\
28 Mart 2024 - Cümə axşamı

Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin 13 yaşı tamam olur - FOTOLAR

Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin 13 yaşı tamam olur - FOTOLAR
2253baxış

Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan “Le Carrefour” (Yol qovşağı) qəzeti Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 14 may 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Bu mətbu orqan ölkəmizdə ilk və yeganə frankofon (fransızdilli) qəzetdir. “Le Carrefour” qəzeti fransız dilində yeganə mətbu orqan olaraq Azərbaycan Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.

Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan-Fransa, eyni zamanda fransızdilli ölkələr arasında əlaqələrin inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, fransızdilli oxuculara ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir. Qəzet özünün ilk sayından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransız dilində oxuculara çatdırıb.

 “Le Carrefour” qəzeti Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızlari və ümumilikdə, əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürüb. Azərbaycan-Fransa əlaqələrinin dinamik inkişafı, bu ölkə ilə münasibətlərin intensivliyini əks etdirən xronologiya 2007-ci ildən başlayaraq “Le Carrefour” qəzetinin səhifələrində 13 illik tarixi sənədlərə çevrilib.

Fransızdilli “Le Carrefour” qəzeti Azərbaycan mediasında fransızlara və fransızdilli oxuculara ünvanlanan tək nəşrdir. 2009-cu ildə qəzetin saytı (www.lecarrefour.az ) fəaliyyətə başlayıb, 2016-cı ildə sayt yenilənərək xəbər portalı kimi fransızdilli oxuculara Azərbaycan haqqında məlumatlar verir. “Le Carrefour” qəzeti sosial şəbəkələrdə də aktiv təmsil olunur. Qəzetin Twitter, Facebook, Instagram səhifələri var.

Qəzetin və saytın əsas ideyası və fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz çıxışlarında dəfələrlə səsləndirdiyi xarici media resursları ilə media sahəsində daha sıx əlaqələrin yaradılması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün xarici media məkanına daha çox çıxış imkanının əldə olunması istiqamətinə yönəlib. Qəzet 110 ölkənin mediasını birləşdirən və baş ofisi Parisdə yerləşən Beynəlxalq Fransızdilli Mətbuat Birliyi (L’Union İnternationale de la Presse Francophone-UPF) və Fransanın TV5 kanalı ilə (TV5Monde), o cümlədən Beynəlxalq Frankofoniya Təşkilatı (L’Organisation İnternationale de la Francophonie-OİF), Frankofoniya Universitetləri Agentliyinin (L’Agence universitaire de la Francophonie-AUF) Mərkəzi və Şərqi Avropa üzrə ofisi və digər fransızdilli beynəlxalq təşkilatlar ilə əlaqələr qurub.

Qəzet 13 ildir ki, Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin sahələri üzrə V bölümündə göstərilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi; Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində konkret işlər görüb.

Fransada bu qəzeti Azərbaycanın yeganə frankofon qəzeti kimi tanıyırlar. Qəzet fransızdilli əcnəbilərin hər zaman böyük marağına səbəb olub, Fransa rəsmiləri ölkəmizə səfər edərkən eksklüziv açıqlamaları məhz bu qəzetə veriblər. Fransa Xarici İşlər və beynəlxalq inkişaf nazirinin müavini Florans Mangən 2017-ci ildə Bakıya səfəri zamanı eksklüziv olaraq Azərbaycan mediasına yeganə müsahibəsini məhz “Le Carrefour” qəzetinə vermişdir. İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpən 2008-ci ildə Azərbaycana səfəri zamanı ölkənin frankofon nəşri “Le Carrefour” qəzetinin mövcudluğunu böyük maraqla qarşılamışdı. Fransanın TV5Monde kanalında yayımlanan, geniş tamaşaçı kütləsinə malik “Destination Francophonie” (İstiqamət Frankofoniya) verilişinin aparıcısı milyonlarla izləyicisi olan sosial şəbəkədəki rəsmi səhifəsində “Le Carrefour” qəzeti haqqında paylaşım edərək,  “Azərbaycanın yeganə frankofon qəzetini kəşf edin” sözlərini yazaraq, ölkəmizdə belə bir nəşrin olmasını vurğulayıb.

“Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə 2008 və 2012-ci illərdə “Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlıqda dəyirmi masalar təşkil edilib. Eyni zamanda, 2016-cı ilin yanvar ayında qəzetin təşəbbüsü ilə Jurnalist Qadınlar Assosiasiyası ilə birgə Azərbaycanın ilk şəhid qadın jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günü ilə əlaqədar tədbir təşkil olunub. 2016-cı ildə “Le Carrefour” qəzetinin təşəbbüsü ilə “Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda konfrans keçirilib.

Mediapress.az kollektivi olaraq  “Le Carrefour” (Yol qovşağı) qəzetinin yaradıcısı olan Zeynəb Kazımovanı təbrik edirik!