\
25 Aprel 2024 - Cümə axşamı

Azərbaycanlı tədqiqatçının Almaniyada növbəti monoqrafiyası nəşr edilib - FOTOLAR

Azərbaycanlı tədqiqatçının Almaniyada növbəti monoqrafiyası nəşr edilib - FOTOLAR
2434baxış

Beynəlxalq münasibətlər üzrə tədqiqatçı Rauf Cəfərovun “Böyük və regional güclərin Cənubi Qafqaz və Mərkəzi Asiya siyasəti” adlı monoqrafiyası Almaniyada nəşr edilib (https://www.peterlang.com/view/title/12054).

Alman dilində nəşr edilmiş monoqrafiyada Sovet İttifaqının süqutundan sonrakı ilk dekada ərzində (1990-cı illər) Cənubi Qafqaz və Mərkəzi Asiyada yaranmış yeni dövlətlərə münasibətdə böyük və regional güclərin/dövlətlərin həyata keçirmiş olduqları siyasi kursdan və bu kursun formalaşmasına təsir etmiş amillərdən (siyasi, iqtisadi və ideoloji və s.), habelə yeni yaranmış dövlətlərin münasibətindən bəhs edilir.

Monoqrafiyanın birinci hissəsində “böyük və regional güclər” (Groß- und Regionalmächte) anlayışına aydınlıq gətirilir, müasir beynəlxalq münasibətlərdə tətbiq edilən hərbi, siyasi və iqtisadi meyarlar əsasında böyük (ABŞ, Çin, Rusiya, Avropa İttifaqı) və regional güclər/dövlətlər (Türkiyə və İran) təsnif edilir. Həmçinin regionun siyasi-coğrafi və iqtisadi-coğrafi əhəmiyyətinə dair mövcud olan tarixi “Turkestan”, “Heartland” və “Lebensraum” nəzəriyyələrinə diqqət yetirilir.

İkinci hissədə Qafqaz və Mərkəzi Asiya regionlarında Orta əsrlər və Yeni dövr tarixinə qısa ekskursiya edilir, bu zaman adıçəkilən regionların müxtəlif hissələrində türk mənşəli iri feodal dövlətlərinin hökmranlıq etdiyi, lakin feodal parçalanmaları nəticəsində onların tarix səhnəsindən silindiyi, yerində isə zəif və kiçik, bir-biri ilə aramsız mübarizə aparan çoxsaylı feodal dövlətlərinin yarandığı, nəticədə isə güc boşluğunun meydana gəldiyi qeyd edilir. Yaranmış güc boşluğunun doldurulması uğrunda imperialist qüvvələrin, xüsusilə çar Rusiyası ilə Böyük Britaniyanın XIX əsri əhatə edən gərgin hərbi-siyasi mübarizəyə və mürəkkəb diplomatik oyunlara (Great Game) girişdikləri oxucuların diqqətinə çatdırılır.

Üçüncü hissədə yuxarıda qeyd edilən böyük güclərin region ölkələrinə münasibətdə siyasi və iqtisadi maraqları, habelə bu maraqların təmin olunması üçün tətbiq edilən üsul və vasitələr ətraflı təhlil edilir. Bu zaman böyük və regional güclərin/dövlətlərin Azərbaycana münasibətdə həyatda keçirdikləri siyasət diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, kitab alman dilində işıq üzü görməsinə baxmayaraq, anqlo-sakson məkanın elmi dairələrində də maraqla qarşılanıb, bu səbəbdən BŞ-ın Konqres Kitabxanasının (https://lccn.loc.gov/2010451002), habelə Harvard (http://id.lib.harvard.edu/alma/990127706270203941/catalog) və Kembric (https://idiscover.lib.cam.ac.uk/permalink/f/6hgl01/44CAM_ALMA21388245630003606) universitetlərinin kitabxana kataloqlarına daxil edilib.

Rauf Cəfərov Bakı Dövlət Universiteti (BDU) və Ayxştet Universitetində (AFR) beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb, Ziqen Universitetində (AFR) Rusiya-Azərbaycan münasibətlərinin tarixinə dair doktorluq dissertasiyasını müdafiə edib, Almaniya Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasının məzunudur. O, Almaniyanın müxtəlif ali təhsil ocaqları və elmi-tədqiqat institutlarında Dağlıq Qarabağ münaqişəsinin tarixi təhlili də daxil olmaqla, Qafqaz regionunun keçmişinə və müasir dövrünə dair həyata keçirilmiş elmi tədqiqat layihələrində iştirak edib. Rauf Cəfərov qeyd edilən mövzularda monoqrafiya və məqalələrin müəllifidir.