\
23 Aprel 2024 - Çərşənbə axşamı

“Xəzər Neft və Qaz” sərgisindən 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransına - məqsədlər, səbəblər - Azərbaycan-Avropa İttifaqının birgə əməkdaşlığının enerji təhlükəsizliyinə verəcəyi töhfə - FOTOLAR

“Xəzər Neft və Qaz” sərgisindən 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransına - məqsədlər, səbəblər - Azərbaycan-Avropa İttifaqının birgə əməkdaşlığının enerji təhlükəsizliyinə verəcəyi töhfə - FOTOLAR
1237baxış

29 may -1 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektoru üzrə ən irimiqyaslı tədbiri - 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi keçirildi. Sərginin məqsədi tanınmış beynəlxalq platforma və regionda neft-qaz sənayesinin əsas tədbiri olan “Xəzər Neft və Qaz” sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirməkdir.

Xatırladaq ki, bu il Azərbaycanın neft-qaz sənayesinin tarixində əlamətdar hadisəsi olan - “Əsrin Müqaviləsi”  öz iyirmi beş illiyini qeyd edir. İlk “Xəzər Neft və Qaz” sərgisi 1994-cü ildə, Azərbaycan neft sənayesinin və ümumilikdə ölkə iqtisadiyyatının inkişafında yeni dövrün başlandığını bildirən “Əsrin Müqaviləsi”nin elə həmin ilin sentyabr ayında imzalanması ərəfəsində baş tutdu. O vaxt Ümummilli Lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və həmin dövrdən etibarən, “Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair memorandumlar, eləcə də saziş və müqavilələr imzalanır. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. Sərginin uğurla keçirildiyi bir çox illər ərzində ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Almaniya, Rusiya və digər ölkələrin rəsmiləri öz salamlama məktublarını sərgiyə ünvanlamışlar. UFI tərəfindən təqdir olunur” nişanı sərgilərin bütün beynəlxalq standartlara uyğun olduğunu təsdiqləyir.

Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Xəzər Neft və Qaz” sərgisinə əvəzsiz dəstək göstərirlər. Bu il “Xəzər Neft və Qaz 2019” sərgi və konfransının VİP səviyyəli qonaqları arasında cənab Yury Sentyurin, Baş katib, Qaz ixrac edən ölkələr forumu (GECF), Kent D. Loqsdon, Enerji Resursları Bürosu Katibi köməkçisinin birinci müavini (ABŞ), Amir Hossein Zamaninia, Neft Nazirinin Müavini (İran), Pol Saqvari, Xarici İşlər və Ticarət Nazirliyinin böyük səfiri (Macarıstan), Tomonobu Uçida, “JOGMEC” şirkətinin Prezidenti (Yaponiya) və başqaları.

Tədbirin sponsor heyəti də sərginin yüksək statusunu əks etdirir. Regionun əsas neft-qaz tədbirinin Baş tərəfdaşı qismində “SOCAR» şirkəti çıxış edir. Sərginin qızıl sponsoru “BP” şirkətidir. Gümüş sponsor - TPAO, bürünc sponsorlar: “Azeri MI Drilling Fluids”, “AZFEN”, “Baku Steel Company”, “Bos Shelf”, “Caspian Drilling Company”, “Сaspian Marine Services”, “RussNeft”, “Socar Polymer”, “Tekfen Construction” və “Royal IHC”. Sərginin baş media tərəfdaşı qismində isə “Caspian Energy International Media Group” şirkəti çıxış edib.

Sərgi iştirakçılarının siyahısına qlobal neft və energetika sektorunu təmsil edən aparıcı şirkətlər daxildir. Bu il sərgidə dünyanın 34 ölkəsini təmsil edən 290 şirkət iştirak edir və bu ölkələr arasında ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, MDB ölkələri, Türkiyə və digər ölkələr. Almaniya, Belarus Respublikası və Rusiyanın qabaqcıl şirkətləri milli stendlərdə ən son məhsullarını təqdim etdilər. İştirakçı şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim etdilər. Ilk dəfə olaraq, sərgidə defektoskopiya və yerdən uzaq məsafədə işlərin görülməsi kimi sahələr işıqlandırıldı.

