\
18 Aprel 2024 - Cümə axşamı

Ölkəyə narkotik gətirənlər avtomobili hərbçilərin üstünə sürdü

Ölkəyə narkotik gətirənlər avtomobili hərbçilərin üstünə sürdü
1833baxış

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən KİV-ə verilən məlumata görə, mayın 4-də 115 kq narkotik vasitənin və odlu silahların ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.

Belə ki, saat 23:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonu­nun Əhmədli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahə­sində boz rəngli VAZ-2107 markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sər­həd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadı təlimata uyğun maskalanaraq həmin şəxsin hərə­kətini nəzarətdə saxlayıb, ağacın altından bir neçə bağ­lama götürərək avtomobilə doğru hərəkət edən zaman sərhəd nar­yadı ona “dayan” əmri verib. Lakin həmin şəxs əmrə tabe olmayıb, sərhəd naryadına qarşı müqavimət göstərməsinə və hadisə yerindən qaçmağa çalışmasına baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılıb.

Onun saxlanılmasını görən VAZ-2107 markalı avtomobilinin sürü­cüsü avtomobili sərhəd naryadının digər üzvlərinin üzərinə sürərək on­ların həyatına sui-qəsd edib və hadisə yerindən uzaqlaşıb. Sürü­cünün şəxsiyyəti müəyyənləşdirilib, hazırda saxlanılması üzrə əmə­liyyat-axtarış tədbirləri həyata keçirilir.

Saxlanılmış şəxsin 1970-ci il təvəllüdlü, Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayan, Rusiya Federasiyasının vətəndaşı Mehtiyev Şükür Əsgər oğlu olması müəyyənləşdirilib, onun avtomobilə daşıdığı və ağacın altında qalan bağlamalarda ümumi çəkisi 115 kq olan heroin, tiryək, marixuana və me­ta­fetamin növündə narkotik vasitələr, 1 ədəd 9 mm kalibrli “PAK RETAY-11” markalı tapança, 8 ədəd 9 mm kalibrli güllə, 1 ədəd daraq, 1 ədəd 12 kalibrli "Kral maqnium" mar­kalı ov tüfəngi, 19 ədəd 12 kalibrli İran istehsalı olan "Mahama" markalı güllə aşkar olunub.

Hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəllə­sinin 206-cı (Qaçaqmalçılıq), 228-ci (Qanunsuz olaraq silah, onun kom­plekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə et­mə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 318-ci (Azərbaycan Respublikasının dövlət sər­hədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb, cinayətkar qrupun digər üzvlərinin cinayət məsuliyyətinə cəlb olun­ması üzrə zəruri əməliy­yat-istintaq hərəkətləri davam etdirilir.