\
18 Yanvar 2021 - Bazar ertəsi

Balaxanı Sənaye Parkında daha 3 rezident istehsala başlayacaq

Balaxanı Sənaye Parkında daha 3 rezident istehsala başlayacaq
1110baxış

2017-ci ildən fəaliyyət göstərən Balaxanı Sənaye Parkının hazırda 19 rezidenti var.

Bu barədə Mediapress.az”ın sorğusunun cavabında Balaxanı Sənaye Parkından bildirilib.

Qeyd edilib ki, onlardan işlənmiş mühərrik yağlarının təkrar emalı, PET butulkaların emalından qırıntıların istehsalı, tullantı plastik məmulatların və tullantı kağızlarının təkrar emalı, süngər tullantılarının təkrar emalı, mebel istehsalı, tullantı kağızlardan çap-poliqrafiya məhsullarının istehsalı, işlənmiş qida yağlarının təkrar emalından biodizel üçün xammal istehsalı, qida tullantılarından yem istehsalı, yapışqan lent istehsalı, plastik tullantılarının təkrar emalı, qablaşdırma və etiketləmə, maqnezium oksid panellərin istehsalı, avadanlıq, dəzgah bərpası (regenerasiyası) xidməti, plastik məmulatlardan qapı və arakəsmə istehsalı, işlənmiş yağların emalı, kraft kağızdan çanta istehsalı ilə məşğul olan 16 rezident artıq fəaliyyət göstərir.

“Yaxın zamanlarda fəaliyyətə başlayacaq daha 3 rezident isə ağac-taxta tullantılarının emalı, kömür istehsalı, avtomobil şinlərin emalı və tullantı taxtalardan pallet və taxta unu istehsalı, tullantı avtomobil şinlərinin piroliz üsulu ilə emalından yanacaq istehsalı ilə məşğul olacaqlar”, - açıqlamada deyilir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində ölkədə təkrar istehsalı inkişaf etdirmək üçün əsas vasitələrdən olan Balaxanı Sənaye Parkının yaradılması qərara alınıb. 9 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfində Balaxanı Sənaye Parkının təməli qoyulub.