\
19 Yanvar 2021 - Çərşənbə axşamı

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
1245baxış

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür.

Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan edib.

Bununla da, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd edilməsinə başlanılıb...

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib.  Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Bu gün Azərbaycan diasporu üçün xüsusilə mühüm bayrama çevrilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Bu il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən Müharibəsinə qalxıb. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər həm də xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində, milli həmrəyliyimiz nəticəsində əldə edilib.

Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri də Qələbəmizə layiqli töhfə olub...