarixi şəxsiyyət milli mənafelər uğrunda mühim addımlar ata bilər. Azərbaycan xalqının gələcəyini, dövlətin perspektivlərini qabaqcadan görə bilən Heydər Əliyev ölkənin uzunmüddətli inkişaf planını ilk öncə vətəninə olan sonsuz sədaqət hissləriylə qəlbində qurmuşdur. Vətəninə olan sevgisinin, sadiqliyinin, fədakarlığının əsl vətən oğlu olaraq fəaliyyətinin bəhrəsinin biz canlı şahidiyik. Bir xalqın xalq kimi formalaşa bilməsində, milli mənliyinin qorunub saxlanılmasında əsas faktor doğma dilə qarşı olan hörmətdir. Məhz ümummilli liderimiz azərbaycan dilinə olan sevgisini, etibarını sovet rejimi dövründə də sübut edə bilmişdir. 1978-ci ildə məhz ümummilli liderimizin səyi və təkidləri ilə doğma dilimiz Azərbaycan Respublikasının Konstitusiyasına dövlət dili kimi salınmış oldu. Azərbaycan dilinin bir dövlət dili kimi mövqeyini qoruyub saxlaması, bütün sahələrdə dövlət dilimizin tətbiq edilməsi ümummilli liderimizin təkcə imzaladığı fərmanlarında deyil, həm də özünün canlı nümunəsi üzərində həyata keçirilirdi. Heydər Əliyev azərbaycan dilində ən mahir natiqlər kimi çıxış edir, fikirlərini məntiqlə, aramla dinləyiciyə çatdırmağı bacarırdı. Azərbaycan ədəbi dilinin gözəlliyini onun çıxışlarından duymaq mümkündür. Heydər Əliyev nitqlərində ədəbiyyatımızın incilərindən nümunələr gətirər, özünün heyrətamiz yaddaşı ilə auditoriyanı riqqətə gətirirdi. Ana dilinin önəmini dərk edən Heydər Əliyev fəaliyyəti boyunca dil problemlərinə böyük əhəmiyyət vermiş və 90-cı illərdə də hakimiyyətdə olduğu dövrlərdə latın qrafikasına keçid prosesində öz dəyərli fikirləri ilə çıxışlar etmişdir. 

Azərbaycan xalqının hərtərəfli formalaşması uğrunda aparılan təbliğatda Heydər Əliyevin çəkdiyi yol məntiqli və müsbət nəticələrə aparan bir yoldur. Ən qədim dövrlərdən bizə qalan mirasımızı tanımaq və tanıtmaq, itirilənləri aşkar etmək və onlara sahib çıxmaq, milli mənəvi dəyərlərimiz qorumaq

uğrunda nələrə sahib olduğumuzu özümüz üçün yenidən kəşf etmək və dəyərini bilmək kimi vacib addımlar məhz Heydər Əliyevin düşüncəsinin planlı şəkildə strategiya halına çevrilməsi idi. Keçmişini bilmədən gələcəyin qurulmasının da mümkün olmadığını anlayan liderimiz qədim tarixi

abidələrimizin öyrənilməsi məsələsinə böyük əhəmiyyət vermişdir.Ümumtürk abidələrinin tədqiqi, təhlili, təbliği ideoloji siyasətin prioritetləri arasında olmuşdur.

Ulu öndərimiz hakimiyyətə yenidən qayıtdıqdan sonra demək olar ki, Dədə Qorqud abidəsinin yeni dövrü açılmış oldu. Dastanın 1300 illiyinin qeyd edilməsi sərəncamını verən liderimiz UNESCO miqyasında bu tədbirin qeyd olunmasına nail olmuş və beləliklə bütün dünya xalqımızın ən qədim

eposlarından biri ilə tanış ola bilmiş, alimlərimiz isə eposun öyrənilməsində yeni-yeni səhifələrə imza atmaq fürsətinə sahib olmuşdular. Bu tarixi tədbirdən sonra Heydər Əliyev Füzulinin 500 illik yubileyini də geniş miqyasda qeyd etməklə bağlı digər bir fərman imzalamışdır. Azərbaycan

ədəbiyyatının inkişafı naminə atılan addımların başlanğıcında, sözsüz ki, klassik irsimizə verilən sonsuz dəyər durmaqdaydı. Ölkənin uğurlu gələcəyinin təminatçısı , sözsüz ki, mütərəqqi gənclikdir. Ümummilli liderimiz bunu çox yaxşı başa düşür və gəncliyimizə sonsuz diqqətlə

yanaşırdı. Azərbaycan gəncliyinin düzgün formalaşması naminə aparılan genişmiqyaslı işlərin də planını məhz ümummilli liderimiz qurmuş və mərhələmərhələ həyata keçirtmişdir. Gənclərin ilk forumu bu proseslərin içində yer alırdı. 

Gəncliyin problemləri ilə yaxından tanış olan liderimiz daxilən daim gənc olduğundan onları yaxşı başa düşür və gənclərin cəmiyyətimizdə layiqli yer tutmaları üçün önəmli işlər aparılması üçün sərəncamlar verir və vacib məqam da bu idi ki, həyata keçirilən planların icrası müddəti boyunca olduqca fəal şəkildə işin gedişatında şəxsən iştirak edirdi. Bəli, xalqımızın lideri siyasi məsələlərin həlli ilə məşğul olmaqla yanaşı, cəmiyyətimizin sağlam zəmində inkişaf etməsi naminə bütün digər məsələlərdə də şəxsən iştirak edir, öz tövsiyələrini verirdi.

Dünya Azərbaycanlılarının birliyini təmin etmək məqsədilə ümummilli liderimiz olduqca vacib bir addım atmış və Dünya Azərbaycanlılarının qurultayının keçirilməsini təsis etmişdir. Məhz bu qurultay sayəsində dünyanın müxtəlif yerlərində yaşayan həmvətənlərimiz bir-birilərilə daha sıx əlaqədə olmaq imkanı əldə etmişdirlər. 1998-ci ildə keçirilən I qurultayda Heydər əliyevin məşhur çıxışı onun tarixi çıxışlarından birinı çevrilmişdir: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir.Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”.

Heydər Əliyev fenomeni sayəsində dövlətimizin hər bir sahəsində ciddi yenidənqurma işləri aparıldı, milli dəyərlərimizin təbliğatında mühim işlər görülmüş oldu. Heydər Əliyev özünün bənzərsizliyi ilə dünya tarixində yer almış nadir siyasətçi, xalqın sevimlisidir. Azərbaycan durduqca Heydər Əliyevin ideyaları yaşayacaqdır. Onun yolunu layiqincə davam etdirən möhtərəm prezidentimiz İlham Əliyev də ümummilli liderimizin dövlətçilik uğrunda atdığı addımlarının qoyduğu iz ilə xalqımızın parlaq gələcəyi naminə onun şanlı yolunu davam etdirir. Heydər Əliyev kimi bir dühanın illər öncə qəlbində olan arzuları vətən naminə, xalq naminə bir-bir həyata keçirilir. Bu il 100 illiyini qeyd etdiyimiz ümummilli liderimizin Azərbaycanın inkişafı və tərəqqisi uğrunda daşıdığı ideyaları daim yaşayacaq və onlara həyata keçirənlər tərəfindən yaşadılacaqdır.

 

5 saylı Asan Xidmət mərkəzinin

                                                                                           Notariat ofisinin hüquqşünası

                                                                                          Mahmudov Firidun İmran oğlu