\
19 Aprel 2024 - Cümə

Azərbaycanda olmağımdan çox məmnunam, amma... - əcnəbi vətəndaş məhkəmələrimizdən narazıdır

Azərbaycanda olmağımdan çox məmnunam, amma... - əcnəbi vətəndaş məhkəmələrimizdən narazıdır
1927baxış

Böyük Britaniya və Rusiya Federasiyasının vətəndaşı olan Rudenko Andrey Eduardoviç Azərbaycanın dövlət rəhbərliyinə, həmçinin ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevə etdiyi müraciətlərin cavabsız qalmasından şikayətlənir.



Bu barədə AFN-ə məlumat verən A.Rudenko bildirir ki, Yasamal rayon məhkəməsində keçmiş həyat yoldaşı Məmmədova Fəridə Fuad qızı ilə boşanma prosesi çox ciddi qanun pozuntusu ilə müşayiət olunub: “Fəridə Məmmədova Dövlət İdarəçilik Akademiyasının müəllimi, kulturoloq Fuad Məmmədovun qızıdır. Keçmiş qaynatam məhkəmə hakimlərinə, dövlət məmurlarına müxtəlif vasitələrlə təzyiq və təsir edərək, mənim əleyhimə qərarların çıxarılmasına nail oldu. Heç bir əsas olmadan və araşdırma aparılmadan məndən 3000 (üç min) manat aliment tutuldu”.

A.Rudenko bildirir ki, F.Məmmədova ilə münasibətlərinin qırılmasının əsas səbəblərindən biri cavabdehin psixoloji vəziyyətinin pisləşməsidir: “Belə ki, 2017-ci ilin dekabrında rinoplastik əməliyyat keçirən cavabdehin aqressivliyi və antisosial davranışları əhəmiyyətli şəkildə artıb. Onun belə aqressiv və antisosial davranışlarını əks etdirən çoxsaylı epizodlar videomüşahidə kameraları tərəfindən qeydə alınıb. Bu davranışlar uşaqların yanında isterik qışqırıqlar, biədəb söyüş və qarğışlar, əlatmalar, ailə və yaxınlara münasibətdə nəzarətolunmaz hərəkətlərdən ibarət olmaqla cavabdehdə kəskin psixoloji problemin olduğunu göstərir”.

Şikayətçi məhkəmədən bu nikahdan olan övladları – 10 yaşlı Andrey, 8 yaşlı Eliza və 5 yaşlı Alinanın onun himayəsinə verilməsini tələb edib. Onun sözlərinə görə, 2014-cü ilin noyabrında ailəlikcə Londondan Bakıya köçərək burada yaşamağa başlayıblar. Övladları Böyük Britaniya və Azərbaycanın, özü isə Böyük Britaniya və Rusiyanın vətəndaşıdır. Nikahın pozulması və uşaqların atanın himayəsinə verilməsi barədə məhkəmədə iddia qaldırdığını deyən A.Rudenkonun sözlərinə görə, buna səbəb isə keçmiş həyat yoldaşının davranışları olub: “O, son bir il ərzində aqressiv davranmağa başlayıb, uşaqları qorxudan və psixikalarına ciddi təsir göstərən hərəkətlərə, qışqırıqlara yol verib, biədəb söyüşlər işlədirdi. Həmçinin valideyn kimi ümumiyyətlə uşaqlarla maraqlanmırdı: gecələri evdə deyil, nikahdankənar əlaqədə olduğu kişilər və rəfiqələri ilə əyləncə və içki məclislərində keçirirdi. Hətta oğlumuzun əməliyyat olunduğu zaman belə Fəridə bu məclisləri dayandırmadı.
Ailənin bütün maddi tələbatını mən qarşılayıram – bura uşaqların özəl məktəblərdə təhsil haqqının, ev işləri üçün köməkçinin, ailə sürücüsünün maaşı, evin kirayə haqqı, qidalanma və tibbi xidmət xərcləri daxildir”.
19 sentyabr 2019-cu ildə cavabdehin özü və ailəsi tərəfindən məhkəmə və hüquq-mühafizə orqanlarına qarşı təzyiqlərlə bağlı məhkəmədə iddia ilə çıxış edib bu əməllərə son qoyulmasını istədiyini deyən A.Rudenkonun sözlərinə görə, iddiası cavabsız qalıb: “Məhkəmə öz qərarında əsas sənəd kimi Yasamal rayon İcra Hakimiyyəti nəzdində Himayəçilik və Qəyyumluq komissiyasının nəticəsinə əsaslanır. Qanunvericiliyə əsasən, komissiya işin mahiyyətini, uşaqların yaşam şəraitini diqqətlə öyrənməli, onların yaşayış yerinə baxış keçirməli, valideynlərin hər ikisi ilə yaşamaq imkanlarını araşdırmalı, uşaqların müəllimləri, məşqçiləri, həkimləri, onları əhatə edən bütün insanlarla – dayələr, sürücülər və sair – təmas qurmalı, hər kəsin rəyini nəzərə almalıdır. Lakin bu halda Komissiyanın işi valideyn kimi bizimlə 20 dəqiqəlik və 10 yaşına çatmış Endryu Rudenko ilə 5-7 dəqiqəlik söhbətlə məhdudlaşdı. Mən bunu məhkəmənin diqqətinə çatdıranda mənə komissiyanın rəyinin veriləcək qərar üçün əsas və sübut olmadığı bildirilsə də, sonra həmin rəyə istinad edildi”.

