\
10 Iyul 2020 - Cümə

Rafael Dadaşov xatirələrdə... - Həmkarları haqqında danışdılar... - FOTOLAR

Rafael Dadaşov xatirələrdə... - Həmkarları haqqında danışdılar... - FOTOLAR
2070baxış

O, KİM OLUB?

Artıq o, aramızda yoxdur... Haqq dünyasındadır...

Azərbaycan mədəniyyətinin,teatr və kinosunun itirdiyi ustad sənətkar - Rəfael Dadaşov 74 yaşında bu dünya ilə əbədi vidalaşdı.

Rafael Dadaşov 1946-cı il yanvar ayının 4-də Zaqatala rayonunda anadan olub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1976-cı ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan aktyor ötən illər ərzində bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda Zaur, Don Juan (“Ümid”, “Bəşərin komediyası, yaxud Don Juan”, M.İbrahimbəyov), Klavdi, Klavdio, (“Hamlet”, “Heç nədən hay küy”, V.Şekspir), Bəhram, (“Fitnə”, A.Şaiq), Vojevatov və Paratov (“Cehizsiz qız”, A.Ostrovski), Rövşən (“Əliqulu evlənir”, S.Rəhman), Müstəntiq (“İstintaq”, R.İbrahimbəyov), Birinci reportyor (“Səhra yuxuları”, Anar), Knyaz Xasay, Qədim, Cəmil (“Xurşidbanu Natəvan”, “Büllur sarayda”, “Unuda bilmirəm”, İ.Əfəndiyev), Fikrət və Rəşad (“Kimdir haqlı?”, B.Vahabzadə), Mirzə Fətəli (“Mirzə Şəfi”, N.Xəzri), Vasif (“İblis”, H.Cavid), Qiyas (“Şəhərin yay günləri”, Anar), Murad (“Nakam qız”, A.Şirvanzadə), Fəxrəddin (“Qılınc və qələm”, M.S.Ordubadi), Camal (“Nişanlı qız”, S.Rəhman), Həsən Soltan (“Şeyx Xiyabani”, İ.Əfəndiyev), Mindövlət və Aydar (“Sokratı anma gecəsi”, Ç.Aytmatov və M.Şahanov), Tesey (“Fedra”, J.Rasin), Özdəmir (“Afət”, H.Cavid), Şeyx Nəsrullah (“Ölülər”, C.Məmmədquluzadə), Hatəmxan ağa (“Müsyö Jordan və dərviş Məstəli şah”, M.F.Axundzadə), Agah (“Qanlı Nigar”, S.Şendil), Filippo (“Qoca kloun tələb olunur”, M.Vişnek), Anton Antonoviç Skvoznik-Dmuxanovski (“Müfəttiş”, N.Qoqol) və s. müxtəlif xarakterli yaddaqalan dramatik və tipik obrazlar yaratmış, ümumilikdə 100-ə yaxın rolda uğurla çıxış etmişdir. Rafael Dadaşovun yaradıcılıq məharəti televiziya və kino sahəsində də diqqət çəkmiş, mütəxəssislərin və tamaşaçıların yüksək dəyərini qazanmışdır. Aktyorun çəkildiyi “Var olun, qızlar”, “Yarımçıq qalmış serenada”, “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” bədii filimləri və “Qaçaq Süleyman” televiziya filmi, “Mehmanxana sahibəsi”, “Səni axtarıram”, “Bağışla”, “Yollar görüşəndə”, “Topal Teymur”, “Ordan-burdan”, “Mənim günahım”, “Göz həkimi”, “İblis qadın”, “2-ci bahar”, “Sənə inanıram” və s. televiziya tamaşaları bu qəbildən olan yaradıcılıq işləridir. Yaradıcılığındakı uğurlarına və səmərəli fəaliyyətinə görə Rafael Dadaşov 1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına, 2019-cu ildə “Şöhrət” ordeninə layiq görülüb. 2008-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Oğlu Emil Dadaşov:

- Atam Rafael Dadaşov haqqında danışmaq çox çətindir. O, əvəzsiz ailə başçısı idi, atam tək bizə məxsus deyildi. O, Azərbaycana məxsus idi. Tək sənət dostlarına deyil, hamıya canla-başla kömək etməyə hazır idi. Bizim qapını kim döyübsə, əlidolu gedib. Allah bizə Rafael Dadaşov sevənlərə səbr versin.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva:

Rafael Dadaşov Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan aktyor idi. Azərbaycan xalqının çox dəyərli sənətkarlarından biri idi, adətən belə insanlar xalqın sərvəti olur.Təbii ki, onun itkisi hamını üzdü, kədərləndi. Mən onunla uzun zaman idi ki, tanış idim. Çox görüşlərimiz olub, ona həmişə deyərdim ki, ”adam var bu sənətdə sonradan gəlir, adam da var ki,bu sənət üçün doğlur siz bu sənət üçün doğulan insan olmusuz”. O sənətkar xoşbəxt olur ki o dünyadan köçəndən də sonra qəlblərdə yaşayır,hələ də sevilir. Rafael Dadaşov məhz elə sənətkarlardan idi. Mən ümid edirəm gənc nəsillər Rafael Dadaşov sənətindən, sənətkarlığından öyrənəcəklər ondan ibrət götürəcəklər,çünki Rafael Dadaşov bir məktəb idi.Nə qədər ki, Azərbaycan mədəniyyəti var Rafael Dadaşov adı sənəti daima yaşayacaq ruhu şad məkanı cənnət olsun.

