\
23 Aprel 2024 - Çərşənbə axşamı

Sumqayıt Dövlət Teatrı - 50 il

Sumqayıt Dövlət Teatrı - 50 il
1823baxış

Azərbaycanın görkəmli teatr xadimi, rejissor Hüseyn Ərəblinskinin adını daşıyan Sumqayıt Dövlət Dram Teatrı 1968-ci ildə yaranmışdır.

1969-cu ildə Azərbaycan hökuməti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul etmişdir. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir.

1968-ci ilin sentyabr ayında Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional kollektiv – H. Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yarandı.

Öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissoru Cənnət Səlimova) məzhəkəsi ilə açan teatr, sabahısı gün öz tamaşaçılarını ingilis dramaturqu Con Patrikin “Qəribə missis Cəvic” (rejissoru Nəsir Sadiqzadə) tragikomediyası ilə sevindirdi.

1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatra "Sumqayıt Dövlət Dram Teatrı" statusu verildi. 

Teatrın repertuarına klassik və müasir Azərbaycan, rus və xarici ölkə dramaturqlarının pyesləri daxildir.

Mixail  Lermonovun "Maskarad", Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin", İ. Ştokun "İlahi komediya"sı və s. teatrın səhnəsində məharətlə oynanılmışdır

Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" əsərinin tamaşası 1981-ci ildə teatr tamaşalarına SSRİ ümumittifaq baxışının diplomuna layiq görülmüşdür.

Teatrda bir müddət xalq artistləri – Rza Əfqanlı, Barat Şəkinskaya, görkəmli rejissor Mərahim Fərzəlibəyov çalışmışlar. Teatrın yetirmələri – Afaq Bəşirqızı, Hicran Mehbalıyeva, Valeh Kərimov, Rövşən Almuradlı, Kazım Abdullayev, Məzahir Süleymanov Azərbaycanın tanınmış incəsənət xadimləridir.

Azərbaycan Respublikasının Prezidenti 25 sentyabr 2008-ci ildə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı ilə bağlı 2 sərəncam vermişdir. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə teatrın 2 əməkdaşına "Azərbaycan Respublikasının xalq artisti", 6 əməkdaşına "Azərbaycan Respublikasının əməkdar artisti", 3 əməkdaşına "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adları verilmiş və 6 əməkdaş "Tərəqqi medalı" ilə təltif edilmişdir.

 

Sumqayıt Dövlət Teatrının kollektivini 50 illik münasibəilə təbrik edirik!

Mediapress.az