\
25 Aprel 2024 - Cümə axşamı

Biz daim Sizinləyik, biz birlikdə güclüyük - Vətəndaşlar Prezidentə təşəkkür edir

Biz daim Sizinləyik, biz birlikdə güclüyük - Vətəndaşlar Prezidentə təşəkkür edir
11008baxış

Azərbaycan vətəndaşları koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayırlar.

Mediapress.az Prezidentin rəsmi saytına istinadla həmin məktubları təqdim edir:

Şəkidə yaşayan müəllim, mədəniyyət işçisi Mənsurə Cəbrayılova hər kəsin xalq üçün böyük işlər görüldüyünün şahidi olduğunu vurğulayıb: "Dünyanı pis günə qoyan bu virusla mübarizədə və bütün işlərinizdə Sizə dualar edir və alqışlayırıq. Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Dövlətimizin qabaqlayıcı tədbirləri və düşünülmüş siyasəti nəticəsində bu gözə görünməyən virus, İnşallah ölkəmizi tərk edəcəkdir. Mən və ailəm Uca Allaha dualar edirik ki, Allah Sizə, həkimlərimizə, ordumuza, bu mübarizədə əməyi olan hər bir şəxsə dayaq olsun. Amin. Dəyərli Prezidentimiz, Biz Sizinlə güclüyük. Allah Sizə yar olsun".

Füzulidən yazan Vüsət Xəlilov aztəminatlı ailələrə göstərilən xüsusi qayğıya görə minnətdarlıq edib: "Əziz və möhtərəm Prezident. Bu ağır və çətin günlərdə bizim, sadə vətəndaşların yanında olduğunuza, xüsusi karantin müddətində işsiz və aztəminatlı ailələrə aylıq 190 manat pul vəsaitinin ödənilməsinə görə cəbhə bölgəsində yaşayan bütün Füzuli rayon sakinləri adından dərin minnətdarlığımızı bildiririk. Bir daha əmin olduq ki, Sizi özümüzə lider seçməkdə yanılmamışıq. Siz Ümummilli Liderimiz kimi mürəkkəb vəziyyətlərdə böyük iradə nümayiş etdirməklə xalqı irəli aparmağa qadir rəhbərsiniz və bizim xatirəmizdə daim belə qalacaqsınız. Allah yardımçınız olsun".

Sumqayıtdan məktub ünvanlayan Ləman Ramazanova vurğulayıb ki, vaxtında görülən tədbirlər sayəsində bu gün hamı evində sağlam şəkildə ailəsinin yanındadır: "Möhtərəm cənab Prezident. Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasına imkan vermədiyinizə görə Sizə minnətdarıq. Bu mübarizədə bir çox adamlar qəhrəmanlıq göstərir, bu qəhrəmanlıqlar bizi qələbəyə yaxınlaşdırır. Bu qələbədə nə qədər çox adamın payı olsa da bayraqdarımız, qələbənin memarı Sizsiniz, cənab Prezident. Allah Sizi xalqımızın üstündən əskik etməsin".

Bakıdan məktub göndərən Zəminə Cəfərova bildirib ki, ölkəmizdə COVİD-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır: "Möhtərəm cənab Prezident. Sizin müdrik siyasətinizin nəticəsi olaraq, Azərbaycan cənnət diyara çevrilmişdir. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Sizin rəhbərliyinizlə koronovirus ilə mübarizədə dövlət vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı da çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür. Bizim dəyərli Prezidentimiz, İnşallah, Sizin rəhbərliyinizlə Vətənimizdə həyat yenidən öz axarına düşəcək, toy-büsatlar qurulacaqdır. Siz xalqın etimadını qazanmış Lidersiniz. Ulu Tanrıdan Sizi və ailənizi qorumağı diləyirəm".

Şəkidə yaşayan Nemət Əliyev bütün vətəndaşların ölkə başçısının arxasında olduğunu qeyd edib: "Hörmətli Prezidentimiz. Bütün dünyanı bürüyən koronavirus xəstəliyinə qarşı mübarizədə respublikamızda Sizin rəhbərliyinizlə böyük işlər görülür. Biz hər gün televiziyada Sizin çıxışlarınızı diqqətlə dinləyirik. Sizin imzaladığınız qərarları hər gün eşidirik. Koronavirus xəstəliyi vaxtı kənd təsərrüfatı məhsulları istehsalçılarının xərclərini qarşılamaq məqsədilə ehtiyat fondunuzdan ayırdığınız vəsaitlərə, sadə kəndlilərin zəhmətinə verdiyiniz dəyərə görə sizə öz minnətdarlığımızı bildiririk".

