\
25 Sentyabr 2020 - Cümə

Dövlət Gömrük Komitəsi yayılan xəbərlərə aydınlıq gətirdi - RƏSMİ - FOTOLAR

Dövlət Gömrük Komitəsi yayılan xəbərlərə aydınlıq gətirdi - RƏSMİ - FOTOLAR
1370baxış

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov ötən gün DGK-lə bağlı yayılan xəbərlər haqda Mediapress.az-ın sorğusuna açıqlama verib. 

"Ötən gün bəzi kütləvi informasiya vasitələrində Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində karantin qaydalarının kobud şəkildə pozulduğu və bu qaydaların pozulmasında idarə əməkdaşlarını günahlandıran yazılar dərc olunub. Eləcə də guya avtomobil idxalı ilə məşğul olan sahibkarlara dolayı gömrük təmsilçiliyini həyata keçirən şirkətlərlə əməkdaşlıq etməmələri üçün qeyri-rəsmi göstəriş verildiyi iddia edilən, həqiqətəuyğun olmayan məlumatlar yayımlanıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, qapalı məkanlarda yoluxma riskinin daha yüksək olduğu nəzərə alınaraq vətəndaşlara sosial məsafəyə riayət etməklə binanın kənarında dayanmaları, növbə ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olmaları və rəsmiləşdirmə proseslərini həyata keçirilmələri tövsiyə olunur. Buna baxmayaraq, yenə də bəzi sahibkarlar verilən tövsiyələrə əməl etməyərək məsuliyyətsiz davranırlar. Məlum yazıda guya avtomobil idxalı ilə məşğul olan sahibkarlara dolayı gömrük təmsilçiliyini həyata keçirən şirkətlərlə əməkdaşlıq etməmələri üçün qeyri-rəsmi göstəriş verilməsi, hətta səsgücləndiricilərlə elan edilməsi iddiası isə gülüncdür. Tamamilə yalan və əsassız olan bu məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur. İdxal-ixrac əməliyyatlarını həyata keçirən hüquqi və fiziki şəxslər istənilən dolayı gömrük təmsilçiliyi ilə məşğul olan şirkətlərlə əməkdaşlıq etməkdə sərbəstdirlər və bu onların hüququdur. Dövlət Gömrük Komitəsi bir daha bütün media qurumlarını məlumat yayımlayarkən diqqətli olmağa, həqiqətə uyğun olmayan, rəsmi təsdiqini tapmayan iddiaları dərc etməməyə çağırır."

Xatırladaq ki, KİV-də Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində karantin qaydaları kobud şəkildə pozulması ilə bağlı məlumat yer alıb.

Məlumata görə,  bu proses idarə əməkdaşlarının gözü qarşısında baş verib.

Məlum olub ki, təhlükəli sıxlığın iştirakçıları idxalçılar (avtomobil gətirənlər, maşın ticarəti ilə məşqul olanlar) və onların hüquqi təmsilçiləridir. Karantin qaydalarının kobud şəkildə pozularaq kütləvi toplaşmanın səbəbi isə gömrük əməkdaşlarının təzyiqi və tələbi əsasında baş verib. Gömrük əməkdaşları öz güc və resurslarından təzyiq vasitəsi kimi istifadə edərək idxalçıları məcburi qaydada bu vəziyyəti yaşamağa vadar edirlər.