Evi tərk edən 10 koronavirus xəstəsi məsuliyyətə cəlb edilib (FOTO)
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi dövründə “Covid-19” virusunun yayılması hallarının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, vətəndaşlar tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena qaydalarının pozulması hallarına yol verilməməsi ciddi nəzarətdə saxlanılmışdır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mediapress.az-a verilən məlumata görə, TƏBİB-dən daxil olmuş məlumatlara dərhal reaksiya verilməklə zəruri tədbirlər görülmüş, “Covid-19” virusuna yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin müəyyən edilmiş qaydalara riayət etmələri, öz hərəkətləri ilə digər şəxslərin yoluxmasına təhlükə yaratmamaları diqqət mərkəzində saxlanılmışdır.
Təkcə cari ilin iyul ayı ərzində paytaxtın Binəqədi, Səbail, Sabunçu, Xətai, həmçinin Sumqayıt, Mingəçevir, Cəlilabad, Yevlax, Göyçay şəhər və rayon polis orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində koronavirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə olunan 10 nəfərin mənzillərini tərk edərək küçəyə çıxmaları və digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoymaları müəyyən olunmuşdur.
Bu istiqamətdə tədbirlər davam etdirilir.