\
1 Iyun 2020 - Bazar ertəsi

Hər yerindən duran... - Sevinc Telmanqızı yazır

Hər yerindən duran... - Sevinc Telmanqızı yazır
2594baxış

Parlament özünü buraxmağa peşman oldu... İndi iddiası ilə müddəası üst-üstə düşməyən nə qədər adam varsa, parlament seçkilərinə qatılacağını anons edir. Baxırsan ki, nə siyasi karyerası var, nə jurnalist imici, nə də ictimai fəal uğuru... Amma hesab edir ki, parlamentdə məhz bu oturmalıdır. Çoxuna elə gəlir ki, parlament buraxılıbsa, indi kim birinci “mən deputat olmaq istəyirəm” desə, dərhal mandatı ona verəcəklər. Sanki ən tez “mən” deyənlər yarışıdır. Ona görə də mənzərə absurdlaşıb.

İndi çoxunuz deyə bilərsiz ki, bu namizədliyini elan edən dəxilsiz adamların hansı keçmiş parlamentdəkilərdən əskikdir? Uğursuz müqayisələrə girmək istəmirəm. Amma biz “daha əskikləri” seçmə yarışına qatılmışıqsa, bunu kimsə xəbər etsin. Yox, əgər məqsəd indikindən daha uğurlu, faydalı, funksional heyət seçməkdirsə, o zaman prinsip də başqa cür olmalıdır. Bundan başqa, insanların siyasi fəallığını artırmaq gözəl şeydi, razıyam. Bəli, indi hamı gözünü dikib seçkilərə, hətta özü də seçkidə seçilən olmaq istəyir. Amma bu, onların siyasi fəallığından daha çox kürsü sevdasıdır. Bəli, çoxu baxır keçmişə, qazanan, qaz vurub qazan dolduran, amma fəaliyyəti sıfır olan deputatlara və deyir: “Xeyir ola, ona olar, mənə yox?” Halbuki siyasi aktivlik təkcə seçkiyə seçilən kimi qatılmaq sevdası deyil ki. Seçən kimi qatılıb da seçkinin taleyinə təsir etmək mümkündür.

Bu yaxınlarda bir keçmiş deputatın verdiyi müsahibədən qeyzlənən siyasi aktiv öz etirazını kulis arxasında məhz belə bildirmişdi: “Xeyir ola, o nə qədər oturdu parlamentdə, biz onda nəsə dedik? Indi imkan versin, bir az da biz oturaq da. Nədir, hər şeyi baltalayır?” Əslində mən onda çözdüm bu hekayəni. Bəli, burda bir məntiq var: sən yedin, imkan ver biz də yeyək. Yəni, “basıb yeməyənlərin” parlamentini quraq yox ha, “siz yeyib doyduz, indi növbə bizimdir” məntiqi. Büdcəyə, mandata sağmal inək kimi yanaşmaq, növbəlilik əsasında tamahı doyurma aksiyası.

Əlisi, Vəlisi, Pirvəlisi...bu günə qədər parlamentdə ağlına və ağzına gələni danışıbsa, seçicini saymadan illərlə orda otura bilibsə, bunlar daha ağıllı danışıb, seçicinin könlünü almaqla bu işin öhdəsindən gələcəyini düşünür. Hər şey bu qədər asan olsaydı, nə vardı ki? Üstəlik, gözlənti də odur ki, bu gün parlamentin buraxılması (oxu: öz fəaliyyətinin qeyri-qənaətbəxşliyi ilə bağlı etiraf) ilə bağlı prezidentə müraciət edən heç bir deputat növbəti dəfə seçkilərə qatılmasın. Daha doğrusu, məntiq odur. Amma baxıram, biz kimdən narazı idiksə, hamısı asta-asta, dodağının altında mızıldanır: Seçicilərimin iradəsinə və ölkənin rifahı üçün seçkiyə getməyi düşünürəm. Düşünməyi kəssəydiniz kaş ki. Bəzi düşüncələr sonda xalqın ziyanına işləyir.

Müxalifət də sağ olsun, bizi heç yanıltmadı. Seçki və boykot qərarları elan olunan kimi qırğın çıxdı dizə. Milli Şura Müsavatı, Əli İnsanov REAL-ı.... ittihama başladı. İştirak qərarı “soba”dan təzə çıxıb, hələ tüstüsü çəkilməyib, bunlar qılınclarını sıyırıblar. Halbuki elə ötən həftə “bəy, lütfən, siz yuxarı başa” deyib, dəyirmi masalarda çiyin-çiyinə “mücadilə aparırdılar”. Nə ötən həftə? Dördcə gün əvvəl... Gəlməyin bir araya o zaman. Ya da gəlin, qoy hamımız bir daha, yenidən sizi tanıyaq. Səriştəsiz ssenaristlərin yazdığı filmlər kimi, sonu öncədən bəlli olan hərəkətlərinizi izləyək. Bir daha peşman edin bizləri, növbəti dəfə... Xalq Hərəkatının iclaslarında bir-birinizə atdığınız yumruqların göyərtisi çəkilməmiş, qılıncınızı çıxarıb düşün sosial media meydanlarına. Xalq çörək və tamaşa istəyir onsuz da. Çörək az-çox var, tamaşanı, pəstahı da siz çıxarın, izləyək...

Sonra da deyirsiz, hər yerindən duran niyə parlamentə düşmək istəyir. O birilər heç olmasa yerindən dururlar, illərdir müdrik pozada yerindən tərpənməyənləri nə edək bəs?

 
Sevinc Telmanqızı