\
28 Noyabr 2021 - Bazar günü

Mədəniyyət naziri Musiqili Teatra baş rəssam təyin etdi - FOTOLAR

Mədəniyyət naziri Musiqili Teatra baş rəssam təyin etdi - FOTOLAR
1140baxış

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə istedadlı gənc rəssam Vüsal Rəhim Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rəssamı vəzifəsinə təyin olunub.

Mediapress.az xəbər verir ki, Vüsal Rəhim ona göstərilən bu etimada görə nazirə və çalışdığı teatrın rəhbərliyinə təşəkkürlərini bildirib: “Bu təyinat mənə olan inam və etibarın nümunəsidir və üzərimə düşən məsuliyyətimi bir daha artırır. Göstərilən etimadı doğruldacağıma, fəaliyyətimi daha məsuliyyətlə davam etdirəcəyimə söz verirəm”.

Qeyd edək ki, Vüsal Xəlil oğlu Rəhimov 20 dekabr 1987-ci ildə Gəncədə anadan olub. 1994-2005-ci illərdə Gəncə şəhəri 20 saylı orta ümumtəhsil məktəbində oxuyub. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Teatr-dekor sənəti" ixtisası üzrə bakalavr təhsili alıb. 2011 - ci ildən müstəqil yaradıcılıq fəaliyyətinə başlayan Vüsal Rəhimov elə həmin ildən həm də quruluşçu rəssam kimi ölkənin ayrı - ayrı teatrlarında onlarla tamaşanın quruluşçu rəssamı olub.

2014-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bədii tərtibat işlərinin icraçı rəssamı, 2019-cu ildən bu ilin noyabr ayınadək isə quruluşcu rəssam kimi fəaliyyət göstərib.

"Skapenin kələkləri" (J.B.Molyer), "Yatmış gözəl va cırtdanlar" (Ş.Pero), "Qızıl toy" (O.Kazımi, R.Heydər), "Cırtdanın Yeni il sərgüzəşləri" (Azərbaycan xalq nağılı "Cırtdan"ın motivləri əsasında), "Nuri-didə Ceyhun" (Ə.Əmirli), "Qızıl açar” və yaxud “Buratinonun macəraları" (A.Tolstoy), "Paris Notr-Dama ithaf" (V.Hüqo səhnələşdirmənin müəllifi: S.Qulamov) kimi tamaşalara bədii tərtibat verib.

O, bədii tərtibat verdiyi bütün tamaşalarda əsərin rejissor tərəfindan düşünülən ideya istiqamətinin açılmasına, obrazların bədii təsvir vasitəsi ilə, dəqiqliklə yozulması məsələlərinə böyük önəm verir və bunu yaradıcılığında uğurla həyata keçirir.

Ümumilikdə 4 fərdi sərginin müəllifi olan gənc rəssam 100-ə yaxın yerli və beynəlxalq sərgidə iştirak edib, 40-a yaxın sosial-mədəni layihənin meneceri, həmçinin 3 çoxserialı bədii filmin quruluşcu rəssamı, çox sayda tamaşa və konsertlərin səhnə və geyim tərtibatçısı olub.