\
26 Aprel 2024 - Cümə

Maşında gizli “pub” işlədənlər həbs edildi - FOTO

Maşında gizli “pub” işlədənlər həbs edildi - FOTO
1859baxış
Avtomobili ilə obyektin qarşısında dayanan müştərilərə karantin qaydalarını pozaraq nəqliyyat vasitəsinin salonunda xidmət göstərən "pub” aşkar edilib.
 
Mediapress.az DİN-ə istinadən xəbər verir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərən "pub” aşkar edilib. Qəsəbənin R.Axundov küçəsində yerləşən "Kabak” restoranının sahibi Samir Qəhrəmanovun sanitar-karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi və müştərilər qəbul etdiyi məlum olub. Hətta obyektin sahibi restoranın işlədiyi barədə xüsusi reklam çarxları hazırlayaraq sosial şəbəkələrdə yayıb.
 
 Qeyd edək ki, Samir Qəhrəmanov və işçiləri məsuliyyətdən yayınmaq üçün  avtomobili ilə obyektin qarşısında dayanan müştərilərə elə nəqliyyat vasitəsinin salonunda xidmət göstəriblər. Bunun üçün S.Qəhrəmanov avtomobilin salonuna spirtli içkilər və yeməklər təqdim etmək üçün xüsusi qablar da düzəltdirib. Obyektə və oranın mətbəxinə baxış zamanı yeməklərin adi sanitar-gigiyenik qaydalara belə əməl olunmadan hazırlandığı ortaya çıxıb. Tədbir zamanı obyektin ümumilikdə 11 işçisi və 7 müştərisi saxlanılaraq Polis İdarəsinə gətiriliblər.
 
Xüsusi karantin qaydalarını pozan Samir Qəhrəmanov və restoranın əməkdaşı Azad Böyükişiyev rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 10 və 30  sutka inzibati qaydada həbs edilib.
 
Əlavə edək ki, araşdırma zamanı A. Böyükişiyevin narkotik vasitə aludəçisi olduğu da məlum olub. Müştərilər və obyektin digər əməkdaşları barəsində isə Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək hər biri 100 manat cərimə olunublar.