30-31 may tarixlərində “Bilgah Beach Hotel” otelində Xəzəryanı regionda energetika sektorunun nəhəng tədbiri sayılan 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı keçirildi. Konfrans “Xəzər Neft və Qaz” sərgisinin tərkib hissəsidir və  neft-qaz sektorunun rəhbərləri ilə yanaşı, bu sektor ilə əlaqədar olan müxtəlif sahələrin rəhbərləri üçün də əsas platformadır. Konfransda dünyanın 30 ölkəsini təmsil edən 500 nəfərə yaxın nümayəndə iştirak etdi.

Sinerji - qlobal inkişafa aparan yol: enerji təhlükəsizliyinə və dayaniqliğa doğru

Bu, hər il keçirilən və həm sənayenin, həm də beynəlxalq əməkdaşlığın inkişaf vektorlarını müəyyən etmək məqsədi ilə neft-qaz sahəsinin aparıcı şirkətlərini bir araya gətirən “Xəzər Neft və Qaz” konfransının plenar sessiyasının adıdır. Auditoriyada sənayenin ən aktual mövzuları (enerji təhlükəsizliyi, sektorun rəqəmsallaşdırılması, yeni ixrac və investisiya imkanlari, buraxıcılıq potensialı, ekoloji təhlükəsizlik, enerjiyə qənaət və “ağilli” şəhərlər) barədə 40-dan artıq məruzə səsləndirildi.

Konfransın məruzəçiləri arasında “SOCAR” şirkətinin prezidenti Rövnəq Abdullayev, “BP” şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə prezidenti cənab Hari Cons, “Nobel Upstream” şirkətinin icraçı direktoru cənab Lari Beyts, “SOCAR” şirkətinin Vitse-prezidentləri, “Petronas” şirkətinin regional rəhbəri və başqaları da var idi.

 

“Ötən il ölkədə təbii qaz istehsalının artması nəticəsində idxal tamamilə dayandırılıb. Bu il isə qaz hasilatında 20 faiz artım gözlənilir”, - bunu konfrans zamanı jurnalistlərə açıqlamasında “SOCAR”ın prezidenti Rövnəq Abdullayev  bildirdi. O, əlavə etdi ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyadakı Antipinsk neft emalı zavoduna marağı var

- Hazırda zavodun alınması ilə bağlı danışıqlar aparılır, amma hələ ki, bu istiqamətdə konkret nəticə yoxdur. Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır. Ümumilikdə isə SOCAR dünyanın hər yerində danışıqlar aparır.

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əhəmiyyətindən və "Əsrin müqaviləsi"nin ölkəmizə qazandırdığı dividendlərdən danışdı. Nazir 2014-cü ildən ötən müddətdə bazarda neftin qiymətindəki dəyişkənlikdən, Azərbaycanın digər hasilatçı ölkələrlə birgə "OPEC plus" formatında əməkdaşlığını əhəmiyyətini qeyd edib. Deyib ki, hazırda neftin bir barreli 70 dollar civarındadır və bunu qənaətbəxş hesab etmək olar.

Energetika naziri "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun ölkənin neft hasilarındakı rolundan, 6 milyard dollar sərmayə ilə blokun işlənməsinin növbəti mərhələsinin əhəmiyyətindən, Cənub Qaz Dəhlizi meqalayihəsinin Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfədən bəhs etdi.

Xatırladaq ki, Azərbaycan neft qaz konteksində Avropa İttifaqı ilə də geniş əlaqələr yaradıb və bu, proses davam etməkdədir. Avropa İttifaqı əlaqələri xüsusi proqramlar çərçivəsində qurulmuş və müxtəlif sahələr üzrə: iqtisadi və sosial islahatlara yardım, Şərq-Qərb nəqliyyat-kommunikasiya (TRASEKA) dəhlizinin yaradılması, infrastrukturların inkişafı və s. istiqamətlərdə aparılmaqdadır. 

