\
19 Mart 2024 - Çərşənbə axşamı

Diyarbəkirli anaların oturaq aksiyasına daha bir ailə qoşuldu

Diyarbəkirli anaların oturaq aksiyasına daha bir ailə qoşuldu
1837baxış

Diyarbəkirli anaların dağa qaçırılan övladlarına qovuşmaq ümidi ilə HDP rayon təşkilatının binası qarşısında təşkil edilən etiraz aksiyasına daha bir ailə qoşulub. 

Mediapress.az xəbər verir ki, övladlarının dağa qaçırılmasında HDP-ni günahlandıran Diyarbəkirli anaların etiraz aksiyasına Adanadan qızı Sıla üçün gələn ana Hanife Akyüz də qatılıb.

2014-cü ildə 16 yaşında ikən qızının aldadılaraq dağa qaçırıldığını bildirən Akyüz İstanbula qohumlarını ziyarətə getdiklərini, qızının “bazara gedirəm” deyərək evdən çıxdığını və bir daha geri qayıtmadığını deyib.

Qızından xəbər tuta bilmədiyi zaman HDP Bəyoğlu rayon təşkilat binasına getdiyini deyən Akyüz, “Dedilər ki, bizdə belə bir adam yoxdur. Evə gəldikdən bir neçə həftə sonra bəzi adamlar qapıya gələrək “Narahat olma, qızın bizdə, lazımi yerə çatıb” dedilər. Onlara dərhal etiraz edərək hücum etdim. Necə olur ki əvvəl gedəndə “qızın bizdə deyil” indi də gəlib mənə lazımi yerə çatıb deyirsiniz. Etiraz edən zaman o dəqiqə qaçıb getdilər. Sən demə qızım Diyarbəkirə gəlibmiş. Diyarbakır rayon təşkilatı binasına gəldim, qızımı göstərmədilər, “səni görmək istəmir”dedilər”, – deyə bildirib.

Akyüz illərdir qızından xəbər tutmadığını, qızının oxuması və bir peşə sahibi olması üçün hər cür fədakarlıq etdiyini, ancaq övladının əlindən alınaraq dağa qaçırıldığını bildirib.

Ana sözlərinə belə davam edib: “Qızımın həyatı ilə oynadılar, onun da gələcəyi var idi. Ananın ürəyini yandırmaq kürdlük deyil. Mən də kürdəm, amma heç kimin ürəyini yandırmıram. Ürəyimi yandırdılar, onlar da Allahdan görsün. Niyə öz övladlarını göndərmirlər? Öz övladlarını universitetlərdə oxudurlar. Bu cür anaları ağlatmağa nə haqqınız var?”.

Akyüz Diyarbəkirli anaların etiraz aksiyasını televiziyada gördüyünü və körpəsinin xəstəliyi səbəbindən əvvəlcədən iştirak edə bilmədiyini və səsini qızına eşitdirmək üçün aksiyada iştirak etdiyini bildirib.

Çox sevdiyi qızına qayıtması üçün çağırış edən Akyüz qızı üçün sonuna qədər oturaq aksiyaya davam edəcəyini deyib.