\
25 Aprel 2024 - Cümə axşamı

Deputatlığa namizədin seçicilərə ən böyük pisliyi

Deputatlığa namizədin seçicilərə ən böyük pisliyi
4237baxış

“Təki mən deputat olum, 35-ci dairə batsa da batsın”

35 saylı Xətai üçüncü Seçki Dairəsi 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərinin favoritidir. “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğlunun bu dairədən deputatlığa namizədliyini verməsi bütövlükdə seçki prosesini maraqlı edib. Əslində, sağlam rəqabət aparmaq istəyənlər üçün bu, olduqca mühümdür.

Amma neynəyək ki, zaman-zaman demokratiyadan, insan haqlarından dəm vuran 35-ci dairədəki bəzi namizədlər heç bir ölçüyə sığmayan, mənəvi dəyərləri aşan çirkli kampaniya ilə məşğuldurlar.

Əlbəttə, həmin adamların qara kampaniyası Rauf Arifoğlunun möhtəşəm Seçki Qərargahının uğurlu fəaliyyətinin kölgəsində tamami ilə itib batır. Ancaq məsələ ondadır ki, bu qara piar “aşiqləri”nin tutduğu şantaj yolu minlərlə, 10 minlərlə Xətai rayon sakinlərinin sosial problemlərinin həllinin qarşısını almağa yönəlib.

Məsələ belədir: Rauf Arifoğlunun Seçki Qərargahının üzvləri hələ imzatoplama kampaniyasında 35 saylı Xətai üçüncü Seçki Dairəsinin sakinləri ilə təmasda olarkən vətəndaşlar həm də onları narahat edən sosial – qaz, işıq, yol, nəqliyyat, zirzəmi, dam və s. problemlərini diqqətə çatdırıblar. Əslində, Azərbaycanda bir ənənədir seçicilərin seçki kampaniyası zamanı deputatlığa namizədlərdən sosial problemlərinin həllinə kömək istəmələri. 35 saylı dairənin sakinləri isə daha çox ona görə bu dərd-sərini dilə gətirib ki, onlardan Rauf Arifoğlu üçün imza yığan şəxslər jurnalistlər, “Yeni Müsavat” qəzetinin əməkdaşları olub. İmzatoplama kampaniyasında Rauf Arifoğlu özü də iştirak edirdi və vətəndaşlar onunla təmasda sosial problemlərini qeyri-ixtiyari dilə gətirir və bu məsələlərin “Yeni Müsavat”da işıqlandırılmasını istəyirdilər.

Vətəndaşların təbii ki, məlumatı var, “Yeni Müsavat” zaman-zaman bütövlükdə ölkə miqyasında insanları narahat edən problemlərdən yazıb və müvafiq strukturlar da buna reaksiya verərək, həll edib. 35 saylı dairənin sakinləri də “Yeni Müsavat”ın əməkdaşlarına sosial şikayətlərini ediblər. “Yeni Müsavat”ın əməkdaşları da bunları işıqlandırıblar.

Xətai o rayonlardandır ki, uzun illərdir burada problemlər yığılıb qalmışdı. Bir neçə ay öncə bu rayona uğurlu, xalqını sevən, düşünən bir şəxs – Rafiq Quliyev icra başçısı təyin edildi. O, vətəndaşlarla, media təmsilçiləri ilə görüşlərdə bəyan, çağırış edib ki, harada problem varsa, desinlər, yazsınlar, icra hakimiyyəti imkanları daxilində bunları həll etsin. Məsələ ondadır ki, bir az öncə Prezident İlham Əliyev Xətai Rayonunda abadlıq işlərinin aparılması üçün böyük vəsait ayırıb. Hələ seçki kampaniyası başlamazdan öncə də Xətaidə təmir, abadlıq işləri başlamışdı.

 



“Yeni Müsavat”ın bu arada yazdığı, işıqlandırdığı problemlərə də icra hakimiyyəti bəlli abadlıq işləri çərçivəsində adekvat reaksiya verdi; Xətai sakinlərinin “Yeni Müsavat” vasitəsi ilə göstərdiyi problemlərə də yön alınıb. Jurnalistlərimizin problemlərini çəkib göstərdiyi bir çox küçələrdə abadlıq işləri aparılır, binaların zirzəmiləri, damı təmir olunur.

“Yeni Müsavat” faktiki olaraq ənənəvi bir missiyasını yerinə yetirir: Prezidentin ayırdığı vəsaitin təyinatı üzrə xərclənməsinə çalışır, yerlərdə hansısa xırda məmurların vəsaitləri mənimsəməməsinə ictimai nəzarət funksiyasını həyata keçirir.

Bütün bu görülən işlər Xətai rayon seçicilərinin həyat şəraitinin yaxşılaşması, problemlərinin həlli üçündür. Ancaq bu dairədən deputatlığa namizəd olanlardan biri əlinə kamera alıb düşüb küçələrə, icra hakimiyyətindən təmir, abadlıq işlərinin dayandırılmasını tələb edir. Vətəndaşa, seçiciyə bundan böyük pislik olarmı?  

Təsəvvür edin, vətəndaş üçün çalışacağını, onun yanında olacağını sözdə vəd edən deputatlığa namizəd defakto, əməli olaraq bunun əksini edir: fərdi maraqları üçün icra hakimiyyətini şantaj edir ki, gördüyün işləri dayandır, seçicilər əvvəlki problemlərinin içərisində çabalaya-çabalaya qalsınlar. Bununla adam əsl mahiyyətini ortaya qoymuş olub ki, ona vətəndaşın günü-güzəranı, dərd səri qətiyyən maraqlı deyil, onun üçün yalnız fərdi maraqları üstündür. Sabir demiş, “Qoy mən salim olum, cümlə cahan batsa da batsın”. Görünən budur ki, vətəndaşa yekə-yekə vədlər verən bu şəxs seçkiyə şüuraltı bu şüarla qatılır: “Təki mən deputat olum, 35-ci dairə batsa da batsın”...

0e06e080-9934-49db-a0e1-d165b6e613b8.jpg (190 KB)

3d132c37-9f22-4a7e-918f-2a7852b68969.jpg (153 KB)

9e50ad91-3e9e-4929-9819-3c7607f53f23.jpg (262 KB)

aa599025-725a-4685-a92f-00f0e7d077b1.jpg (206 KB)