\
4 Iyul 2020 - Şənbə

Jurnalistika fakultəsi dezinformasiyaya faktlarla cavab verdi

Jurnalistika fakultəsi dezinformasiyaya faktlarla cavab verdi
1112baxış
"26 iyun 2020-ci il tarixində “Rublika.az” saytında Bakı Dövlət Universitetində (BDU) karantin qaydalarını pozaraq  ad günü tədbirinin keçirilməsi ilə bağlı həqiqəti əks etdirməyən, yalan və qərəzli informasiya yer alıb. Bu iddiaların heç bir əsası yoxdur və BDU-nun, o cümlədən İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, Jurnalistika fakültəsi Tədris teleradio studiyasının fəaliyyətinə qərəzli münasibətin nəticəsidir".

Mediapress.az xəbər verir ki, bu fikirlər BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyevin, İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyevanın, Tədris teleradio studiyasının müdiri Ramin Rzayevin adından birgə hazırlanan açıqlamada əksini tapıb. 

Açıqlamada vurğulanır: 

"Cari ilin 3 mart tarixindən etibarən ölkədə COVİD-19 pandemiyasının qarşısının alınması məqsədi ilə tətbiq olunan karantin rejimi ilə əlqədar olaraq bütün ali təhsil müəssiələrində, o cümlədən Bakı Dövlət Universitetində tədris prosesi dayandırılmışdır. BDU-da tədris prosesi məsafədən təşkil edilmiş, yalnız məhdud sayda əməkdaş işə cəlb olunmuşdur. Karantin dövründə Universitet ərazisinə daxil olan hər bir əməkdaşın giriş qapılarında temperaturu yoxlanılır, siyahıya alınır. Hazırda BDU-da yalnız onlayn imtahan sessiyasının təşkili ilə əlaqədar olaraq tərtib edilmiş siyahı əsasında məhdud sayda - əməkdaşların təxminən 4 %-ə qədəri işə cəlb olunmuşdur. 

Karantin rejimi dövründə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, Tədris teleradio studiyası da öz fəaliyyətlərini onlayn şəkildə təşkil etmiş, pandemiya dövründə Universitetdə tədrisin təşkili, həmçinin elmi fəaliyyət, sosial aksiyalar və s. operativ və əhatəli işıqlandırmış, Universitet əməkdaşlarının əsas informasiya mənbəyi olmuşdur. Görünən odur ki, son ildə İctimaiyyətlə əlaqələr və informasiya şöbəsində, Jurnalistika fakültəsi və Tədris teleradio studiyasındakı yeniliklər, adıçəkilən qurumların öz fəaliyyətini müasir tələblər baxımından effektiv qurması kimlərisə narahat edir. BDU-da aparılan islahatları qəbul edə bilməyən, şəxsi maraqlarından çıxış edən ünsürlər “etibarlı mənbə” kimi bu cür dezinformasiyalar yaymaqla qarayaxma kampaniyasına əl atırlar.

Xüsusi vurğulamaq istəyirik ki, 21 iyun tarixi bazar günü olduğuna görə, həmin gün ümumiyyətlə Universitet ərazisinə heç bir əməkdaş daxil olmamışdır. BDU ictimai nəzarətə hər zaman açıq bir qurumdur və maraqlananlar həmin günün videogörüntülərinə baxa bilərlər. 
 
Obyektiv, məsuliyyətli, etik və vicdanlı xəbərçilik prinsipləri ilə bir araya sığmayan, qaralama və dezinformasiya xarakterli yazılarını mətbuat azadlığı çərçivəsində qəbul etmək mümkün deyildir. İnformasiyanı paylaşmadan əvvəl mənbəyə istinad olunması, 3 mənbədən öz təsdiqini tapması və yalnız təsdiqini tapmış informasiyaları yayınlamaq etik və vicdanlı xəbərçilik prinsiplərinə uyğundur. İşgüzar nüfuza xələl gətirməyin yolverilməzliyi, eləcə də şəxsi nüfuzun qorunması prinsipləri professional jurnalist etikasının başlıca prinsipləridir. Bu prinsiplər eyni zamanda hüquqi tənzimləmləmə mexanizmində də öz təsbitini tapmaqdadır. Media, fəlsəfəsi yalnız həqiqət və obyektivlik üzərində qurulan və yalnız həqiqəti çatdırmağı qarşısına məqsəd qoymuş bir institut kimi, əsla şəxsi incikliyi və prinsiplərinin qurbanına çevrilmiş şəxslərin əlində qisas alətinə çevrilməməlidir. 

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, Jurnalistika fakültəsi, Tədris teleradio studiyası olaraq bir daha bildiririk ki, işgüzar nüfuzumuza xələl gətirən bu “yazı”nın heç bir əsası yoxdur və məsələnin araşdırılması ilə bağlı hüquqi müstəvidə cavab vermək haqqımızın olduğunu da nəzərinizə çatdırmağı özümüzə borc bilirik".