\
19 Aprel 2024 - Cümə

Ailə məsələlərində qadınların ən kobud səhvi - Kişilik və qadınlıq nədir?!

Ailə məsələlərində qadınların ən kobud səhvi - Kişilik və qadınlıq nədir?!
1930baxış

Ailə məsələlərində yaranan problemlərin kökündə kişi ilə qadının həyata baxışlarındakı fərq durur. Əks cinsin nümayəndələrinin düşüncələri, hadisələrə reaksiyaları, arzuları adətən bir-birindən kəskin fərqlənir. Yeni tanış olan cütlüklər bu fərqliliyi ustalıqla ört-basdır etməyi bacarsalar da, münasibətlər rəsmi şəkil aldıqda hər iki tərəfin “maskaları” düşür və həqiqi simaları üzə çıxır. Təbii ki, ilk tanışlıq zamanı həm qız, həm də oğlan özünü müsbət tərəflərdən göstərməyə çalışır və tərəf müqabilinə uyğunlaşdığını nümayiş etdirmək istəyir. Məsələn, oğlanlar heç baxmadıqları seriallara tamaşa etməyə başlayaraq, sevgililərinin qoyduğu mövzuları aktiv şəkildə müzakirə edirlər, özlərini həmin serialların bəyənilən, yaraşıqlı qəhrəmanlarına oxşadırlar. Qızlarsa eyni qaydada futbol oyunları və ya kişiləri maraqlandıran digər mövzular ətrafında fikir mübadiləsinə girirlər. Həmçinin tərəflər bir-birinə mümkün qədər güzəştə getməyi bacarırlar. Riyazi dillə desək, ortaq məxrəcə gəlirlər. Lakin bu məxrəc bəzən çoxlu kəsirlər və ixtisarlar hesabına başa gəlir. Yəni hər iki tərəf çətinliklə də olsa, qarşısındakının gözünə girmək üçün şəxsi maraqlarını güzəştə gedir. Təbii ki, bu halda münasibətlər dərinləşir, bağlılıq artır və söhbət ciddiləşir. Adətən bu tip əlaqələrin ən etibarlı sığortası dostluq olur. Çünki yalnız dostlar arasında qarşılıqlı uyğunlaşma və güzəşt məsələləri davam edir. Hadisələrin inkişafı nişanlanma və evliliklə nəticələndikdə vəziyyət köklü surətdə dəyişir. Ailə həyatına qədəm basan fərdlər göründükləri kimi olmurlar, əksinə, olduqları kimi görünməyə başlayırlar. Bu da gənc ailələrdə anlaşılmazlıqlara, narazılıqlara, konfliktlərə, peşmançılıqlara gətirib çıxarır. Bir çox hallarda isə boşanmalarla məntiqi sonluğunu tapır. Mütəxəssislərin fikrincə, əksər hallarda günah qadınlarda olur. Belə ki, onlar hər zaman və hər şeyi ərlərinin yerinə qərarlaşdırmağa çalışırlar. Bununla yanaşı həyat yoldaşlarına ana qayğısı göstərmək istəyindən əl çəkmirlər. Nəticədə kişi uşaq vəziyyətinə düşməkdən sıxılır. Əlbəttə ki, bu hallar əsasən müasir ailələrdə müşahidə olunur. Deməli, istisnalar da az deyil. Lakin istisnalar qaydaları pozmadığı üçün müasir zaman kəsiyində faktı olduğu kimi qəbul etmək məcburiyyətindəyik.  

