\
29 Mart 2024 - Cümə

Neftçalada əhali susuzluqdan əziyyət çəkir

Neftçalada əhali susuzluqdan əziyyət çəkir
1359baxış
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Neftçala rayonunda əhalinin su ilə təminat vəziyyətinə dair ictimai rəy sorğusu keçirilib.
 
Mərkəzin Mətbuat Xidmətindən Mediapress.az-a verilən məlumata görə, verilən məlumata görə ictimai rəy sorğusu 407 ev təsərrüfatı ilə keçirilib və Neftçala şəhəri ilə yanaşı ətraf kəndləri əhatə edib. Sorğu iştirakçılarının 91.7 faizi son aylar ərzində içməli su ilə təminatda, onlardan 45 faizi həmçinin suvarma suyu ilə təminatda çətinlik çəkdiklərini bildiriblər (təkcə suvarma suyundan çətinlik çəkənlər 3.9 faiziolub). Su təminatında heç bir çətinliklə qarşılaşmadığını cəmi 4.4 faiz respondent bildirib. Sorğu iştirakçılarının əksəriyyəti (79.6 fazisi ) mövcud problemlə son 3 ay ərzində qarşılaşdığını bəyan edib.
Sorğu iştirakçılarının 83.5 faizi hazırda içməli suyu aidiyyəti qurumlar tərəfindən təşkil olunan xüsusi texnikalar (su daşıyan maşınlar) vasitəsilə əldə etdiklərini, 10 faizi quyu suyundan faydalandığını bildirib. Digərləri bulaq suyundan istifadə edənlər və içməli suyu satın alanlardan ibarət olub. Sorğuda iştirak edənlərin 78 faizi hazırkı su təminatının onları qane etdiyini (27.1 faiz  tam, 50.9 faiz əsasən qane edir) , 22 faizi isə qane etmədiyini bəyan edib (10.2 faiz “əsasən təmin etmir”, 11.8 faiz “heç qane etmir”).
 
Respondentlər arasında mövcud problemin həllini yeni su kəmərlərinin çəkilməsində (56.3 faizi), yeni artezian quyularının qazılmasında (21.4 faizi), insanların sudan istifadə ilə bağlı vərdişlərinin dəyişdirilməsində (20.1 faizi) görənlər ilk üç sırada qərarlaşıb.
 
Sorğu iştirakçılarının təqribən yarısının (48.9 faizinin) rəyinə görə, Prezidentin su təsərrüfatındakı problemlərə həsr olunan müşavirədəki çıxışından sonra aidiyyəti qurumlar problemin həllinə diqqətlə yanaşmağa başlayıb. 10.9 faiz respondent bu sahənin hələ də diqqətdən kənar saxlanıldığı mövqeyini bölüşüb, 40.2 faiz respondent isə problemin sözügedən çıxışdan əvvəl də aidiyyəti qurumların diqqətində olduğunu bildirib.