Balakəndən İbrahim Şıxməmmədov COVID-19 pandemiyasının ölkəmizdə qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görüldüyünə görə təşəkkür edib: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Sizi salamlayır və bu məktubumda Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu çətin günlərdə - ölüm kabusunun insanların aldığı hər nəfəsdə dolaşarkən xalqla birlikdə olduğunuza, İnanırıq ki, dünya tezliklə bu bəladan xilas olacaq, həyatımız əvvəlki axarına düşəcəkdir. Gördüyünüz bütün işlərə görə çox sağ olun, cənab Prezident. Bütün ailəmiz adından Sizə minnətdarıq. Yaxşı ki, varsınız. Nə yaxşı ki, bu ölkənin Prezidenti Sizsiniz. Allah Sizi və ailənizi qorusun".

Neftçalada yaşayan Heydər Səmədov fərdi sahibkar, fermer olaraq ölkə başçısının apardığı məqsədyönlü daxili və xarici siyasəti tam dəstəklədiyini vurğulayıb: "Cənab Prezident. Ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyasının genişlənməsi qarşısının alınması məqsədilə təsdiq etdiyiniz müvafiq preventiv və profilaktik tədbirlər, əhalinin aztəminatlı təbəqəsinin sosial dayanıqlığının təmin edilməsi, o cümlədən pandemiyadan əziyyət çəkən sahibkarlara maliyyə dəstəyi verilməsi, insanları sosial həmrəyliyə dəvət etməyiniz dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorlardandır. Sizin ölkəmizin çətin dönəmində dayanmadan, yorulmadan apardığınız islahatları alqışlayıram. Siz Azərbaycanın inkişafını təmin edirsiniz. Sizin pandemiya şəraitində Azərbaycanı necə qurtardığınız bir tarixdir. Yeni növ koronavirusun böyük insan tələfatı ilə nəticələnməsinin qarşısını almaq Sizin düşünülmüş, qabaqlayıcı tədbirlərinizin sayəsində mümkün olmuşdur. Fərdi sahibkar kimi sosial məsuliyyət dərk edərək Sizin bütün çağırışlarınızı tam şəkildə dəstəkləyirik".

Şamaxıdan məktun ünvanlayan Şəfa Hacıyeva bildirib ki, ölkəmiz koronovirus ilə bağlı aparılan mübarizədə zamanında verilmiş qərarlar sayəsində ən inkişaf etmiş dövlətlərlə bir pillədə durur: "Bu, dövlət rəhbərinin uzaqgörənliyinin nəticəsidir. Bizimlə bərabər ailəmizin, övladlarımızın rifahını düşündüyünüz üçün, bu çətin günlərdə virusun vurduğu ziyanları minimuma endirə bildiyiniz üçün Sizə ailəm və yaxınlarım adından dərin minnətdarlığımı bildirirəm. Sizin kimi rəhbəri olan dövlətin vətəndaşı olduğum üçün qürur duyuram. Hər zaman dövlətimizin rifahı naminə atacağınız qərarlarınızda yanınızdayam".

Tərtər Elşən Əsədov qeyd edib: "Hörmətli cənab Prezident. Azərbaycan xalqına vaxtında etdiyiniz güzəştlər, aztəminatlı ailələrin sosial durumlarını yaxşılaşdırmağa doğru atdığınız addımlar, işsiz və işaxtaran şəxslərə birdəfəlik ödəmələrin verilməsini 200 min nəfərdən 600 min nəfərə çatdırılması xalqımız üçün çox önəmli addımlardır. Vaxtında verdiyiniz göstərişlərə uyğun olaraq, dövlət sərhədlərinin bağlanılması xalqımız üçün çox önəmli addımdır. Biz həmişə Sizə güvənmişik və bu gündən sonra da güvənimizi sonsuz şəkildə davam etdirəcəyik. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz, ölkə başçımız, Ali Baş Komandanımız var. Cənab Ali Baş Komandan, mən Sizə ailəmiz adından minnətdarlığımı bildirirəm".