\
19 Aprel 2024 - Cümə

Çingiz Mustafayevin anası iyunu “lənətlənmiş ay” sayırdı

Çingiz Mustafayevin anası iyunu “lənətlənmiş ay” sayırdı
1046baxış

Azərbaycanın Milli  Qəhrəmanı Çingiz Mustafayevin anası mərhum Naxış xanım oğlunun həlak olduğu ayı lənətlənmiş sayırdı. Ermənilər Çingizi 15 iyun 1992-ci il tarixdə qətlə yetirmişdilər.

“Mən güclü və igid olacam” - bunu isə Vahid Mustafayevin oğlu 5 yaşlı Çingiz deyir. Ona bu sözləri nəvəsini çox sevən Fuad baba öyrədib. Təəssüf ki, indi Fuad baba da bizi əbədilik tərk edib. Bütün həyatı boyu orduda xidmət etmiş Fuad kişi öz oğullarından tələb edirdi ki, bədəncə və ruhca möhkəm olsunlar, ən başlıcası isə ölkələrini sevsinlər.

Bizim erməni qonşularımız Azərbaycanı müharibəyə sürükləyəndə Fuad kişinin üç oğlu öz gündəlik peşələrini kənara qoyaraq Qarabağa yollandılar ki, ölkəyə işlə və sözlə yardım etsinlər. Vahid, Seyfulla və Çingiz qardaşları ilə mən müharibədə tanış olmuşam. İgid oğlanlar idilər, əsl Azərbaycan vətənpərvəri idilər. Ancaq böyük qardaş Çingiz o birilərindən bir qədər cilovlanmayan çılğınlığı ilə seçilirdi. Ağır döyüşlər gedən, vəziyyət gərginləşən yerlərdə mütləq Çingiz olmalıydı. O, gəncliyin pərəstiş yeri idi, Azərbaycan əsgərləri arasında sevgi və hörmət qazanmışdı. Onun yeganə silahı videokamerası idi və ondan heç ayrılmazdı. 

Həmin kamera ilə Xocalıda çəkilmiş kadrları görəndə dünya sarsılmışdı. Çingiz mühasirəyə alınmış Xocalını tərk etmək istəyən qocalara, uşaqlara və qadınlara divan tutmuş erməni faşistlərinin törətdiyi cinayətin yerinə getməyi bacarmışdı. Daha sonra Qarabağ quldurlarının başçılarından biri - sonradan Ermənistan prezidenti olmuş Serj Sarkisyan etiraf etdi ki, “biz bunu ona görə etdik ki, azərbaycanlılar bizdən qorxsunlar”.

Cəbhənin nadir sakitlik günlərində Çingiz Moskvaya uçurdu ki, Ermənistanın bu qanlı fəaliyyətini dəstəkləyən bir sıra Rusiya siyasətçilərində cavab tələb etsin. Rusiya parlamentinin deputatı Qalina Staravoytova Ermənistan hakimiyyətinin çox sevimlisi idi. Tez-tez çıxış edərək o, deyirdi ki, Qarabağda demokratik dəyişikliklər gedir, buna görə də insan qurbanları qaçılmazdır. Çingiz onunla görüşə bildi, bir sıra suallardan sonra o, Starovoytovaya əsas sualı verdi: “Ermənilər sizə nə qədər pul verir ki, siz onların qanlı əməllərini dəstəkləyirsiniz?” Starovoytovanın sifəti əyildi, o, öz bədəni ilə sanki stol və  stulu əzdi, kamera da bütün bunları qeydə aldı.

Ermənilər Çingizə nifrət edirdilər. Hansısa qəzet hətta yazmışdı ki, bu Azərbaycan jurnalisti artıq tikana çevrilib, onu aradan götürmək lızımdır. Təəssüf ki, əclaflar bunu bacardılar. O, 15 iyun 1992-ci ildə onda hələ bizim nəzarətimizdə olan Ağdam yaxınlığında həlak oldu. Tale elə gətirmişdi ki, həmin vaxt mən də Ağdamda idim. Çingiz rayon xəstəxanasının həyətində uzanmışdı, videokamerası əllərində idi, adama elə gəlirdi ki, indi o qalxacaq və gur səsi ilə deyəcək ki, işləmək vaxtıdır. Çingizin cəsədinin ətrafında həkimlər, xəstəxananın pasientləri toplaşmışdılar. Heç kim göz yaşlarını tuta bilmirdi. Çingizi çox sevirdilər.

