\
27 Aprel 2024 - Şənbə

ABŞ-da qaradərililər hər zaman hədəfdədir

ABŞ-da qaradərililər hər zaman hədəfdədir
1712baxış

ABŞ-ın Minneapolis şəhərində polis zorakılığına məruz qalan afroamerikalı Corc Floydun ölümünə görə ölkəni etirazlar bürüyüb. Hətta 20 milyondan çox əhalisi və 5 böyük rayonu olan Nyu-York şəhərində də kütləvi aksiyalar davam edir.

"Report"un xüsusi müxbiri xəbər verir ki, Manhattan və Bruklindən sonra Kvins rayonunda da etirazlar başlayıb.

Nyu-Yorkun məşhur "Times" meydanınına toplaşan nümayişçilər afroamerikalılara, Corc Floyda ədalət tələb ediblər. 

Afroamerikalı Stiver "Report"a açıqlamasında ABŞ-da qaradərililərin hər zaman hədəfdə olduğunu deyib: “Qısaca desək, heç bir səbəb olmadan insanlar ayağa qalxmaz. Ölkədə ziddiyyətli davranış var, sadəcə, qaradərili insanlar ölürlər. Bəlkə də bütün qaradərililər hədəfdədirlər. Niyə ağdərililərin deyil, hər zaman afroamerikalılar bu hadisəni yaşayır? Polislər nədənsə hər zaman bizi hədəf seçirlər. Onlardan biri də Corc Floyd oldu. Biz sadəcə qaradərili insanlara ədalət istəyirik”.

Ruvyen Deyveten isə 15 ildir Nyu-Yorkda yaşayır: "Bu günədək çox hadisə gördüm. Bütün şəhərlər hadisəyə görə ayaqdadırlar. Üsyanın hər şəkli bəzi şeylər üçün yaxşıdır. Üsyan etmək olar, ancaq dinc yolla. Bunun daha doğru yolu olduğuna inanıram". 

 

 

ABŞ-da doğulub-böyüyən Bepna isə baş verənlərin sadəcə Amerikanı deyil, pandemiya qədər dünyanı maraqlandırdığını bildirib: “Nümayişlərdəki insanlar qaradərili insanların da həyatlarının vacib olduğuna diqqət çəkməyə çalışırlar. Sadəcə gözləyək və görək ədalət işləyəçəkmi. Bu hadisə koronavirus kimi qlobal hadisədir. Ancaq bu, daha çox öldürücüdür və ona görə də birlik içində olmalıyıq. Bu, qaradərililər üçün önəməlidir. Afroamerikalılar sadəcə burda deyil, bütün dünyada var. Polisin belə davranmasının sadəcə bir səbəbi var: sadəcə qaradərili olmağımız”.

Qeyd edək ki, Nyu-York Şəhər Polis İdarəsinin yaydığı məlumata görə, aksiyalar zamanı 700 nümayişçi həbs olunduğu, 47 polis maşını zərər görüb, 33 polis əməkdaşı xəsarət alıb. 

Nyu-York şəhər bələdiyyəsinin sədri Bill de Blasio isə komendant saatının tətbiqinin planlaşdırılmadığını bildirib. O, aksiya iştirakçılarının polis əməkdaşlarına xəsarət yetirdiklərini, dövlətə və xüsusi mülkiyyətə ciddi ziyan vurduqlarını da açıqlayıb.

ABŞ Kəşfiyyat və Antiterror Xidmətinin komissarının müavini Con Miller deyib ki, etirazların böyüməsində xüsusi vandal qrupların əli var və aksiyaların planlı olaraq keçirildiyini vurğulayıb. O, bu günədək həbs olunanların 20 faizinin xarici ölkə vətəndaşları olduğunu və aksiyaların həmin şəxslər tərəfindən idarə olunduğunu da söyləyib.

 

 

Nyu-York ştatının qubernatoru Endryu Kuomo isə etiraz aksiylarının qarşısının alınması üçün müvafiq qurumları araşdırmaları sürətləndirməyə çağırıb. 

Xatırladaq ki, mayın 25-də sosial şəbəkələrdə Corc Floydun saxta əsginaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılma anının videosu yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və ardından dizini boynuna qoyub. Videoda onun nəfəs ala bilmədiyini dediyi, ancaq polisin buna əhəmiyyət vermədiyi də görünür. Bu hadisədən qısa müddət sonra Corc Floyd təcili yardım maşını ilə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Afroamerikalının ölümünə səbəb olan polis əməkdaşı Derek Çauvinin əvvəllər 18 dəfə məhkəməyə verildiyi və haqqında çoxsaylı şikayətlərin olduğu ortaya çıxıb.

ABŞ prezidenti Donald Trump Federal Təhqiqatlar Bürosuna (FTB) və Ədliyyə Nazirliyinə Corc Floydun ölümü ilə əlaqədar istintaqı sürətləndirməyi tapşırıb. Hadisənin iştirakçısı olan 4 polis əməkdaşı işdən çıxarılıb, araşdırma aparılır.

Müxbir: Vüsalə Abbasova 

 


 

Mediapress.az