\
19 Mart 2024 - Çərşənbə axşamı

“Zorlanan” Fuad və məkri-Zümrüd…

“Zorlanan” Fuad və məkri-Zümrüd…
1637baxış

Belə bir misal var, yıxılana balta vurmazlar. Çünki bir gün o yıxıldığı yerdən, yıxılmasan da büdrəyə bilərsən. Tam doğru. O üzdən gördüyüm, duyduğum hər olaya dərs kimi yanaşıram, həyat dərsi.  Ailəsində yaşananlara görə ACXP sədrinin müavinliyindən istefa verməyə məcbur qalan Fuad Qəhrəmanlının olayı da bu mənada əməlli başlı həyat dərsidir, siyasi hadisə olmazdan qabaq.  

Hər zaman düşünmüşəm insan evliliyə təkcə fizioloji yox, psixoloji də hazır olmalıdır. Bu mənada bizim cəmiyyət xeyli qüsurludur. Orta məktəbi bitirən qıza ər, əsgərlikdən gələn oğlana arvad axtarırlar. Həyat yoldaşı yox, ər, arvad. Beləcə ər-arvad olan adamlardan günlərin birində bir övlad dünyaya gəlir. Sonra eşidirsən ki, “əşi, bir uşaq, uşaq deyil, ikincisi də olsun”. Çevrənin səni “zorlaması” nəticəsində, ikinci dəfə uşaq dünyaya gətirirsən. Sona “babanın adı yerdə qaldı”, “nənənin adını kimə qoyaq?”  kimi yollar da açılır, növbəti uşaqlar üçün.  “Olmaz, saxlamağa güc çatmayacaq!” dedikcə, “əşi, Allah ruzisini yetirəcək, siz əkib-doğmağınızda olun” deyib, Allahın da boynuna məsuliyyət qoyulur.  Yəni bizdə nəsillələr, milət sayı belə artır, “zorlana-zorlana”, sevgisiz, duyğusuz. O üzdən doğulan uşaqların üzündə işıq olmur. Böyüyəndə isə xəbislik, hikkə, nifrət, aqressiya duyğuları güclü olur. Nə isə mətləbdən uzaqlaşmayaq. Demək istədiym odur ki, Fuad Qəhrəmanlının övladlarında bu sevgisizliyi, bu bezikliyi və tənhalığı duyur adam. Sevgidən doğulan cocuq deyil. Bir də onu duyursan ki, adam özü, natamam atadır. Valideynliyi qüsurludur. Niyəsini deyim? Hadisənin ilk günündə azı min nəfər bəyənmə edib, dəstəkləyirdi Fuadı. Dəstəkləyənlər təbii ki, qızını, yəni namusunu söyür. Fuad qarşılığında “təşəkkür eləyirəm” deyir publikaya. Bir əvəzinə, iyirmi bir profili olan cəbhəçilərin söyüş ağuşuna atır qız balasını.  Demək ki, ailədə münasibətlər sağlam deyil! Demək ki, ata dominant deyil! Sayılmır! Və bu sayılmamağın, sevilməməyin günahı nə o qız balalarda, nə də Fuad Qəhrəmanlının xanımı Zümrüddədir. Günah Fuaddadır. Çünki o, çox məhşur sevgilisi üzündən xanımını əzib, hara gəldi itələməməliydi. Çünki o, qız balasına dirənib, Əli Kərimliyə yazdığı kommenti sildirməməliydi. Çünki o, elə davranmalı idi ki, evə gələndə qadını bilsin, içəri kişi, uşağı bilsin, atası girib. Davranmayıb, demək ki, xarakteri və özünün böyüyüb, tərbiyə aldığı psixoloji mühit bərbad olub. Noolsun ki, siyasətlə məşğulsan! Noolsun ki, fəalsan, aktivistsən! Noolsun ki, iddiaların var!

Baxın cənablar, dünya, gözəl dünyadır. Amma bu gözəlim dünyada ömür boyu atalar oğullar, analar qızlar savaşı hökm edib. Yəni nəsillər arasında qovğa olub. Fuad Qəhrəmanlı ilə qızı Selcan kimi…

Məsələ də bu ki, gərək nəsillər qovğasında övladınla ortaq məxrəci tapasan. Tapdın nə əla, tapmadın, bunu bir gün mütləq kimsə tapacaq. Məsələn, Selcanı Azərbaycanın milli dəyərlərini söyən, aşağılayan bir psixoloqun tapdığı kimi. Tapacaq və onunla badə toqquşduracaq. Sonra da o qız, “dünya adamıyam” deyib, sənə qarşı “müharibə” elan edəcək.

Bir də sözüm Fuad Qəhrəmanlıyadır. İndi sizin böyütdüyünüz övladınız hədəfdir.  Əlinizdə yetişdirdiyiniz, ofislərdə qəpik-quruşla bəslədiyiniz gədələr, o balaları yeddi mərtəbəli söyür.  Guya sizi müdafiə etmək adı ilə. Əslində siz heç zaman anlamayacaqsınız ki, söyülən sizin ağzınız, üzünüz, var-yoxunuzdur. Selcanın atası olaraq. Heç olmasa var-yoxunuzu söyüb də sizi “müdafiə” edənlərə arsızca təşəkkürdə bulunmayın Belinizdən gələn qızlara yazıq. Hazır deyildinizsə “zorlanıb” da uşaq dünyaya gətirməyəydiniz. İradənizi evinizdə yaxınlarınıza, qadınınıza yansıda bilmirsinizsə, sizdən bir rica, qoyun ağlı, zəkası, iradəsi olanlar gəlib bu ölkədə müxalif söz desinlər…

Gələk ona ki, bəs bu hadisədə Fuad Qəhrəmanlının rolu nə qədərdir?  Zümrüd Yağmur əvvəldən sonuna qədər günahkardır. Ailəsini qura bilmədiyi, qızlarını bu qədər psixoloji qüsurlu, az qala müharibə meydanında böyütdüyü üçün.

Yox əgər deyən varsa ki, qadın acizdir, zəifdir, döyülüb. Mən məhz Zümdür Yağmurla bağlı bunu qəbul etmirəm. Sadəcə məsələ bu ki, Zümrüd Yağmur, planlarını onsuz psixolojisi qüsurlu qızları üzərindən reallaşdırıb.  Yoxsa illər öncə nə vardı ki, desin, bilirsiniz nə var?.. Bax, bu yarım, yar deyil, tərkin də qılmaq ar deyil… Deyib boşanıb gedə bilərdi. Deməyibsə, demək, başqa plan olub. Ona istədiklərini yaşatmayan, bir siyasətçini sağkən “öldürüb”, getmək. Buna da məkri-zənən, bu halda məkri-Zümrüd deyirlər.

Jalə Mütəllimova