\
17 Aprel 2024 - Çərşənbə

Gəncədə “Eliş” ləqəbli narkotacir saxlanıldı

Gəncədə “Eliş” ləqəbli narkotacir saxlanıldı
1605baxış

Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, şəhər sakini Etibar Yaqubov saxlanılaraq ŞBPİ-yə gətirilib və üzərinə baxış keçirilən zaman 76 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı E.Yaqubova həmin narkotik vasitəni satan şəxsin Gəncə şəhər sakini - “Eliş” ləqəbi ilə tanınan Eldəniz İmanlı olduğu müəyyən edilib. E.İmanlıya və bibisinə məxsus şəhər ərazisindəki fərdi yaşayış evlərində keçirilən əməliyyat-axtarış zamanı 11 qutuda ümumi çəkisi 32 kq və “qara bazar”da satış dəyəri 300 000 manat olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı E.İmanlı narkotik vasitənin toxumunu bir neçə il bundan əvvəl Gürcüstan Respublikasından gətirdiyini və satmaq üçün ötən ilin mart ayında əkərək ona qulluq etdiyini bildirib.

Saxlanılan şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.