\
8 Avqust 2020 - Şənbə

“Oyun” teatrı “Solğun sevgilər”ini təqdim edir

“Oyun” teatrı “Solğun sevgilər”ini təqdim edir
1854baxış

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün irimiqyaslı sosial layihələri sırasına birini də əlavə etdi. Belə ki, teatr sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin incəsənət vasitəsilə cəmiyyətə inteqrasiyası məqsədilə yaratdığı “Küllücə” teatr-studiyasının ardınca özünü səhnədə realizə etmək arzusunda olan həvəskarların təmsil olunduğu “Oyun” adlı teatrını da təsis edib.

Teatrın mətbuat xidmətindən Mediapress.az-a verilən məlumata görə, əlilliyi olan çoxsaylı istedadlı vətəndaşlarımızın müraciətlərinə əsasən təşkil edilən teatrın ilk səhnə işi “Solğun sevgilər” adlanır. Dekabrın 6-da (saat 18.00) Dövlət Kukla Teatrının böyük zalında baş tutacaq premyera Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə teatrın birgə layihəsidir. Görkəmli dramaturqumuz Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə onun “Solğun çiçəklər” dramına müraciət edən yaradıcı heyət klassik nümunəyə tam fərqli səhnə yozumu verib. Pyesin motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılovdur. Tamaşanın əsas ideyası sədaqət, dürüstlük, dostluq və saf məhəbbətin əbədiyaşarlığıdır. Fiziki əlillikdən çox mənəvi şikəstliyin qüsur olmasına diqqət çəkən səhnə işində baş rollardan savayı bütün obrazları həvəskarlar canlandırırlar. Birhissəli səhnə nümunəsində rolları Xəqani Əliyev, Aysel Əlizadə, Nazlı Əliyeva, Səma Məmmədova, Rəsul Məmmədli, Rəsul Zəkiyev, Taleh İsmayılov, eləcə də aktyorlar Türkay Cəfərli, Cavid İbrahimov, Ülviyyə Əliyeva, Elnarə Qədimova, Zümrüd Qasımova və Günay Əhməd oynayırlar. Qeyd edək ki, “Oyun” teatrının həvəskarlarına pedaqoq və peşəkar aktyorların iştirakı ilə səhnə danışığı, vokal, xoreoqrafiya dərsləri də tədris olunur.