\
28 Mart 2024 - Cümə axşamı

A.Şaiq adına Kukla Teatrı mövsümə yekun vurdu - Media nümayəndələri mükafatlandırıldı - FOTOLAR

A.Şaiq adına Kukla Teatrı mövsümə yekun vurdu - Media nümayəndələri mükafatlandırıldı - FOTOLAR
1009baxış

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci teatr mövsümünü də uğurla yola saldı.

Bu gün ənənəyə sadiq qalaraq həm Kukla Teatrının özünün aktyorlarına, həm tərkibində fəaliyyət göstərən "Oyuq" teatrının balaca oyunçularına, həm də binanın ikinci mərtəbəsində qonaqlarına qucaq açmış "Yuğ" teatrının əməkdaşlarına mükafatlar verildi. Bundan başqa, tədbiri ilk olaraq öz çıxışı ilə açan Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə media nümayəndələrinin illik fəaliyyətini yüksək qiymətləndirdi. "Onlar olmasa, bizim zəhmətimiz də boşuna gedər", - deyən Rəşad müəllim kollektivinin üzvlərinə xüsusi diqqət ayırması ilə də yaddaşlarda qaldı. Belə ki, o,  Qurban Mənsimovu "Əməkdar artist" fəxri adına layiq görülməsi münasibətilə təbrik etməyi unutmadı. İl ərzində balaca tamaşaçılarına göstərilən tamaşalardan, gördükləri işlərdən, layihələrdən qısaca hesabat verən teatrın rəhbəri yeni mövsümdə daha böyük uğurlara imza atacaqlarını da vurğuladı. 

Xatırladaq ki, il ərzində teatrın fəaliyyətini davamlı və geniş şəkildə işıqlandıran, silsilə reportaj, təhlil, müsahibə və resenziyaları ilə onun yaradıcılığını gündəmdə saxlayan kütləvi informasiya vasitələri təmsilçiləri də "Teatrın dostu" nominasiyası ilə təltif olundular. Onların arasında Kaspi.az-dan Xəyalə Rəis, Manera.az-dan Şəhla Aslan, 525-ci qəzetdən Şəhanə Müşfiq, Mediapress.az informasiya agentliyindən Könül Aypara, Open.az-dan Ülviyyə Həsənqızı və digərləri də var idi.

Kukla Teatrına göstərdiyi təşəbbüsə görə təşəkkür edirik, nominasiyaya laqiq görülən hər kəsi ürəkdən alqışlayırıq!

Mediapress.az