\
18 Fevral 2020 - Çərşənbə axşamı

O gedən gedib, düz beşinci ildir gözləsəm də, gəlmir... - Rumiyyə Mİraslan....

O gedən gedib, düz beşinci ildir gözləsəm də, gəlmir... - Rumiyyə Mİraslan....
1855baxış

Bu gecəki sevgi balladası...

Kulək elədən belə, belədən elə sovururdu qarı. Sanki yuxusunu qacırmaq istəyirdi. Bəlkə də qarla möhtəşəm rəqs etmək keçirdi könlündən. Qarsa hec təslim olmaq istəmirdi ona, Bəlkə də utanırdı. Ya da, “bir az səbr et, qoy əl-ayaq çəkilsin” - deyirdi.

Budur, artıq qarın gəlişinə sevinənlərin səs-küyü yavaş-yavaş səngiyir, pəncərə-qapılar bir-bir, iki-iki bağlanır, işıqlar tək-tək sönür. Az keçmir ki, məhəlləmiz? tamamilə qaranlığa qərq olur. Qarın ağappaq işığı gözlərimi qamaşdırsa da, otağıma çəkilmirəm. Bu gecə küləklə qarın balladasına canlı şahidlik etmək eşqindəyəm. Pəncərənin tülünü çəkib arxasında gizlənirəm ki, utanmasınlar məndən. Gizlincə onları güdürəm.

Aha, başladılar deyəsən... Allahım, necə də gözəldir. Külək məğrur duruşuyla qarı rəqsə dəvət edir. Qar nazlana-nazlana zərif qollarını dolayır küləyin boynuna. Küləksə qollarını qarın kürəyində birləşdirir. Qar başını azacıq əyir küləyə sarı, sanki köksünə sığınmaq istəyir. Gözlərini aramla yumub-açan külək qarın qulağına pıçıldayır: “Hardaydın, əzizim. Bu qədər ayrılığa necə dözürdün axı”. Qar isə cəld tərpənib bir əliylə küləyin ağzını tutur: "Susssss, əzizim, sus, soruşma bu ayrılığın səbəbini, gəl bir gecəlik də olsa, həsrətə son qoyaq".
Hər ikisi susur və sevgi valslarına başlayırlar. Külək qarı acgözcəsinə ağuşuna alıb səmada sürətlə dövrə vurur, yenidən aramla yerə endirir. Valsın ritmlərinə necə də dəqiqliklə əməl edirlər, yox-yox bəlkə də valsı öz ritmlərinə uyğunlasdırırlar.

Budur, artıq dan yeri ağarır, artıq səhər açılmaq istəyir. Küləklə qarın ayrılmasına sayılı dəqiqələr qalıb. Hər ikisi bunun fərqindədir. Ancaq külək bu ayrılığa qarşı çıxmaq istəyir, kükrəyir, coşur, çığırır, bağırır, etiraz edir sanki. Qarsa başqa çarə olmadığını qəbul edərək, ehmalca sürüşüb çıxır küləyin qucağından. Sərilir evlərin, həyətlərin, hasarların üzərinə. Küləksə bir göz qırpımında yoxa çıxır.

Çox kədərlidir ayrılıq səhnələrini izləmək. Ona görə də pəncərədən kənarlaşıb, gözlərimi möhkəmcə sıxıram ki, daha heç nə görməyim. Bir də onda açıram ki, bir saatdır mürgüləmişəm, artıq səhərdir. Dərhal yenidən pəncərəyə qaçıram. Bu nədir, Allahım...inana bilmirəm...bir saatın içində qar nə qədər ağlayıbsa, göz yaşı sel olub küçəmizdə...
 

(30.01.2014)

Rumiyyə Miraslan