\
20 Aprel 2024 - Şənbə

Gülyanaq Arif Quliyev haqda: “Güldürməyinə baxmayın, hər zaman gözləri qəmli idi” - Video

Gülyanaq Arif Quliyev haqda: “Güldürməyinə baxmayın, hər zaman gözləri qəmli idi” - Video
1932baxış

“Arif Quliyev güldürürdü, amma daxildə hər zaman ağlayırdı. Onu yaxından tanıyan insanlar necə həssas və kövrək olduğunu daha yaxşı bilir. Çünki o, efirlərdən, səhnələrdən hər zaman insanlara gülüş bəxş edirdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Gülayanaq Məmmədova “O üz” verilişinə müsahibəsində deyib. 

Mərhum Xalq artisti Arif Quliyevin acı və ürəkdağlayan taleyindən söz açan sənətçi, ailələrinin yaxından dostluq etdiyini bildirib. 

“O qədər çətinliklərlə üzləşdiyi günləri, ayları, həftələri olub ki, onları yalnız bizlə dost kimi bölüşərdi. 1996-ci ildən Arif Quliyevlə qonşu olmuşuq. Çox gözəl qonşu olub. Aramızda o qədər doğmalıq, yaxınlıq var idi ki, evimizin açarını belə bir-birimizə etibar edirdik. O, keçdiyi keşmə-keşli yollar, uşaq evində nə əziyyətlər, nə çətinliklər gördü. Hətta söylədi ki, gəldim vağzalda düşdüm, qalmağa yerim yox idi, bir tikə çörək almağa pulum yox idi, hamı getdi, özümü yuxuluğa vurdum. Gəlib oyatdılar ki, harasa gedirsənsə, qatar gedir. Gözümü açıb, söylədim ki, getməyə yerim yoxdur. Özünün zəhməti ilə sənətdə hörmət qazanıb. Gəlib Xalq artisti fəxri ad zirvəsinə ucaldı. Ailəsinə, övladlarına gözəl ata, xanımına isə ömür-gün yoldaşı oldu. Həyat yoldaşını çox istəyirdi.

Onu çox əzizləyirdi. Arif Quliyevi oğul dərdi yıxdı. Güldürməyinə baxmayın, onun hər zaman gözləri qəmli idi. Gözündə qəm-qüssə vardı. Qonşu olduğumuz zamanlarda o hadisələr baş vermişdi. Onun kədərinə şahid olub, dəstək olmağa çalışmışıq. Ariq Quliyevin dünyadan köçməsinə çox pis olduq, sarsıldıq. İnsan deyir ki, bir anlıq gəlsin, onun boynuna sarılıb, bağrına basaram”. 
Qeyd edək ki, A.Quliyev ötən il koronavirusa yoluxmuş, ağ ciyərinin 90 faizi zədələndiyindən "Yeni klinika"da süni tənəffüs aparatına qoşulmuşdu. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Xalq artisti ötən ilin mayın 7-də 71 yaşında dünyasını dəyişib.