A.Rudenko üzünü bir daha Prezident İlham Əliyevə tutaraq yardım istəyir: “Hörmətli Cənab Prezident! Bu aralar işlərinizin həddən çox olduğunu bilirəm. Müşahidələr deməyə əsas verir ki, sizin rəhbərliyiniz altında Azərbaycan bütün dünyanı sarmış koronavirus bəlası ilə ən yaxşı mübarizə aparan ölkələrdən biri, bəlkə də birincisidir. Belə bir durumda Azərbaycanda olmağımdan çox məmnunam. Hələ proseslərin ilk başladığı dövrdə mən ölkədə tədbirlərin ardıcıllığını və qətiyyətini gördüyüm üçün başqa yerə getməmək, koronavirus bitənədək burada qalmaq qərarı verdim. Ümumiyyətlə, mən Azərbaycanda yaşadığım illəri heç nəyə baxmayaraq, həyatımın ən gözəl illəri kimi dəyərləndirirəm. Bura mənim ikinci vətənimdir. Çox istərdim ki, Azərbaycanın məhkəmə sistemi də digər sahələrdə olduğu kimi, insanları razı salan, ədalətin keşiyində dayanan bir sistem olsun. Bu baxımdan sizdən acizanə şəkildə xahiş edirəm, məhkəmə orqanlarının işinə kənar müdaxilələrin aradan qaldırılması, 3 azyaşlı uşağın taleyinin həll olunduğu prosesin qanunauyğun şəkildə aparılması üçün tədbirlər görülməsini təmin edəsiniz. Bu kənar təsirlər Azərbaycan Respublikasında məhkəmə hakimiyyətində həyata keçirilən mütərəqqi islahatlara dərin kölgə salır. Mən bundan əvvəl də sizə və ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət ünvanlamışam, lakin heç bir reaksiya verilməyib.
Mən və uşaqlarım özümüzün yeni evimizdə - Azərbaycanda ədalətli qərar əldə olunmasını, bu işin vətəndaşı olduğumuz digər ölkələrin məhkəmə instansiyalarına daşınmamasını arzulayırıq”.

Qeyd edək ki, Fuad Məmmədovla əlaqə saxlayıb məsələyə münasibət bildirməsini istəsək də, o, bu mövzuda son sözü məhkəmənin dediyini və danışmaq istəmədiyini bildirib.