Ümumiyyətlə, kişilərin xilqətində aparıcılıq rolu qabarıq şəkildə özünü göstərir. Onlar birmənalı şəkildə qəhrəman olmağa çalışmasalar da, elə görünməyə can atırlar. Məişət problemlərini həll etməklə, ailə qayğılarını bölüşməklə, təkbaşına qərarlar çıxarmaqla qadınlarını sözün yaxşı mənasında təəccübləndirməyə və bu yolla onları psixoloji cəhətdən üstələməyə can atırlar. Bununla kişilər gərəkli və əvəzolunmaz olduqlarını hiss edirlər. Hətta qadınlarına verdikləri hədiyyələr, bəxş etdikləri xoş anlar da bu amala xidmət edir. Yeri gəlmişkən, o anlarda kişilərə qadınları tərəfindən verilən yüksək qiymət, əlavə diqqət, xoş münasibət, gözəl sözlər onları gələcəkdə daha da böyük fədakarlığa sövq edir, sevgilərini stimullaşdırır. Belə ki, bu halda kişilər qəhrəman olduqlarına inanmağa başlayırlar. Deməli, kişiyə kişi olduğunu sübut etmək üçün qadın ilk növbədə qadın olmağı bacarmalıdır. Yalnız belə olduğu halda tərəf müqabilinin kişilik xüsusiyyətləri hərtərəfli üzə çıxacaq, o, sözün hər mənasında böyüdüyünü, güclü olduğunu hiss edəcək. Nəticədə həm öz valideynlərindən, həm də kənar təsirlərdən asılılığı olmayacaq. Sadə dildə desək, qadın həyat yoldaşını xoşbəxt etmək üçün onun yerinə qərar verməməli, həddən artıq nazını çəkməməlidir. Bir anlıq təsəvvür edək ki, qayğıkeş adlandırdığımız qadın addımbaşı əri ilə maraqlanır, onun yeməyi, içməyi, geyimi, yatmağı, hətta şəxsi gigiyenası və digər şəxsi məsələlərini diqqətdə saxlayır. Əslində, buna qayğıkeşlikdən çox şəxsi həyata müdaxilə və mənəvi terror adını vermək olar. Sizcə, belə qadınlar bezdirici olmurlarmı? Yəqin ki, ətrafımızda həyat yoldaşlarının bu cür cansıxıcı hərəkətlərindən şikayət edən kişilər az deyil. Səmimiyyətimə inan, bu cür davranışlar kənardan da gülünc görünür və əksər hallarda həmin qadınlar məsxərə obyektinə çevrilirlər. Odur ki, əziz qadınlar, yadda saxlayın, ərlərinizi ana qayğısı ilə əhatə etməklə siz ancaq və ancaq onları alçaltmış olursunuz. Ən azı ona görə ki, “ana qayğısı” söz birləşməsi anaların övladlarına yönəltdikləri münasibət növüdür, arvadların ərlərinə yox.

Digər tərəfdən, əgər ailədə bütün məsələləri qadın həll edirsə, kişi onun məhəbbətini qazanmaq üçün əlavə heç nə etməyəcək. Axı onun ailəyə qarşı fədakarlığı, cəsarətli qərarları heç kimə lazım deyil. Hətta sözdə lazım olsa belə, qadının laqeydliyi, eqoistliyi, özbaşınalığı kişini məyus edəcək. Dövrümüzün danılmaz həqiqətidir ki, bir çox hallarda qadınlar sosial cəhətdən ərlərindən üstün vəziyyətdə olurlar. Belələri işgüzar xanım, nüfuzlu məmur və ya sadəcə ailə büdcəsinə daha çox pul qazandıran tərəf kimi ərlərini üstələyirlər. Həmin xanımlar adətən qeyri-səlis məntiqlə çıxış edirlər: “Uşaqları özüm dünyaya gətirmişəm, özüm tərbiyə verirəm, evə ərimdən də çox pul gətirirəm, maşın sürürəm, ailənin bütün problemlərini təkbaşına həll edə bilirəm”. Eyni məntiqin ən təhlükəli hissəsi sonluğudur: “Kişimə yaxşı baxıram!” Sonuncu cümləni dərindən araşdırdıqda, aydın olur ki, söhbət ilk növbədə kişinin şəxsi mülkiyyətə çevrilməsindən gedir. O, kişinin ki, daim arvadının nəzarəti altında mənən cılızlaşır. Ortaya haqlı bir sual çıxır: “Belə olan halda ər nəyə lazımdır?”

Doğrudur, indi gender bərabərliyi, qadın haqları, cinsi tarazlıq kimi terminlər dəbdədir. Hər yerdə qadınlara kişilərlə bərabər hüquqda olduqları təbliğ olunur. Biz də bu fikrin əksinə deyilik. Lakin bizi narahat edən məsələ hadisələrin inkişaf tendensiyası, gələcək perspektivlərdir. Problem ondadır ki, müasir qadınların hüquqları artdıqca, vəzifələri kişilərin çiyninə yüklənir. Nəticədə balans qadınların xeyrinə dəyişir. Nədənsə indiki qadınlar inanmağa başlayıblar ki, mütləq sükan arxasında əyləşməli, karyera qurmalı, kişilərin uğurlarını təkrarlamalıdırlar. Hətta bu fikrin müəllifləri bir qədər də irəli gedərək, qadınlara ev işlərini kişilərlə bölüşmək düşüncəsini aşılayırlar. Sizcə bu məntiq cinsi bərabərlikdən çox cinsi bərabərləşməyə gətirib çıxarmazmı? Məgər minilliklər boyu formalaşan, müxtəlif zaman kəsiyində cilalanan ailə dəyərlərimizdə ər-arvadın, ata-ananın, nənə-babanın funksiyaları aydın göstərilməyibmi? Özünü yeni dövrün insanı sayanlar və ya feministlər məni köhnə fikirli olmaqda qınamağa tələsməsinlər. Biz qadınların maşın sürmələrinə, söz və mövqe sahibi olmalarına qarşı deyilik. Tam əksinə, özünü cəmiyyətdə uğurla realizə edə bilmiş xanımlarımızı alqışlayırıq. Biz qadınları zəif deyil, zərif cinsin nümayəndələri hesab edirik və onların bu zərifliyi itirmələrindən ehtiyat edirik. Bizi narahat edən məsələ şüurlu şəkildə qadınların qadınlıqlarını itirməyə meylləndirilməsidir. Deyirlər, hər bir qadın karyera qurmağa, bütün işlərdə kişilərlə ayaqlaşmağa borcludur. Sual olunur, kimə borcludur? Əgər qadının həyat yoldaşı varsa, o, xoşbəxtdirsə, hər cəhətdən təmin olunubsa, kimin qarşısında bu cür öhdəliklər götürüb və ya niyə kişiləşməlidir?

