\
20 Aprel 2024 - Şənbə

İzləyicilər yenidən "Köhnə çamadanlar" filminə baxmağa axışdı - FOTOLAR

İzləyicilər yenidən "Köhnə çamadanlar" filminə baxmağa axışdı - FOTOLAR
3285baxış
Sentyabrın 27-də Bakının "Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında “Köhnə çamadanlar” filminin media nümayəndələri və Vətən müharibəsi qaziləri üçün nümayişi baş tutub.
 
Mediapress.az-ın məlumatına görə, şəhidlərin anım gününə təsadüf edən nümayişdən öncə filmin yaradıcı heyəti, real qəhrəmanları və İkinci Qarabağ müharibəsi qaziləri çıxış edərək fikirlərini bölüşüblər.
Ekran işində şəhid atası obrazını canlandıran Xalq artisti Məmməd Səfa, eləcə də filmdə haqlarında söhbət gedən Birinci Qarabağ müharibəsinin qadın iştirakçıları Aliyə Piriyeva, Kəmalə Qəhrəmanova, Xanımzər Həsənova və Məhəbbət Paşayeva, eləcə də 44 günlük Vətən müharibəsinin qaziləri ürək sözlərini bölüşdülər.
Ekran əsərinin haqq savaşımız, onun iştirakçıları və qəhrəmanlarının həyat hekayələrini geniş tamaşaçı auditoriyasına təqdimat baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.
 
Müharibənin ağrılarını hələ də fiziki və mənəvi yük kimi daşıdıqlarını, amansız savaşın həyat yollarında dərin izlər qoyduğunu və məhz belə filmlər sayəsində az da olsa yaşayıb, hiss etdiklərinin təsvirindən təsəlli umduqların dedilər.
 
Filmin yaradıcı heyətinin bu işə yanğı ilə yanaşdığını, illərlə köhnəlməyən xatirələrinin təbii və təsirli çalarlarla kinolentə köçürüldüyünü də məmnunluqla dilə gətirdilər.
“Köhnə çamadanlar”ın çəkilişinə və yayımına dəstək olan şəxs və qurumlara təşəkkürü də unutmayan çıxışçılar Qarabağ həqiqətləri, haqq mücadiləmizin gələcək nəsillərə, həmçinin dünya insanına çatdırılması üçün bu kimi nümunələrin daha çox çəkilib, nümayişinə böyük ehtiyac olduğunu dedilər.
Çıxışların ardınca nümayiş olunan film alqışlarla qarşılandı.
 
Xatırladaq ki, real həyat hekayələri əsasında çəkilən film müharibənin qadınların taleyində buraxdığı ağrılı izlərə ekran həyatı verib. Birinci Qarabağ müharibəsində torpaqlarından didərgin düşən, işgəncələrə məruz qalan, doğmalarını itirən müxtəlif qadın obrazları, onların yaşadıqları psixoloji travmalar filmdə öz əksini tapıb. Eyni zamanda bu ekran əsərində 44 günlük Vətən müharibəsini və qələbə sevincini əks etdirən sənədli kadrlar yer alıb.
 
Filmin quruluşçu rejissoru Saida Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vuqar Camalzadə, art direktoru Tahir Əliyev, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, redaktoru Həmidə Rüstəmova, menecerlər Aynurə Əkbərova və Gülər Məlikdir.
 
Ekran əsərində rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Nəsibə Eldarova, Şəfəq Əliyeva, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Oksana Rəsulova, Zülfiyyə Nəzər Məmmədova, Rada Nəsibova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M. Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və başqaları oynayırlar.
Psixoloji dram janrında çəkilən filmdə İkinci Qarabağ Müharibəsinin iştirakçıları, Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarında xidmət edən hərbçilər, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslər də iştirak ediblər.
 
2021-ci ilin payızından çəkilişlərinə başlanılan "Köhnə çamadanlar” tammetrajlı bədii filmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, "RS Production” və "OYUN” inklüziv teatr Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib.
 
Qeyd edək ki, film sentyabrın 29-dan etibarən bütün "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.