Xalq Artisti Hacı İsmayılov:

Bu gün həm uzun illər çalışdığım sənət yoldaşımı həm də dostumu itirdim. O, çox böyük və əvəzi olunmayan akyor idi. Azərbaycan teatrına, televizyasına, kinosuna ağır itkidi. Çünki belə aktyorun yetişməsi zaman lazımdır. Rafael Dadaşov iki görkəmli sənətkarın ailəsində doğulmuşdu. Onun səsi, görkəmi onun səhnə mədəniyyəti ona imkan verirdi ki, o baş rolları ifa etsin. Mən xoşbəxtəm ki,1974-cü ildən belə bir insanla çiyin-çiyinə çalışmışam. Rafael müəllim ilə biz həm səhnədə həm kinoda həm də televizya tamaşasında birlikdə oynamışıq. Tərəf müqabil kimi isə Rafael müəllim çox gözəl tərəf-müqabil idi onunla oynamaq mənə o qədər rahat idi ki, çünki o heçkimə mane olmurdu, şərait yaradırdı ki, tərəf müqabildə öz sözün desin. Çox heyif ki,bu cür sənətkarları itiririk. Allah rəhmət eləsin ailəsinə və onu sevənlərə baş sağlığı verirəm.

Xalq Artisti Əli Nur:

Rafael Dadaşov Azərbaycan teatr və kino sənətinə alternativ olmuyan böyük bir aktyor idi. Allah-Təala ona hər şey vermişdi, fiziki görünüş, gözəllik, qəşəng səs tembri, qeyri-adi plastika və böyük istedad vermişdi. O, ilk dəfə Akademik Milli Dram Teatrına səhnəyə çıxanda tamaşaçılar onu görən zaman nəfəsini içinə çəkmişdi nəfəs verməmişdilər çünki, bu cür qeyri-adi görünüş, ilahi görünüş, böyük istedad idi. Ona hamı Alen Delon deyirdilər. Akademik Milli Dram Teatrın səhnəsində böyük rollar, sevilən obrazlar yaratdı. Həm sənətkar olmaq, həm də gözəl insan olmaq çətindi. Rafael Dadaşov ilə bütün dünyanı gəzmək olardı çünki gözəl yol yoldaşı idi.Onunla səyahət zamanı doymaq olmazdı yol boyu yumorlar danışardı. Mən onunla çox qastrollarda olmuşuq bir otaqda qalmışıq. Allah rəhmət eləsin!

Xalq Artisti Cəfər Namiq Kamal:

- Azərbaycan teatrı və kinosu gözəl bir aktyoru itirdi. Biz həmdə gözəl və sadiq dostumuzu,tərəf-müqabilimizi itirdik. Mənim üçün isə çox çətindi bu itki, mən Rafael ilə uzun müddət bir otaqda qrimlənirdik. Biz onunla oturub təkbə-tək dərdləşirdik,söhbət edirdik. Təbii insan idi eyni zamanda təbii aktyor idi. Onunla dəfələrlə tərəf-müqabil olmuşuq,onunla bir səhnədə oynamaq insana çox rahatlıq verirdi. Rafael öz tərəf-müqabili ilə dil tapa bilirdi. Allah rəhmət eləsin Dadaşovlar ailəsinə və Rafael Dadaşov sevənlərə Allah səbr versin!

Əməkdar Artist Sənubər İsgəndərli:

- Rafael Dadaşov çox səmimi insan idi, uşaqla-uşaqla, böyüklə-böyük idi.Onunla bir səhnəni bölüşmək xoşbəxtlik idi. afael Dadaşov böyük sənət idi, o öz tərəf-müqabilinə kömək edərdi özündən çox tərəf-müqabilinə şərait yaradırdı.Onun böyük səhnə mədəniyyəti var idi.Onunla o qədər xoş xatirələrimiz var ki danışmaqla bitməz. Səhnəmizdən daha bir sənətkar getdi. llah rəhmət eləsin ruhu şad olsun.

Əməkdar Artist Elxan Quliyev:

Rafael Dadaşov elə adam idi ki,teatrda onu hamı sevirdi,bəzən olur ki insanı 100 adam sevər 5 adam sevməz Rafael Dadaşovu hamı sevirdi. İnsan kimi çox gözəl insan idi. Aktyor kimi isə onun tayı bərabəri yox idi.O,böyük aktyor idi onun yeri görünəcək. Əməkdar artist Vəfa Zeynalova Hamımız üçün böyük itkidi,Azərbaycan incəsənəti üçün ağır itkidi.Rafael Dadaşov haqqında danışmaq çox çətindi.O, hər zaman mənə ata kimi qayğı göstərirdi.Rafael Dadaşovun oturuşu,duruşu,səhnə mədəniyyəti bizim üçün bir örnək idi.Onunla bir səhnədə olan zaman insan özündə böyük məsuliyyət hiss edirdi ki,hanısa sözüm,hərəkətim onun xətrinə dəysin,ona çətin gəlməsin.Allah rəhmət eləsin Rafael Dadaşov kimi sənətkarlar 100-ildən bir gəlir. 

Allah rəhmət eləsin!

Hazırladı: Turan Etibaroğlu

Fotolar Turan Etibaroğluna aiddir.