\
17 Sentyabr 2019 - Çərşənbə axşamı

Şah Mat Teatrı- sənət yanğısı bol, pul və məkanı olmayan kollektiv

Şah Mat Teatrı- sənət yanğısı bol, pul və məkanı olmayan kollektiv
586baxış
Maddiyatın mənəviyyatı arxa plana keçirdiyi bir zamanda ürəklərində sənət yanğısı bol olan iki fədakar həmfikir 3 il öncə yeni teatr truppası yaradıb. Çox düşünüb daşınandan sonra təzə teatrlarına maraqlı bir ad da tapıblar- Şah Mat! Onların sözlərinə görə bura teatr deyil, mövcud olmayanla mövcud olanın mübarizə meydanıdır...

Şah Mat "Zirzəmi teatrı" üslubunda bir teatrdır.Əslində “Ev teatrı” və yaxud “Zirzəmi teatrı” kimi tanınan teatr estetikası hələ ötən əsrin əvvəllərindən mövcud olub. Yeni truppanın yaradıcıları Şah Mat “Zirzəmi teatr” ənənəsini Azərbaycana gətirən yeganə teatrdı. Yeni kollektiv heç bir təşkilata, heç bir quruma tabe deyil və teatr tamaşalarını əsasən zirzəmilərdə, “pub house”, “club”larda və fərqli məkanlarda nümayiş etdirir.

3 il əvvəl oktyabrın 28-də doğulan teatrın yaradıcıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Ümid Abbas və Mirqabil Əkbərovdur. Hər iki gənc rejissor truppanın debütü üçün dünyaca məşhur dramaturq Ejen İonsekonun “Stullar” əsərini seçiblər. 

Şah Mat Teatrı ətrafında istedadlı gənclər toplaşıb, burada Əminə Cəfərova, Anar Bulud, Azad Kərim, Tunar Ali, Günel İmanova, Pərvin Dadaşova, Səid Abbasov, Azər Ayazoğlu kimi istedadlı aktyorlar çalışır. Yeni teatrın repertuarında bütün janrlarında tamaşalar var. İstedadlı gənclərin repertuar seçimi isə çağdaş Azərbaycan və Avropa ədəbiyyatını əhatə edir. Bu günə kimi Ejen İonsekonun “Stullar”, İsi Məlikzadənin “Oğul”, Olsvaldo Draqunun “İtə çevrilən adam”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Rəsul Yunanın “Duel”, Frans Kafkanın “Çevrilmə”, Camal Rəsulun “Dilənçilər” kimi maraqlı əsərlər tamaşaçılara təqdim olunub. 
Bu il isə 3 yaşını qeyd edəcək teatrın yaradıcı heyəti yaxın gələcəkdə Stefan Sveyqinin “Naməlum qadının məktubu”, Samuel Bekketin “Qodonun intizarında”, Viktor Hüqonun “Edama məhkumun son günü”, Kobo Abenin “İstehkam” kimi bir-birindən maraqlı tamaşalara incəsənət aləminə səs salmaq barədə düşünür. 

Şah Matın yaşı az olsa da teatr beynəlxalq festivalda da iştirak etmək şansı qazanıb. Ötən il teatr Younes Valipourun müəllifi və rejissoru olduğu "Şüuraltı kölgələr" tamaşası ilə İran İslam Respublikasının Təbriz şəhərində keçirilən "Təbrizim" Beynəlxaq Meydan Teatrları Festivalında iştirak edib. Festivalda müxtəlif ölkələrdən Gürcüstan, Tacikistan, Türkiyə, Qazaxıstan, Makedoniya və s. rejissorların da işləri nümayiş olunub. "Şüuraltı kölgələr" tamaşasında rolları Mir Qabil Əkbərov, Anar Buludov, Gövhər Şabanova və Tunar Əlizadə oynayıblar. Təkcə tamaşaçılar deyil, beynəlxalq sənət yarışına Türkiyə, Gürcüstan, Tacikistan, Qazaxıstan, Şimali Makedoniyadan gələn sənət adamları da Şah Mat Teatrının çıxışını yüksək dəyərləndiriblər. Festivalın bağlanış mərasimində tamaşanın rejissoru Younes Valipour xüsusi mükafata layiq görülüb. 
Yalnız yüksək sənətə xidmət etməyi qarşılarına məqsəd qoyan truppanın sıxıntıları da çoxdur. Necə deyərlər, problemsiz də teatr olar? Özəl teatrın nə maddi dəstəyi var nə də xüsusi yeri. Teatr bu günə qədər müxtəlif səbəblərdən bir neçə dəfə məkan dəyişdirməyə məcbur qalıb. Ən əsası isə odur ki, ŞAH MAT Teatrı məkansız olsa belə fəaliyyətini uğurla davam etdirir. Teatr öz mövsümünü sentyabrın 5-də Ejen İonsekonun “Stullar”tamaşası ilə açacaq. 

Və sonda... Əziz oxucular və teatr sevənlər, Şah Mat Teatrının repertuarını izləyin, tamaşalarına getməklə teatra dəstək olun. Bu, həm də azad yaradıcılığa, mədəniyyətimizin gələcəyinə dəstək
olmaqdır.
 
Turan Etibaroğlu
 


Şah Mat Teatrı- sənət yanğısı bol, pul və məkanı olmayan kollektiv

Şah Mat Teatrı- sənət yanğısı bol, pul və məkanı olmayan kollektiv
Şah Mat Teatrı- sənət yanğısı bol, pul və məkanı olmayan kollektiv
Şah Mat Teatrı- sənət yanğısı bol, pul və məkanı olmayan kollektiv