\
19 Aprel 2024 - Cümə

Bolqarıstan maska rejiminə qayıdıb

Bolqarıstan maska rejiminə qayıdıb
1838baxış

Bolqarıstanda yenidən maska rejimi tətbiq olunub.

AZƏRTAC bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

Bolqarıstanın hakimiyyət orqanları qapalı ictimai yerlərdə yenidən qoruyucu maskanın məcburən taxılması rejimini tətbiq etmək barədə göstəriş verib. “Sofia Globa” nəşri bu xəbəri ölkənin Səhiyyə naziri Kiril Ananiyevin məlumatına əsasən yayıb.

Ananiyev bildirib ki, daha əvvəl ləğv olunmuş maska rejiminin yenidən tətbiq edilməsi qərarı məhdudiyyət tədbirlərinin ümumi şəkildə gücləndirilməsi fonunda verilib. Buna səbəb ölkədə son günlər COVID-19 infeksiyasının yayılması ilə bağlı vəziyyətin pisləşməsi olub. Belə ki, 15 günlük dövr ərzində (iyunun 7-dən 22-dək) Bolqarıstanda yoluxma hallarının sayı 626 nəfər artıb. Ananiyevin sözlərinə görə, bu, vətəndaşların əksəriyyətinin sanitar normalara ciddi riayət etməmələri ilə bağlıdır.

Vəziyyətin pisləşməsi ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyətlər tətbiq edilib. Kinoteatrlarda, teatrlarda, gecə klublarında, həmçinin qapalı məkanlarda idman yarışları zamanı maska taxmaq məcburi hesab edilir. İctimai nəqliyyatda, xəstəxana və apteklərdə də maska taxılmasına nəzarət gücləndirilib. Bundan başqa, insanlar mağazalara və ticarət mərkəzlərinə getdikdə 1,5 metrlik distansiyaya mütləq riayət etməlidirlər.

Mayın ortalarında Bolqarıstan hökuməti ölkədə fövqəladə epidemioloji vəziyyət rejimi elan edib. Bu rejim martın 13-də elan olunan fövqəladə vəziyyət rejimindən sonra təyin edilib və mayın 14-dən iyunun 14-dək olan dövrdə qüvvədə olmalı idi. İyunun əvvəlində Bolqarıstanın Baş Naziri Boyko Borisov bildirmişdi ki, fövqəladə epidemioloji vəziyyət rejimi və onunla bağlı tədbirlər iyunun 15-də tamamilə ləğv olunacaq. Lakin nəticədə rejim iyun ayının sonunadək qüvvədə qaldı. “Sofia Globe” nəşri qeyd edir ki, rejimin müddətinin uzadılması barədə qərar bu həftənin axırınadək qəbul ediləcək.

Son məlumatlara görə, Bolqarıstanda ümumilikdə 3905 yoluxma halı qeydə alınıb. İki mindən çox insan bu xəstəlikdən sağalıb, 199 nəfər isə bu xəstəliyin qurbanına çevrilib.