TASİS proqramının Azərbaycanla bağlı hissəsində əməkdaşlığın üç əsas istiqamətinə üstünlük verilir: infrastruktur, özəl sektor və insan resurslarının inkişafı. Bundan başqa, TASİS-in Azərbaycanla əlaqədar əsas çoxtərəfli şəbəkə layihələri mövcuddur. Bunlar 1995-ci ildən başlayaraq ali təhsil müəssisələrinə və onların əməkdaşlarına yardım göstərən TEMPUS proqramı, neft və qaz kəmərləri sisteminin regional inteqrasiyasını təmin etmək məqsədilə yaradılan İNOQEYT proqramı, TRASEKA-dır. Bununla yanaşı bu əməkdaşlıq “humanitar yardım” (ECHO) və digər proqrmlar çərçivəsində də inkişaf etdirilmişdir.

1993-cü ilin mayında Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə "Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi" (TRASEKA) layihəsi irəli sürülmüş və 8 təsisçi dövlətin (Azərbaycan,

Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Ermənistan) ticarət və nəqliyyat nazirlərinin konfransında təsis edilmişdir. "Brüssel Bəyannaməsi" adlanan iki rəsmi sənəddə qədim Şərq-Qərb "İpək yolu" dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi qərara alınmışdır.

1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan və Gürcüstan Prezidentlərinin təşəbbüsü ilə və TRASEKA proqramının dəstəyi ilə "Tarixi İpək yolunun bərpası"  adlı beynəlxalq konfrans keçirilmişdir. 32 ölkə və 13 beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən konfransın sonunda "Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizinin inkişafına dair çoxtərəfli saziş" adlanan mühüm bir sənədlə yanaşı, iştirakçılar adından Avrasiya ölkələri arasında hərtərəfli əməkdaşlığı və regional inteqrasiyanın əsas prinsiplərini əks etdirən "Bakı Bəyannaməsi" də imzalanmışdır. TRASEKA layihəsi Azərbaycanla 25 texniki və 11 investisiya layihəsinin həyata keçirilməsini dəstəkləyir ki, bu layihələrin 26-da Azərbaycanın payı ümumilikdə 100 milyon avrodan artıqdır.

Avropaya dövlətlərarası neft və qaz ixracı (İNOQEYT) Avropa İttifaqının yeni müstəqil dövlətlərə maliyyə dəstəyi çərçivəsində həyata keçirilən əsas regional proqramlardan biri kimi, 1999-cu ilin iyulunda Azərbaycan da daxil olmaqla 15  dövlətin iştirakı ilə imzalanan Çərçivə Sazişi əsasında fəaliyyət göstərir.

INOGATE çərçivəsində həyata keçirilən texniki əməkdaşlığa əlavə olaraq, Avropa İttifaqı zəngin təbii ehtiyatlara və strateji coğrafi əraziyə malik olan Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin enerji təminatını və tranzit ehtiyatlarının səmərəli istifadəsinə yönəlmiş fəaliyyətində Avropa Qonşuluq Siyasətinə daxil olan ölkələr bütün maraqlı tərəfdaşların dəstəyi ilə enerji əməkdaşlığı prosesini genişləndirməkdədir. Bu əməkdaşlıq “Bakı Prosesi”təşəbbüsü ilə daha da genişlənmişdir. “Bakı Prosesi”nə 2004-cü il noyabr 13-də Bakıda Enerji Nazirliklərinin Konfransında Avropa ittifaqı, Qara Dəniz və Xəzər dəniz hövzəsi ölkələri arasında enerji sahəsində əməkdaşlığın gücləndirmək məqsədi daşıyan siyasi dialoq şəklində başlanmışdır.  

1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi"(TƏS) imzalanmışdır. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüququ baza rolunu oynayır.

Müqaviləni imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il iyunun 22-dən qüvvəyə minən və ümummilli lider Heydər Əliyevin imza atdığı bu saziş tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir.                                     

İmzalanan TƏS-də müvafiq siyasi dialoq çərçivəsində tərəflər arasında siyasi münasibətlərin inkişafının təmin edilməsi, Azərbaycanda demokratiyanın möhkəmlənməsi, iqtisadi inkişaf, bazar iqtisadiyyatına keçid məqsədilə bəzi struktur islahatların aparılması, ticarət və investisiyanın inkişafı, iqtisadi, sosial, maliyyə, elmi-texniki və mədəni əməkdaşlıq məsələləri nəzərdə tutulmuşdur. Bu məsələlərin təmin edilməsi üçün Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması sahəsində geniş iş prinsipləri müəyyənləşdirilmişdir.

Hazırladı: Könül Aypara

Mediapress.az