\
28 Mart 2024 - Cümə axşamı

30-31 may tarixlərində “Bilgah Beach Hotel” otelində Xəzər Neft və Qaz konfransı keçiriləcək

30-31 may tarixlərində “Bilgah Beach Hotel” otelində Xəzər Neft və Qaz konfransı keçiriləcək
1309baxış

Mediapress.az xəbər verir ki, 30-31 may tarixlərində “Bilgah Beach Hotel” otelində Xəzəryanı regionda energetika sektorunun nəhəng tədbiri sayılan 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransı keçiriləcək. Konfrans Xəzər Neft və Qaz sərgisinin tərkib hissəsidir və  neft-qaz sektorunun rəhbərləri ilə yanaşı, bu sektor ilə əlaqədar olan müxtəlif sahələrin rəhbərləri üçün də əsas platformadır.

Builki konfransda dünyanın 30-dan çox ölkəsini təmsil edən 600-dən artıq deleqatların iştirakı gözlənilir. Tədbirin ənənəvi iştirakçıları arasında SOCAR, BP, Equinor, Petronas, Inpex, Dentons, Socar AQS, Total, Nobel Upstream və digər dünyaca məşhur şirkətlər yer alır.

Sinerji - qlobal inkişafa aparan yol: enerji təhlükəsizliyinə və dayaniqliğa doğru. Bu, hər il keçirilən və həm sənayenin, həm də beynəlxalq əməkdaşlığın inkişaf vektorlarını müəyyən etmək məqsədi ilə neft-qaz sahəsinin aparıcı şirkətlərini bir araya gətirən Caspian Oil & Gas konfransının plenar sessiyasının adıdır. Auditoriyada sənayenin ən aktual mövzuları (enerji təhlükəsizliyi, sektorun rəqəmsallaşdırılması, yeni ixrac və investisiya imkanlari, buraxıcılıq potensialı, ekoloji təhlükəsizlik, enerjiyə qənaət və “ağilli” şəhərlər) barədə 40-dan artıq məruzə səslənəcək.

26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransının formatı daha da dinamikləşir. İştirakçı və deleqatları rəqəmsal imkanlardan istifadə sayəsində daha çox müzakirə və debatlar gözləyir. Belə ki, tədbir çərçivəsində deleqatlara məruzəçilər ilə “onlayn” rejimdə ünsiyyət yaratmağa imkan verəcək mobil tətbiqin istifadəyə verilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, bu il deleqatların sayında 30% artım gözlənilir.

Konfransın məruzəçiləri arasında SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə prezidenti cənab Hari Cons, Nobel Upstream şirkətinin icraçı direktoru cənab Lari Beyts, SOCAR şirkətinin Vitse-prezidentləri, Petronas şirkətinin regional rəhbəri və başqaları yer alır.

Əlavə tədbirlər proqramına yerli və xarici şirkətlərin nümayəndələrinə öz məhsul və xidmətləri barədə sənayenin aparıcı iştirakçılarına məlumat vermək, əməkdaşlıq yollarını müzakirə etmək və öz satışlarının coğrafiyasını genişləndirmək üçün imkan yaradacaq B2B formatlı ikitərəfli görüşlərin təşkili daxildir.

Bu il ilk dəfə olaraq tədbirin keçiriləcəyi məkanın foyesində “Startaplar üçün innovasiyalar zonası” təşkil ediləcək. Bu unikal platforma tələbələrə və gənc mütəxəssislərə öz innovativ layihələrini sənayenin aparıcı iştirakçılarına nümayiş etdirməyə və bazarın nəhəng iştirakçılarından dəstək almağa kömək edəcək. Həmçinin iştirakçı və deleqatlar istedadlı gənclərin yeni ideyaları ilə tanış ola biləcəklər. 

Konfransın sponsorları arasında: Konfransın baş tərəfdaşı – SOCAR, qızıl sponsorlar - BP, Petronas, Equinor Azerbaijan, gümüş sponsor - INPEX Corporation, bürünc sponsorlar - Caspiam Pipe Coatings, Lamor Corporation, Nobel Upstream, Tenaris Connections B.V., Total E&P Absheron.

Builki konfransa rəsmi dəstək Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təmin olunur.   

Neft və Qaz konfransı beynəlxalq neft-qaz şirkətlərinin rəhbər və mütəxəssislərinin gələcək əməkdaşlıq və inkişaf yollarını müzakirə etmək üçün bir araya gəldikləri aparıcı regional platformadır.