Ona Azərbaycanın Milli Qəhrəmanı adı veriləndən sonra, efirdə onun adını daşıyan radio yarandı və ilk dəfə “ANS ÇM 102 FM” sözləri eşidildi. Ermənilər onun da səsin batırmaq istəyirdilər. Təəssüf ki, ermənilərin edə bilmədiyini bizim yüksək çinli məmurlar etdi. Onlar ANS-i ləkələmək istədilər və şirkəti terrorçuları dəstəkləməkdə günahlandırdılar. Hansı terrorçular, hansı ölkənin terrorçuları, heç nə demədilər. Yəqin uydurmaq üçün fantaziyaları çatmırdı. Düzdür, üç ildən sonra Baş Prokurorluq  bəyanat yayaraq, bu iddiaların heç birinin doğru olmadığını, ANS-in heç bir günahı olmadığını bəyan etdi. 

Amma istənilən halda, məmurların bu oyunu nəticəsində həm televiziya, həm də Milli Qəhrəmanın adını daşıyan radio bağlandı. Yəqin yüksək çinli məmur Əli Həsənov ANS-i bağlamağı çox istəyirdi. Çünki onun doğma oğlu onda “Xəzər” telapkanalına rəhbərlik edirdi. Təbii ki, bütün reklam verənlər ANS-dən “Xəzər”ə keçdi. Həmin vaxt bu, elə də az pul deyildi - həmin pullar “Xəzər”in kassalarına və Əli Həsənovun ailə büdcəsini doldurdu.

ANS-in bağlanması üzrə bütün əməliyyat MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmlinin üzərində qurulmuşdu, bu adam televiziyadan və radiodan çox uzaq adam idi. Qarabağda müharibə gedəndə o da Əli Həsənovla birlikdə Moskvada oxuyurdu. İnsanlar hətta Uzaq Şərqdən Vətənə döyüşmək üçün geri dönəndə, onlar özlərini yüksək çinli məmur kreslosuna hazırlayırdılar. Yeri gəlmişkən, onlar Çingizin yaşıdıdırlar. Tanrı bizim Prezidenti qorusun, o, bu məmurları layiq olmadıqları vəzifələrdən qovdu.

15 iyunda Şəhidlər Xiyabanına Çingizin məzarı üstünə doğma və yaxınları, keçmiş ANS əməkdaşları, Çingizi sevən insanlar gələcək. Təbii, yenə söhbət gedəcək ki, Çingiz Mustafayevin adını daşıyan radio yenidən işləyəcəkmi? Özü də, avqustun sonunda biz onun 60 illiyin qeyd edəcəyik. Axı, bu, jurnalistin adını daşıyan yeganə KİV-dir. Mənə şəxsən elə gəlir ki, tezliklə efirdə “ANS ÇM 102 FM” sözləri yenidən səslənəcək. Mən buna inanıram, çünki bizim Prezident İlham Heydər oğlu Əliyev Azərbaycan xalqını 21-ci əsrin vəbası koronavirusdan qoruduğu kimi, həmişə Qarabağ müharibəsi şəhidlərini və əlillərini də yaddan çıxarmayıb. O, heç kimi heç zaman unutmayıb. Mənə elə gəlir ki, o, bizim Milli Qəhrəmanı da unutmayacaq və onun adını bütün ləkələrdən təmizləyəcək. Axı Çingiz öz gənc həyatını sizin və bizim Azərbaycan üçün qurban verib.

Körpə Çingiz də mütləq babasının öyrətdiyi və adını daşıdığı əmisi kimi güclü və igid olacaq. Ən başlıcası isə, o da Azərbaycanı çox sevəcək. Çünki öz Vətənini həyatından çox sevmək Mustafayevlər ailəsinin ənənəsidir.

Mais Məmmədov

əməkdar jurnalist