\
29 Mart 2024 - Cümə

31 Mart azərbaycanlıların soyqırımı günüdür

31 Mart azərbaycanlıların soyqırımı günüdür
1595baxış
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış soyqırımı tariximizin faciəli səhifələrindən biridir.
 
Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq idi. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında deyildiyi kimi, "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir”. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilmişdir. Xalqımızın çoxəsrlik tarixi kobudcasına təhrif olunmuş, ermənilərin tarixi qədimləşdirilmiş və şişirdilmişdir. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulmuş, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılmış, Azərbaycan toponimləri erməniləşdirilmişdir. Onilliklər boyu soyqırımı siyasəti total ideoloji təcavüz, türk və Azərbaycan xalqlarına, onların görkəmli nümayəndələrinə qarşı terrorla müşayiət olunmuşdur. Çar Rusiyası və SSRİ dövründə türk-müsəlman xalqlarına qarşı ayrı-seçkilik şəraitində bu siyasət daha incə və təhlükəli metodlarla davam etdirilmiş, azərbaycanlıların deportasiyası və soyqırımı kütləvi hal almışdır.
 
 
Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən, xalqımıza münasibətdə törədilən vəhşilik və cinayətlərin miqyası və metodologiyası heyrət və qəzəb doğurmaya bilmir. Keçmiş Rusiya imperiyası və İran arasında gedən müharibə nəticəsində Azərbaycanın bölüşdürülməsindən sonra tarixi torpaqlarımızda ermənilərin kütləvi şəkildə məskunlaşdırılması, 1905-ci və 1918-ci illərdə Çar Rusiyasının və bolşeviklərin köməyi ilə erməni daşnaklarının törətdiyi qırğınlar, 1920-ci illərdə ərazilərimizin hissə-hissə Ermənistana verilməsi, 1948-1953-cü illərdə sovet hökumətinin qərarı ilə soydaşlarımızın Ermənistandan deportasiyası vahid bir planın tərkib hissəsi kimi xüsusi ssenari ilə aparılmışdır. 1980-ci illərin sonunda Dağlıq Qarabağ millətçilərinin Ermənistan və SSRİ rəhbərliyinin təhriki ilə qızışdırılan separatçı çıxışları, bunların sonradan əsil irimiqyaslı müharibəyə çevrilməsi, bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı – bütün bunlar "Böyük Ermənistan” xülyası ilə yaşayan davakar erməni şovinistlərinin və onların himayəçilərinin Azərbaycan xalqına vurduğu yaraların tam olmayan siyahısıdır.
 
Hələ XVIII əsrin 20-ci illərində çar I Pyotr azərbaycanlıların tarixi torpaqları olan Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdi. 1802-ci ildə çar I Aleksandr Qafqaz canişininə konkret təlimat göndərmişdi ki, ermənilər nəyin bahasına olursa-olsun, Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdırlar.
 
XIX əsrdə Rusiya-İran və Rusiya-Türkiyə müharibələrinin yekunu olaraq, Azərbaycan torpaqlarına İrandan 40 min, Türkiyədən 85 min erməni köçürülmüş, İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni vilayəti” təşkil edilmişdi. Bu, Azərbaycan torpaqları hesabına yaradılacaq gələcək Ermənistanın əslində təməli idi. Xatırladaq ki, həmin vaxt İrəvan şəhərində 7331 azərbaycanlı, 2369 erməni yaşayırdı.
 
1918-ci ilin yazında Bakı, Şamaxı, Quba, Qarabağ, Lənkəran, Gəncə, Zəngəzur və digər bölgələrdə ermənilər, o cümlədən bolşevik maskası altında çirkin daşnak siyasəti yürüdən Stepan Şaumyan və onun əlaltıları azərbaycanlılara qarşı vəhşiliklər törətmiş, 70 mindən artıq günahsız əhalini xüsusi amansızlıqla qətlə yetirmiş, kəndləri viranəyə çevirib sakinləri yurd-yuvalarından didərgin salmışlar. Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə-yeksan etmişlər. 1918-20-ci illərdə daşnaklar Qərbi Azərbaycanda 565 min azərbaycanlını görünməmiş vəhşiliklə qətlə yetirmişlər. S.Şaumyan Bakıda və ətraf qəzalarda törətdikləri qırğınla əlaqədar 1918-ci il aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə məktubunda yazırdı: "Bizim süvari dəstəyə edilən silahlı hücumdan bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”.
 
Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsil həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız onun 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 mart Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur.
 
Erməni millətçiləri xaricdəki erməni diasporunun və böyük dövlətlərdəki erməni lobbisinin imkanlarından istifadə edərək, "əzabkeş, məzlum erməni milləti” obrazı yaratmaqda davam edir, azərbaycanlılara və türklərə qarşı törətdikləri soyqırımları haqqında həqiqətləri gizlətməyə, dünya ictimaiyyətinin diqqətini Azərbaycan torpaqlarının işğalı faktından yayındırmağa çalışırlar. Lakin unutmasınlar ki, onların dəhşətli əməlləri bəşəriyyətə qarşı cinayət kimi hüquqi-siyasi qiymətini almalıdır. Dünya dövlətləri bu məsələdə erməni təbliğatı nəticəsində formalaşmış stereotiplərdən imtina etməlidir, "əzabkeş millətin” saxta göz yaşlarına uymamalıdır.
 
Allah soyqırımı qurbanlarına rəhmət eləsin!