\
23 Oktyabr 2019 - Çərşənbə

Həmişə seçilən sənətkarımız...

Həmişə seçilən sənətkarımız...
1311baxış
Hər sənətkar sənətin zirvəsinə ucalmır. Bu zirvəyə yalnız ürəyinin odunu, atəşini sənətə həsr edənlər ucalırlar. Hər çıxışı ilə tamaşaçılarına bol gülüş, min -bir sevinc bəxş edən Azərbaycanın xalq artisti İlham Namiq Kamal kimi... Eşidəndə ki, sevimli aktyorumuz İlham Namiq Kamalın 70 yaşı tamam olur, həm inandım, həm də inanmadım. İnandım ona görə ki, İlham müəllim uzun müddətdir ki, səhnədədir, yaratdığı obrazları onu tamaşaçıların sevimlisinə çevirmişdir. İnanmadım ona görə ki, İlham müəllimə o yaşı vermək olmur. Hələ çox gümrah, şux və daim axtarışdadır. İlham Namiq Kamalın böyük səhnəyə gəlişi hələ tələbəlik illərindən bağlanıb. Özü də epizodik yox, nə az, nə çox, baş qəhrəman rolunda. Elə bununla da, səhnəyə yeni bir istedadın gəlişini təsdiq edib. Və ardınca da bir-birindən maraqlı digər rollar. Bu rolların hər birində səhnə kimi sehrli bir aləmdə qədəm qoymuş İlham müəllim öz dəsti-xətti olub. Təhsil aldığı ali məktəbin tədris teatrının səhnəsindən başlanan yol onu böyük teatrın səhnəsinə gətirib. İlham Namiq Kamalın ustalıqla yaratdığı bir-birindən maraqlı obrazlar ona sonsuz rəğbət və şöhrət qazandırıb. Ustalıqla yaratdığı Molla Səbzəli, Dadaşlala, Kələntər, Sultanqulu və sairə obrazlar ona sonsuz tamaşaçı məhəbbəti qazandırmışdır. İlham Namiq Kamal yaratdığı hər bir obrazla yaşayan, onu tamaşaçılara sevdirməyi bacaran bir sənətkardır. Təkcə teatr səhnəsində deyil, kinofilmlərdə də onun obrazları tamaşaçılar tərəfindən ürəkdən sevilir."Qızıl qaz"da Əli, "Qaynana" da İlqar, " Qəribə adam" da Əbdürrəhman, "Kişilər" də Hüseynağa bacı , "Güllələnmə təxirə salınır" da " Krasavşik " və belə obraslardır. Artıq 25 ildən çoxdur ki, böyük sənətkarın yaratdığı " İlham Miniatür Teatrı " çoxsaylı tamaşaçıları qarşısında uğurla çıxış edir. İlham Namiq Kamal isə bu teatrın həm direktoru, həm bədii rəhbəri , həm quruluşçu rejissoru, həm də aktyorudur. Daim sevilib-seçilən sevimli aktyorumuz teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2013-cü ildə "şöhrət" ordeni ilə təltif olunmuşdur. Azərbaycanın xalq artisti İlham Namiq Kamal Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illərdi r ki, həm də gələcək aktyorlara aktyorluq sənətinin sirlərini öyrədir. Sevimli sənətkarımızın 70 yaşı tamam oldu. Onu bu münasibətlə ürəkdən təbrik edirik. İnanırıq ki, onu hələ çox sənət zirvələri gözləyir. 70 yaşınız mübarək, əziz və sevimli sənətkarımız! 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Fuad Biləsuvarlı