\
27 Aprel 2024 - Şənbə

BMT-nin baş katibi: "Bu, fələstinlilər, israillilər və region üçün fəlakət olar”

BMT-nin baş katibi: "Bu, fələstinlilər, israillilər və region üçün fəlakət olar”
1823baxış

BMT-nin baş katibi Antonio Quterreş İsraili İordan çayının qərb sahilində işğal planına son qoymağa çağırıb.

Mediapress.az” “Al Jazeera”yə istinadən xəbər verir ki, baş katib BMT-nin Təhlükəsizlik Şurasına hesabatında bunun beynəlxalq hüquq normalarına zidd olduğunu, sağlam danışıqlar prosesinə və iki dövlət yaratmaq planına olan ümidlərə dağıdıcı zərbə olacağını qeyd edib.

“Bu, fələstinlilər, israillilər və region üçün fəlakət olar”, - deyən A.Quterreş sözügedən planın regional sülhü irəli aparmaq səylərinə təhlükə olduğunu dilə gətirib.

Ötən ay İsrailin baş naziri Binyamin Netanyahu "Əsrin razılaşması” çərçivəsində İordan çayının qərb sahilində yəhudi məskənləri olan hissəsini 1 iyul tarixində ilhaq etmək planını açıqlamışdı.

Ötən həftə isə Fələstin rəhbərliyi müstəqil və silahsızlaşdırılmış suveren Fələstin dövlətini qurmağı və paytaxtı Şərqi Yerusəlimdə təsis etməyi nəzərdə tutan istəklərini bildirmişdi.

İyunun 22-də İordan çayının qərb sahilindəki Cerixo şəhərində fələstinlilərin bir sıra əcnəbi diplomatların iştirakı ilə İsrailin bu planına qarşı kütləvi etiraz yürüşü keçirilib.