Sirr deyil ki, hətta cəmiyyətdə təkbaşına inkişaf edə bilmiş, müəyyən nailiyyətlər qazanmış qadınlar da bir müddətdən sonra yorulurlar və heç kimə lazım olmadıqlarını anlayırlar. Halbuki, həmin qadınlar ictimai yüksəlişlə bərabər qadınlıqlarını da inkişaf etdirə bilərdilər. Məgər ailə cəmiyyətin sütunu, əsası deyilmi? Əgər elədirsə, əminliklə deyə bilərik ki, evdəki qonaq otağını iclas salonu, zaldakı divanı vəzifə kreslosu, ailə səadətini ictimai rəğbət heç cür əvəz edə bilməz. Atalar demişkən, yara lazım olmayan yada lazım olmaz.

Mövzudan uzaqlaşmadan bir el məsəlini də yada salmaq yerinə düşərdi: “Heç bir kişi özündən ağıllı qadını sevməz”. Yalnız bir halda sevə bilər ki, ağıllı qadın həyat yoldaşına onun daha ağıllı olduğunu hiss etdirsin. Bu o deməkdir ki, qadın həyat yoldaşının işinə qarışdıqca, onu təzyiq altında saxladıqca ilk növbədə öz yükünü artırmış olur. Həmçinin ərini mənəvi cəhətdən cılızlaşdırmaqla, onu özündən və ümumən ailədən soyudur, başqalarından asılı vəziyyətə salır. Əlbəttə, bu cür cansıxıcı münasibətlərdən qadınlar da tezliklə bezirlər. Axı kim sona qədər  passiv, cəsarətsiz, soyuqqanlı həyat yoldaşı ilə bir evdə yaşaya bilər və ya ömür boyu kişi yükünü zərif çiyinlərində daşımağa tab gətirər? Bu, bir növ siçan-pişik oyununa da bənzəyir. Qadın bütün günü ərini izləməklə, onu istədiyi səmtə yönəltməklə həm özü yorulur, həm də tərəf müqabilini yormuş olur. Təsadüfi deyil ki, ailə məsələləri üzrə mütəxəssislərin böyük bir qismi qadınlığın sirrini bir cümlə ilə ifadə edirlər: “Qadınlıq ilk gündən etibarən tərəf müqabilinə kişi olduğunu hiss etdirmək bacarığıdır”. Həmin mütəxəssislər eyni məntiqin davamı olaraq kişiliyin tərifini belə ifadə edirlər: “Kişilik cinsiyyət yox, şəxsiyyət məsələsidir. Ailəli kişinin yeganə vəzifəsi tərəf müqabilinə xoşbəxt qadın olduğunu hiss etdirməkdir”.  

Son söz əvəzi:  

Məqalənin əvvəlində ailədə yaranan problemlərin əsas səbəblərindən danışdıq. Kişi ilə qadının dünya görüşündəki, arzu və düşüncəsindəki fərqləri təhlil etməyə çalışdıq. Ailədə əksər problemlərin qadınlar tərəfindən yaradıldığını qeyd etdik. Lakin bu o demək deyil ki, Həvva nənəmiz Adəm babamızı günaha batırdığı üçün bütün bəşəri münaqişələrin başında qadın dayanır. Əsla. Qadın ilk növbədə bizi dünyaya gətirən, həyat məktəbində əvəzedilməz müəllimimiz olan anadır. O ana ki, cənnət ayaqları altındadır.

Ümidvaram ki, söhbətin nədən getdiyini anladınız. Bəli, yaxın günlərdə kişi-qadın münasibətlərində, ailə məsələlərində kişilərin buraxdıqları səhvlərdən bəhs edəcəyik. Odur ki, diqqətiniz bizdə olsun!

Natiq Qocaman