\
25 Aprel 2024 - Cümə axşamı

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda son 1 ay ərzində ölən xəstələrin sayı 23-ə çatdı

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda son 1 ay ərzində ölən xəstələrin sayı 23-ə çatdı
1072baxış

Məlum olduğu kimi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda son 1 ay ərzində ölən xəstələrin sayı 23-ə çatdı.

O da məlumdur ki, bu arzuolunmaz faktın gerçəkləşməsinin gizlində qalmayan səbəbi xəstəxanada həkim-reanimatoloqun olmaması, ağır xəstələrin bu baxımdan zəruri tibbi yardım almaqdan məhrum olmasıdır. Qeyd olunan məlum çatışmazlıq faktı institutun baş həkimi İmanverdi Rzayev tərəfindən təsdiq olunsa da, institutun direktoru Həqiqət Qədirova dünyasını dəyişən xəstələr barəsində reanimasiyon tədbirlərin həyata keçirildiyini qeyd edir.

Sözügedən tibb müəssisəsinə rəhbərlik etdiyi dönəmdən etibarən bir sıra həkimə qarşı yol verdiyi qərəzli və qanunsuz münasibətindən dolayı təkcə 3 nəfər təcrübəli və savadlı həkim-reanimatoloqu işdən çıxardaraq nəticədə institutu bu ixtisas üzrə həkimsiz qoyan Həqiqət Qədirova, bu mövqe ilə ictimaiyyəti və TƏBİBİ-i aldatmaqdan, o cümlədən xəstələrin həyatını təhlükə altında qoymaqdan çəkinmir.

Qeyd olunan mühakimənin təsdiqidir ki, TƏBİB (Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi) institutda müvafiq monitorinqin aparıldığını, qeydə alınan bütün faktların araşdırıldığını və lazımi tədbirlərin görüldüyünü, lakin monitorinq zamanı həkim çatışmazlığı probleminin aşkar edilmədiyini diqqətə çatdırır. Belə çıxır ki, institutda həkim-reanimatoloq yoxluğu ilə bağlı 6 yer üçün vakansiyanın elan edilməsi, buna baxmayaraq, məlum ixtisasa sahib həkimlərin vərəmli xəstələrlə işləməkdən çəkinmələri iddiası tamamilə həqiqətdən uzaqdır.

Etibarlı mənbədən aldığımız məlumata görə, hazırda institutda ölüm faktlarının say etibarı ilə çoxalmasının qarşısını almaq məqsədilə ölmək təhlükəsində olan xəstələr məcburi sürətdə evə yazılır və onların ölümü institutda deyil, məhz evdə gerçəkləşir.

Həqiqət Qədirova bu minvalla institutun fəaliyyətini tamamən acınacaqlı edib. Bu vəziyyətdən təkcə pasiyentlər deyil, ənənəvi olaraq bəzi həkimlər də əziyyət çəkirlər. Belə ki, Həqiqət Qədirova tərəfindən İnstitutun Kliniki Diaqnostika Laboratoriyasına şöbə müdiri təyin edilən Nuriyyə Səlimova rəhbərlik etdiyi şöbənin işçilərinə qarşı 2 ilə yaxındır ki, mənəvi terror tətbiq edərək, onları hər yolla incidib və təhqir edir. Bu haqsızlığa, qanunsuzluğa və anarxik atmosferə isə direktor Həqiqət Qədirova gözlənildiyi kimi susur. Çünki baş verən arzuolunmaz halların bilavasitə təşəbbüs mənbəyində məhz Həqiqət Qədirova dayanır. Əlavə olaraq onu qeyd edim ki, institutun direktoru Həqiqət Qədirova ixtisasca həkim-mikrobioloqdur. Ümumi olaraq onun ağciyər xəstəliklərilə bağlı heç bir elmi işi, monoqrafiyası, iştirak etdiyi kurs və seminar,zəruri anlayışı, eləcə də təklifi mövcud deyil. Əmək fəaliyyətinin son yaş həddini çoxdan keçən, daha dəqiq desək 70 yaşına qədəm qoyan Həqiqət Qədirova, adı çəkilən tibb müəssisəsində direktor olmaqla bərabər həm də ATU-nun Mikrobiologiya Kafedrasına rəhbərlik edir. Bu da xanım H.Qədirovanın institutla bağlı öz əmək funksiyalarını düzgün icra edə bilməməsi, daha dəqiq desəm əksər iş günlərindən xanım Qədirovanın işdə ola bilməməsilə nəticələnir ki, bununla da institutun fəaliyyətində müşahidə olunan problemlər günü-gündən artır.

Hüquqşünas Samir Zeynalov