\
21 Avqust 2019 - Çərşənbə

Məktəblilərə kim nəzarət etməlidir?

Məktəblilərə kim nəzarət etməlidir?
1185baxış

Həyatda insan özü-özünün müəllimi və həkimi olmalıdır. Əməkdar müəllimin nəvəsi və fəal gənc kimi öz fikirlərimi yazıram. Uşaqlara məktəbdə müəllimlər, evdə isə valideynlər nəzarət etməlidirlər. Əslində valideynlər övladları ilə dost olmalı, bəzi hallarda onlarla psixoloq kimi davranmalıdırlar. Valideyn məktəbli qızını və ya oğlunu birinci sinifdə oxuyandan on birinci sinifi başa vurana kimi tam nəzarətdə saxlamalı, yəni məktəblə sıx təmasda olmağa, övladının təhsili, davranışı ilə ciddi maraqlanmağa borcludur. Eyni zamanda valideynlər iclasında iştirak çox önəmlidir. Valideyn üçün övladının məktəbdə kiminlə oturub-durması, kiminlə dostluq etməsi, dərsə saat neçədə getməsi və evə qayıtması, eləcə də, onların geyimləri, məktəb xərclikləri barədə dürüst məlumatının olması çox vacibdir. Valideyn bilməli və həm də ciddi nəzarət etməlidir ki, övladı pulu nəyə və necə xərcləyir.

Uşaqların məktəbdən sonrakı vaxtlarının düzgün bölünməsi, asudə vaxtlarının maraqlı sahələrə, məsələn, musiqiyə və idmana yönləndirilməsi də çox vacib və önəmli məsələdir. Bir sözlə, valideyn övladı ilə sözün əsil mənasında dost olmalıdır. Hətta övladı ali məktəb tələbəsi olanda da onların üzərində valideyn nəzarəti mütləq lazımdır.

Valideynlərin belə bir güclü nəzarətinin olması istər məktəbli, istərsə də tələbə övladları pis vərdişlərdən – spirtli içkilərə, siqaretə, narkotik vasitələrə və s. aludəçilikdən çəkindirər və onların cəmiyyətimiz üçün normal vətəndaşlar kimi yetişməsinə yardımçı olar.

Bir daha təkrar edirəm: valideynlər övladlarını hər gün evdən məktəbə yola salanda öyüd-nəsihətlərini mütləq təkrarlamalı, təlim-tərbiyə prosesində müəllimlərə yaxından dəstək olmalıdırlar. Axı məktəblilər öz vaxtlarının müəyyən hissəsini məktəbdə keçirsələr də, əhəmiyyətli hissəsini valideynləri ilə birlikdə olurlar. Ona görə də, valideynlər istər məktəbdə, istərsə də məktəbdən xaric övladlarının bütün hərəkətlərini izləməyə və nəzarətdə saxlamağa borcludurlar. Bütün bunlar gələcəkdə valideynlərə həyatları boyunca acılar yaşadan hadisələrin baş verməməsi üçün çox vacibdir. Necə deyərlər: sonrakı peşimançılıq fayda verməz…

Nicat Müslümov