\
19 Aprel 2024 - Cümə

Kukla Teatrı “Xəzərin sahili”ndən mükafatla döndü - FOTOLAR

Kukla Teatrı “Xəzərin sahili”ndən mükafatla döndü - FOTOLAR
1547baxış
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 22-24 sentyabr tarixlərində Rusiya Federasiyasının Həştərxan Vilayətində keçirilən “Kaspiyskiy bereq” (Xəzərin sahili) adlı VI Beynəlxalq Teatr Festivalında iştirak edib.
Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmovanın səfərlə bağlı Mediapress.az-a verdiyi açıqlaması:
“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası və teatrın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə reallaşan bu səfər Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutdu. Teatr təmsilçilərimiz Xəzəryanı ölkələrin kukla teatrlarının festivalda repertuarın yeni nümunəsi olan “Üç cəsur” tamaşaçı ilə çıxış edərək münsiflər heyətinin və çoxsaylı tamaşaçıların rəğbətini qazana biliblər. Belə ki, Rusiyanın məşhur teatr mütəxəssislərinin təmsil olunduğu münsiflər özünün teatr ənənəsini formalaşdıran, kukla sənətində öz dəst-xəttini yaradan teatrımızın təqdim etdiyi nümunənin yüksək peşəkarlıq və zəngin kukla sənəti estetikasında hazırlandığını bildiriblər. Beləliklə, tamaşa festivalın laureat və “Priz sodrujestvo” diplomları ilə təltif olunub. Məlumat üçün bildirək ki, Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum pyesinin motivləri əsasında Rəhman Əlizadənin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru və rus dilinə tərcümə edəni Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur".
Onu da qeyd edək ki, festival Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı və Həştərxan Vilayət Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iki ildən bir keçirilir.