\
16 Aprel 2024 - Çərşənbə axşamı

Prezidentdən Tərtərlə bağlı - 2 SƏRƏNCAM

Prezidentdən Tərtərlə bağlı - 2 SƏRƏNCAM
1755baxış
Bu gün Tətrətə səfər edən prezident İlham Əliyev rayonda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
Sərəncamda deyilir:
Tərtər rayonunun əhalisi 28149 nəfər olan 18 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 21 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,47 milyon (bir milyon dörd yüz yetmiş min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
 
Növbəti sərəncamla isə Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə sərəncamlarla bağlı göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.