\
28 Mart 2024 - Cümə axşamı

İlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı

İlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı
1779baxış

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Alevtina Brovkinanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mediapress.az sərəncamın mətnini təqdim edir:

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Alevtina Fyodorovna Brovkina “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 24 iyun tarixli 976 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908, № 10, maddə 1134; 2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072; 2017, № 9, maddə 1633; 2018, № 3, maddə 433, № 6, maddə 1245; 2019, № 1, maddə 73, № 2, maddə 245, № 5, maddə 845, № 6, maddə 1036, № 7, maddə 1232, № 8, maddə 1397, № 11, maddə 1718, № 12, maddə 1935; 2020, № 3, maddə 247 ) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci, 1.4-cü bəndlər, 5-ci və 6-1-ci hissələr ləğv edilsin;

1.2. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının işçilərinin say həddi 350 ştat vahidi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin say həddi 110 ştat vahidi (Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə) və regional bölmələrinin işçilərinin say həddi 260 ştat vahidi müəyyən edilsin.”;

1.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu”nun 3-cü, 4-1-ci və 4-2-ci hissələri ləğv edilsin;

1.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” üzrə:

1.4.1. 3.1.28-1-ci və 3.1.37-1-ci yarımbəndlərdə “Nazirlik yanında” sözləri “Nazirliyin tabeliyində” sözləri ilə əvəz edilsin;

1.4.2. 5.1-ci bənddə “və onun strukturuna daxil olan qurumlar (regional orqanlar, ikili tabelikdə olan yerli bölmələr və s.),” sözləri “, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan” sözləri ilə, “və Naxçıvan” sözləri “, habelə Naxçıvan” sözləri ilə əvəz edilsin;

1.4.3. 5.5.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.5.3. Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) əsasnamələrini, strukturuna daxil olmayan tabeliyindəki qurumların (əsasnamələri (nizamnamələri) Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini (əsasnamələrini) təsdiq edir;”;

1.4.4. aşağıdakı məzmunda 5.5.3-1-ci yarımbənd əlavə edilsin:

“5.5.3-1. bu Əsasnamənin 5.5.3-cü yarımbəndinə uyğun olaraq, Nazirliyin strukturuna daxil olan qurumların, Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini (əsasnamələrini) təsdiq üçün təqdim edir;”;

1.4.5. 5.5.5-ci yarımbənddə “yerli və digər qurumlarının” sözləri “strukturuna daxil olan qurumların (strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bu Əsasnamənin 5.5.5-1-ci yarımbəndi nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;

1.4.6. aşağıdakı məzmunda 5.5.5-1-ci yarımbənd əlavə edilsin:

“müəyyən edilmiş struktur, işçilərin say həddi və əməkhaqları daxilində tabeliyində olan publik hüquqi şəxslərin (Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla) ştat cədvəlinin və ayrılmış büdcə təxsisatı çərçivəsində xərclər smetasının təsdiq edilməsinə razılıq verir;”;

1.4.7. 5.5.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.5.6. Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;”;

1.4.8. aşağıdakı məzmunda 5.5.6-1-ci yarımbənd əlavə edilsin:

“5.5.6-1. Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir;”.

2. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1072; 2017, № 5, maddə 829; 2018, № 3, maddə 434; 2019, № 2, maddə 245) 2-ci hissəsi ləğv edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Dövlət Məşğulluq Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

4. “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

5. Müəyyən edilsin ki:

5.1. bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir;

5.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan Sosial Xidmətlər Agentliyinə keçir;

5.3. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamə fondu bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq onlara keçən əmlak hesabına formalaşır;

5.4. bu Fərmanın 7.6-cı bəndində nəzərdə tutulan publik hüquqi şəxslərin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində göstərilən səlahiyyətlərini, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

5.5. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin işçilərinin əməkhaqqına “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına və Əmək Məcəlləsinə uyğun olaraq cərimələrdən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq maliyyə sanksiyalarından və faiz məbləğlərindən əldə olunan vəsait hesabına əlavələr, mükafatlar və digər ödənişlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu vəsaitdən istifadəyə dair müəyyən etdiyi qaydalara uyğun olaraq müəyyən edilir.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. bu Fərmanın 7.6-cı bəndinə əsasən “Sosial xidmətlər haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulan sosial xidmət müəssisələrinin və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dövlət reabilitasiya müəssisələrinin nümunəvi nizamnamələrini, onların xüsusiyyətləri nəzərə alınmaqla, üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

6.2. dövlət orqanının əsasında Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına az qalan dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

7.1. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

7.2. bir ay müddətində:

7.2.1. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin strukturunu təsdiq etsin;

7.2.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, bu Fərmanın 3-cü və 4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin işçilərinin sayının yuxarı həddini və əməkhaqlarını (o cümlədən dövlət büdcəsi vəsaiti hesabına əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etsin;

7.2.3. bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin işçilərinin say həddini və əməkhaqlarını ( o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişlər bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla) təsdiq etsin;

7.3. Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin istifadəsində olan dövlət əmlakının üç ay müddətində bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərə verilməsini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanına uyğun olaraq təmin etmək üçün, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla tədbirlər görsün;

7.4. bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətinin təşkili üçün zəruri tədbirlər görsün;

7.5. Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində işləyən işçilərin bu Fərmanın 1–4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

7.6. Dövlət Sosial Müdafiə Fondunun tabeliyindəki dövlət sosial xidmət müəssisələrinin, Dövlət Məşğulluq Xidmətinin tabeliyindəki peşə hazırlığı mərkəzlərinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyindəki dövlət reabilitasiya müəssisələrinin əsasında, müvafiq olaraq, Sosial Xidmətlər Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində publik hüquqi şəxslərin yaradılması üçün iki ay müddətində zəruri tədbirlər görülməsini təmin etsin;

7.7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Fərmanın 3-cü və 4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin saxlanılması ilə bağlı xərclərin cari il üçün maliyyələşdirilməsini və hər il üçün tərtib edilən dövlət büdcəsində nəzərdə tutulması ilə bağlı tədbirlər görülməsini təmin etsin;

7.8. hər il üçün dövlət və icmal büdcələrin tərtibi zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən əmək pensiyalarının Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməli olan hissəsi üçün dövlət büdcəsindən ayrılmalı olan, o cümlədən ayrılacaq vəsaitin aylıq, rüblük və illik bölgüsünü Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;

7.9. dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Sosial Xidmətlər Agentliyinin inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini həll etsin;

7.10. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.